Modern.az

Unudulan Xankəndi, Bakılı xankəndlilər - ARAŞDIRMA

Unudulan Xankəndi, Bakılı xankəndlilər - ARAŞDIRMA

Country

2 Oktyabr 2013, 10:19

Ermənistan tərəfindən işğal olunan bölgələrimizin inzibati və icra strukturları fəaliyyət göstrəsə də, Xankəndi bu məsələdə istisnadır. Sanki Xankəndi şəhərinin statusu qeyri-müəyyəndir. Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi Ermənistan silahlı qüvvələri tərəfindən 20 il əvvəl işğal olunub. Bu illər ərizində ermənilər şəhəri separatçı rejimin “paytaxtı” elan etməklə ona status verməyə cəhd ediblər.

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi var. Hazırda Ermənistanın nəzarəti altındadır. Hazırda 122 saylı Xankəndi seçki dairəsini fəaliyyət göstərir. Dairənin tərkibində Xankəndi şəhəri, Kərkicahan yaşayış məntəqələri daxildir. 2010-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 122 saylı Xankəndi seçki dairəsindən Flora Qasımova millət vəkili seçilib.

Xankəndi Azərbaycan parlamentində bir deputatla təmsil olunsa da, şəhərin idarə edilməsi üçün vacib olan digər inzibati və icra strukturlarına malik deyil. Bu isə bir sıra suallar yaradır. Modern.az Xankəndi şəhərinin hansı status daşıması ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, şəhər indiyə qədər Azərbaycanın Respublika tabeliyində olan şəhər statusunu saxlayır. “Xankəndi şəhəri respublika tabeli şəhərlər kateqoriyasına aiddir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri İdrak Qarayev deyib.

İdrak Qarayevin sözlərinə görə, Xankəndi 1991-ci ildən sonra şəhər kateqoriyasına aid edilib. “Xankəndi sovet hakimiyəti dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi idi.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Xankəndi respublika tabeli şəhərlər kateqoriyasına aid edildi”-deyə o vurğulayıb.

İ.Qarayev bildirib ki, rayon inzibati bölgüsü ilə bağlı hansısa bir orqanın yaradılması, onların fəaliyyəti prezidentin sərəncamı ilə yerinə yetirilir. “Qanunvericilikdə də icra hakimiyyətinin formalaşdırlmasını prezident administrasiyası müəyyən edir. Hansı səbəbdən icra hakimiyyəti var, ya yoxdu, kim onun funksiyasını həyata keçirir, o məlumat bizdə deyil. Bizdə reysterdə yeganə məlumat odur ki Azərbaycan Respublikasının müstəqil olan 10 şəhəri var. O şəhərlərdən biri də Xankəndi şəhəridir”-deyə qeyd edib.

İşğalından 20 ildən artıq zaman keçsə də bu günə qədər Xankəndi şəhərinə aid dövlət strukturlarının olmaması, hətta bu şəhərə aid ali təhsil müəssisələrinin yoxa çıxması xeyli suallar doğurur. Azərbaycan üçün Laçın, yaxud digər işğal olunmuş bölgələrlə Xankəndinin heç bir fərqi yoxdur. Adlarını çəkdiyimiz bölgələr Azərbaycanın tarixi əraziləridir. Bu məsələdə daha ciddi bir məqam Xankəndi sakinlərinin digər məcburi köçkün rayonların sakinlərindən fərqli olaraq hələ 1991-ci ildən Bakıda daimi qeydiyyatlarına icazə verilməsidir. Görəsən bu addım nəyə xidmət edir? Əcəba Xankəndi kimi xankəndlilər də unutdurulurmu...

Mövzuya qayıdacağıq.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı