(İçsəs)
İnsan – Ruhdur.
***
İnsanilik – Ruhanilikdir.
***
Dünyanın, Həyatın, İnsanın Mənası – birdir.
***
İnsandakı Məna – Ruhdur, ona görə insan – ruhani varlıqdır.
***
Ruh – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir.
***
İnsan – ruh-bədən birliyi və qarşıdurmasıdır.
***
Diri, yaşayan insandan qıraqda – ruh yoxdur.
***
Dünyadakı bütün varlıqlar mahiyyət və gerçəklik biçimində mövcuddurlar.
***
Mahiyyətsiz heç bir gerçəkilk, gerçəkliksiz heç bir mahiyyət yoxdur.
***
İnsan ruh-bədən birliyi biçimində yaranır.
***
İnsan ruh-bədən birliyi biçimində yaşayır.
***
Ruh-bədən birliyi pozulanda – insan ölür.
***
Ölüm – ruh-bədən birliyinin pozulmasıdır.
***
İnsanın gerçəkliyi – bədən, insanın mahiyyətindən – ruhundan ayrılanda ölüm baş verir.
***
Ruh – bədəndə gerçəkləşir, de gəl, bədənin imkanları tükənəndə o, daha ruhu ifadə edə bilmir – ölür.
***
Bədənin imkanları ruhun imkanlarından qat-qat aşağıdır. Bu üzdən də bədənin ölməsiylə insandakı bütün ruhani imkanlar da ölür, torpağa gömülür.
***
Ölən bədən – həm də ölən, gerçəkləşməyən inam, idrak, mənəviyyat, iradə imkanıdır.
***
Ölən bədən – həm də dünyaya, yaşama, insana sevginin, inamın ölməsi, yarıda qalmasıdır.
***
Ölən bədən – həm də ölən ali insani duyğular, gözəl insani ilişkilər, baş tutmayan, gerçəkləşməyən sonsuz istəklərdir.
***
Pozulmayan ruh-bədən, mahiyyət-gerçəklik birliyi – yoxdur.
***
Ölüm – ruh-bədən birliyini pozur, bununla yaşamı yeniləyir.
***
Ruh-bədən birliyinin pozulmasından ölüm mənasızlığı yaranmır, Mənanın yenidən gerçəkləşməsi baş verir.
***
Əbədi birlik – yoxdur; Dağılmayan birlik – yoxdur; Yenilənməyən birlik – yoxdur.
***
Ruh – bədənlidir, bədən – ruhludur.
***
Bədənin işi – ruhu yaşatmaqdır.
***
Ruhun işi – insanı mahiyyətə yetirmək, onu var etməkdir.
***
İnsanın ən böyük faciəsi – ruhaniliyini unutması və özünü yalnız bədən olaraq tanımasıdır.
***
Bəşəriyyət yaranışdan dəhşətli ruhani aclıq, yoxsulluq içindədir.
***
İnsan ruhunun ən ali yeməyi, qidası – Həqiqətdir.
***
İnsan yaşamında, ictimai çevrədə, toplumda Məna qıtlığı baş alıb gedir – mənasızlıq məna kimi bilinir.
***
İnsan tarixən daha çox keyfiyyətsiz ruhaniyyatla qidalanıb, ona görə ruhsuzluq quyusuna düşüb, ruhsuzluq bəşəri ölümcül duruma salıb.
***
Sənətin ruhani mənası tükənir, yoxa çıxır, ona görə ki, sənət mahiyyətindən uzaqlaşır, insanlığa qarşı çevrilir.
***
Dinlər ruhaniyyatı ehkamdan asılı edirlər, bu üzdən də ruhaniyyat yenilənmir, yerində sayır, insanların ruhani tələbatını ödəyə bilmir.
***
Bəşərin maddi sərvətlərinin tükənməsi – ruhaniyyatın tükənməsi, gəlişməməsiylə bağlıdır.
***
İnsan daha çox ruhaniyyat acıdır, onun bu aclığı aradan qaldırılmasa – bəşəriyyət öləcək.