
Seçkilərə sayılı günlər qaldıqca Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyevin Milli Şuraya qarşı sərgilədiyi “düşmənçilik” mövqeyi diqqətdən yayınmır. Okeanın o tayında oturub Azərbaycanda cərəyan edən siyasi proseslərə müdaxilə edən eks-spiker gah Cəmil Həsənlinin namizədliyinə qarşı çıxır, gah da düşərgədə təmsil olunan müxalifət liderlərinə meydan oxuyaraq, onlar haqda ağır ifadələr səsləndirir.
R.Quliyevin AXCP, Müsavat kimi ana müxalifət partiyalarını özünə hədəf seçdiyi açıq-aşkar görünür. Eks-spiker İsa Qəmbər-Lalə Şövkət davasında da liberalların yanında olduğunu bəyan etdi.
R.Quliyevin müxalifətə müxalif mövqeyi Milli Şura üzvlərində narazılıq yaradıb. Eks-spikerin hiddətləndirdiyi müxalifətçilər onun Milli Şuradan çıxarılmasını istəyirlər. Hətta Milli Şuranın yaxın günlərdə keçirilməsi nəzərdə tutulan toplantısında bu məsələnin qapalı müzakirə ediləcəyi gözlənilir.
R.Quliyevin çıxışlarına etiraz edənlərdən biri də Müsavat başqanının müavini Gülağa Aslanlıdır. İsa Qəmbərin müavini hesab edir ki, Rəsul Quliyev indiki durumda Milli Şuraya ancaq ziyan vurmaqla məşğuldur.
G.Aslanlı Modern.az saytına açıqlamasında Rəsul Quliyevin Milli Şuradan çıxarılmasının ümumi qərar əsasında mümkün ola biləcəyini deyib.
“Rəsul Quliyev Azərbaycanın siyasi aləmindən bixəbər olduğunu nümayiş etdirir. Hesab edirəm ki, bundan sonra Rəsul Quliyevin fikirlərinə münasibət bildirmək lazım deyil. O, bu cür fikirlərlə Milli Şuranın işinə ancaq ziyan verə bilər.
Rəsul Quliyev indi guya məni tanımadığını deyir. 2005-ci ildə onun namizədliyinin təsdiq olunması üçün mən də kifayət qədər köməklik göstərmişəm.
Amma Rəsul Quliyevin Milli Şurada olub-olmamağı mənim istəyimdən asılı deyil, bu razılaşdırılmış yolla qəbul olunmuş qərardır”.
Anar RÜSTƏMOV