Modern.az

İt bazarı

İt bazarı

کشور

27 Avqust 2012, 19:11

Dünən səhər işə gələrkən “Təzə bazar” deyilən ərazidə tıxaca düşəndə əvvəl narahatlıq keçirdim ki, axı bazar günü bu nə basabasdır. Ancaq elə ki, qarşıdakı izdihamın içərisindən bir küçük “hamm” eləyib tıxacın səbəbinə insanlardan da operativ özünəməxsus şəkildə aydınlıq gətirdi,  anladım ki, tünlüyə səbəb hansısa çətin doğulmuş ərköyün papa uşağının avtoşluğu yox, it bazarındakı qələbəlikmiş.
Görməyənlər bilməz, eşitməyənlər inanmaz, bazar nə bazar, satıcılar sanki yaxın qohumunun ad günündə geyinirmiş kimi bəzənib küçüyünə müştəri axtarır. Qərəz, bu ürəkbulandıran səhnə ovqatımı lap təlx elədi və dilxor şəkildə oranı tərk edərkən düşündüm ki, ümummilli bəlalarımızın nələrdən qaynaqlandığının səbəblərinə aydınlıq gətirməkdə çətinlik çəkənlər məhz həmin it bazarında yaşananları müşahidə etməklə bir çox sualların cavabını tapmış olar...


Allah sənə qəni – qəni rəhmət eləsin, Məmməd Araz! “İti bazarında atından baha, mən belə dünyanın nəyindən küsüm” deyərək bu zalım dünyada yaşamaqdan bezdi. Ancaq mən onun qədər təvazökar deyiləm və iti bazarında atından baha, bayquşların bülbüllərə, çaqqalların şirlərə meydan oxuduğu, nərlərin ovsarının ulaqların quyruqlarına bağlandığı bu namərd dünyanın çox şeyindən küsürəm. Daha doğrusu, dünyanın özü boyda dərd – sərini çəkəcək halım yox, mənim davam öz dünyamızla, özümüzünkülərlədir. Zalım uşağı, başınıza əyləncə qəhətdirmi, it bazarında nə ölümünüz var? Çoxlarınız valideynlərinizin sağlığında üzünə belə baxmamısınız, min bir nəvazişlə öpüb sığalladığınız, gündə beş dəfə bahalı şampunlarla çimizdirib, başını daradığınız o özünüzə oxşayan küçükləriniz qədər onlara qayğı göstərməmisiniz, ata – ananız haqq dünyasına qovuşandan sonra isə əksəriyyətinizin nəinki onların ruhuna “Yasin” oxutdurmaq, heç gedib ot basmış qəbirlərinin ətrafını təmizləmək, ildə bircə dəfə ayaqüstü ziyarət etmək belə yadınıza düşməyib. Bu mənəviyyatla hara gedirsiniz?

Dərdimi bir dostuma danışıb ürəyimdən daş kimi asılmış o izaholunmaz ağırlığı qismən də olsa yüngülləşdirmək istədim. Eşitdiyim ilk söz bu oldu ki, yazıb oğrunun yadına daş salma, yoxsa it bazarını da monopoliyaya alacaqlar, küçük – müçüyün qiyməti bananınkı kimi real maya dəyərindən beşqat bahalaşacaq. Ancaq onun xəbərdarlığına əhəmiyyət verən kimdir, yazmasaydım, mən də olardım o lənətlənmiş bazarda it boğuşduranların tayı...

Axı mən belə dünyadan niyə küsməyim ki, 20 faiz torpağımız bizdən olub üzümüzə ağ olan kirvələrimizin, 80 faizi bizdən olub bizə qənim kəsilən sapı özümüzdən olan baltaların ayaqları altında inlədiyi, bunca problemlər məngənəsində çabaladığımız bir vaxtda bu cür düşük və anlamsız addımlarla rastlaşırıq.
Yəqin çoxlarınız rastlaşmısınız bu cür etiraflarla: əvvəl deyilir ki, bu dünyanın xarabı çıxıb, sonra da qayıdırlar ki, yox ey, dünya həmin dünyadı, insanların zayı çıxıb. Bəli, insanlarımızın zayı çıxıb. Sürətlə cılızlaşma, manqurtlaşma prosesi gedir. Qutsal hesab etdiyimiz hər şeyimizi yavaş – yavaş fərqinə belə varmadan yelə veririk. Sonumuz necə olacaq? “Dədə Qorqud” filmində Qazan xanın dediyi kimi, dunları düşünüb, daşınıb özümə dərd edirəm, bağrımın başı yanır, ruhum sacdakı qovurğadan betər halətə düşür. “Nə vaxtacan” sualına da cavab tapmaq mümkünsüz, ovunduracaq təsəlli – filan da yox, nə qənşərdə, nə üfüqdə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı