Modern.az

48 yaşın astanası

48 yaşın astanası

Ölkə

15 Oktyabr 2013, 17:37

(ESSE)

Qurban bayramı ilə üst-üstə düşən 48 yaşın astanasında yazmaq istədiklərim ömür yolumun bəzi fraqmentləri və düşüncələrimdə dəyişikliklərin səbəbləri ilə bağlı olacaq. Ustad Məmməd Arazın söylədiyi gözəllikdə “Bu da belə bir ömürdü, yaşadım” demirəm, hər dəfə rahatlıqla və sadəcə “Bu ömrü yaşadım!” deyirəm.

Həyatın bütün sınaqları içində bəlkə də ən rəngarəngini görən az sayda insanlardan biri olduğumu düşünürəm. Maraqlı orta məktəb mühiti, əsgərlik, fəhləlik, tələbəlik, dövlət vəzifəsi, müəllimlik, sürgün, mühacirət, həbsxana, yenidən əsgərlik, deputatlıq... Və hamısının içində dəyişən, özünü hər an yeniləşdirmək istəyən bir insan... Ən əsası da hər zaman hesab verəcəyim mənəvi məqamı düşünərək yaşadım. İnsanın bütün hesabat məqamının başında heç şübhəsiz ki, axirət hesabı gəlir. Kimin nə deyəcəyi deyil, Yaradanın təqdirini qazanmağı düşünərək bir ömür yaşamalı və insanlara faydalı olmalısan. İkincisi, özümə yaşanan hər günün hesabını verməyi öyrətdim. Anladım ki, görüşlərini, düşüncələrini, davranışlarını bəyənənlər də, söyənlər də olacaq. Ancaq ən obyektiv təhlilçi özünsən və bütün davranışların səbəb-nəticə əlaqələrini başqalarından fərqli olaraq, daha dəqiq bilmə imkanına sahibsən. Buna görə də öz niyyətimin dürüstlüyünə inandığım anlarda heç vaxt axına qarşı getmə cəsarətimi itirmədim.

Prinsipimi illər sonrası daha dəqiq cilaladım. Daha düzü, üç mərhələli bir düşüncə pilləsini adlayası oldum. Əvvəllər hər addımımızın bir son niyyəti vardı: “Xalqa xidmət etmək, Xalqa hesab vermək!” Bu o zaman idi ki, Azərbaycanın istiqlalını missiya olaraq öz üzərimizə götürdüyümüzü düşünərək, Xalq üçün çox məhrumiyyətləri göz önünə alacağımıza inanmışdıq. Dünən və bu gün ziddiyyətli görünən xarakterimin tanıtımı üçün 20 yaşında yazdığım şeirə baxmaq yetərlidir, məncə. O vaxt adını unutduğum fransız mütəfəkkirlərindən birinin sözünü də başlığa çıxarmışdım: “Kim 20 yaşında üsyan etmir, ürəyi yoxdur, kim 40 yaşında üsyan edir, ağlı yoxdur”.

Öz yolumu adladım mən -
İyirmi yaşım, üsyan elə!
Ürəyimi odladım mən,
İyirmi yaşım üsyan elə!

Gözləyimmi qalxım olsun? 
Qırx yaşında ağlım olsun.
Allah, bu gün axırım olsun -
İyirmi yaşım üsyan elə!

Üz-üzədir ağıl, ürək
Ağılamı baxır ürək?!
Od götürüb yanır ürək -
İyirmi yaşım, üsyan elə!

Dərd düyünü başabaşdır
Əl qandalsa, baş, o başdır!
Oyan, ürək, baş, obaşdır -
İyirmi yaşım, üsyan elə!

Buz ürəkdə qorxu ölsün,
Belə ömrün qırxı ölsün,
Anamın Mən oğlu ölsün -
İyirmi yaşım, üsyan elə!

20 yaşlı fanatik bir idealistin qətiyyətli mövqeyi idi bu. 30 yaşın astanasında “İman dəyərləri olmayan insanın Xalq üçün fədakarlığı bəsit və dəyişkən bir emosional davranışı ehtiva edir və cəmiyyət üçün qalıcı dəyər yaratmır”, deyə özümlə müzakirə açdım. Artıq 15 il öncə “Azərbaycan türkünün İman davası”nı yazarkən “Xalqa deyil, Haqqa xidmət etmək və Haqqa hesab vermək!” sistemini həyatımın baş köşəsinə yerləşdirmiş oldum. Əslində Xalq deyilən içində varlığımızı tanıdığımız o möhtəşəm insan icması Haqq yolunda olursa, bu, həm də Xalqa xidmət demək olacaqdı.

Bəs əgər olmursa? O zaman tarixin qədim peyğəmbərləri kimi, ümidsizləşmədən nəyin uğrunda yaşadığını və çalışdığını bilirsən deyə, Yaradan qarşısında cavabdehlik duyğusu ilə yürüməyinə davam edirsən. Ona görə də 40 yaşı adlayandan sonra prinsipimizin cilalanmış son ifadəsini seçki platformamızın önünə, saytımızın başlığına təsadüfi olaraq çıxartmadıq: “Xidmət Xalqa, Hesab Haqqa!” Bu, illər boyunca cilalanan və sonda sabitləşən şüarımızdı. Bundan sonrakı məqamlarda buradakı prinsiplərin dəyişməyəcəyini düşünürəm. Çünki bu prinsiplərin dəyişməsi indiyədək dünyagörüşümüzün dəyişməsi ilə təqribən bərabər zaman müstəvisində baş vermişdir. Həmin dünyagörüşü və düşüncə dəyişiminə təkan verən məqam və vasitələri qısaca olaraq bu ardıcıllıqla sıralamaq olar:

Birincisi, heç şübhəsiz, İslam, onun praktik yaşamı və fəlsəfə üzərindən anlaşılması. İslam hər an ali bir məqam qarşısında cavabdehlik, dünya həyatının xeyirli əməl krediti qazanmaq üçün vaxt fürsəti olduğunu anlatdı. İnsanı oxuma və səbirlə, ağılla günün problemlərini çözmə xarakteri verdi.

İkinci vasitə Həzrəti Əlinin “orta yol” fəlsəfəsindən qaynaqlanmış oldu: “Biz elə bir yoldayıq ki, irəlidə gedənlər bizi gözləməyə, geridə qalanlar bizə yetişməyə çalışacaqlar”. Və zamanı tələsdirməkdən və keçmişdə oyalanmaqdan uzaqlaşdıq.

Üçüncü vasitə Yunus məktəbindən gəldi: “Bilməyən nə bilsin bizi, Bilənlərə Salam olsun!” Bilməyənlərə düşmən kəsilmədik, nifrət etmədik, sadəcə, üzüldük, bilənləri isə qəlb işığı ilə tapıb salamladıq.

Dördüncü vasitə olaraq gördüyüm Amerika filosofu Ayn Randın insanı hər şeyin üzərində görən Obyektivçi fəlsəfəsi məni inandırdı ki, insanı heç vaxt ideologiyaya qurban vermək olmaz. Bu, xüsusilə bizim siyasət fəlsəfəmizi kökündən dəyişdirdi və tərəfdarların məhrumiyyətləri üzərində siyasət səltənəti qurmaq anlayışından uzaqlaşdırdı. İrreal hədəflərlə tərəfdarların duyğularını istismar etmək yerinə, aşıla biləcək hədləri addım-addım aşmağı təlqin etdik. Buna da mərhum müəllimimiz və liderimiz Elçibəyin sevdiyi şerin məzmununu dəyişərək başladıq:

Orda bir yol var uzaqda -
O yol bizim yolumuzdu!
Dönməsək də, varmasaq da -
O yol bizim yolumuzdu!

Mən artıq öz siyasi hədəflərimi bu düzəlişlə müəyyənləşdirdim:

Burda bir yol var yaxında -
Bu yol bizim yolumuzdur!
Dönəcəyik, varacağıq -
Bu yol bizim yolumuzdur!

Artıq qətiləşdirdim ki, dönməyəcəyimiz, varmayacağımız uzaq bir yolu siyasət düşüncəmizdən tamamilə çıxarmağı bacarmalıyıq.

Beşinci vasitə isə böyük filosof-yazar Stefan Sveyqin üzləşdirdiyi Rotterdamlı Erazm və Martin Lüter dünyagörüşlərinin müzakirəsi ilə tapıldı. Bu zaman bir daha təsdiqlədim ki, Erazmçılıq ağıl, Lüterçilik ehtirasdır; Erazm bəşərin dini, Lüter inanc fanatizmini təmsil edir; Erazm insansevərliyi, Lüter millətsevərliyi təlqin edir. Onların toqquşması çoxtərəfliliklə birtərəflilik, elastikliklə donuqluq, su ilə alov kimi vəhdətsizlik yarada bilir.

Demək ki, dəyişimin əsasında bütün hallarda kitab dururdu: Biri səma kitabı, digərləri bəşər kitabı. Bu səbəbdən də 20 yaşla 40 yaşın dünyagörüşü dəyişimini öz həyatımda anbaan yaşadığımı düşünürəm. Bu, Lüterçilikdən Erazmçılığa, fanatizmdən soyuq mühakimə ilə alınan qərara keçid prosesi kimi də anlaşıla bilər. Ona görə də 20 yaşda üsyan etmək istəyən bir adam 40 yaşda daha mötədil bir yol izləməyi seçdi.

Fəlsəfəçilikdən bir az da duyğusallığa keçim. XX yüzildə Qarabağı itirdim. Bu, 48 yaşımın ən təsəlliyə yeri olmayan bir itkisidir. Çünki Qarabağ itirilməzdən öncə siyasət dünyasında kiçik də olsa, bir təsir imkanım olduğunu anlayır və bu imkanı hansısa məqamda doğru-dürüst fədakarlıqla istifadə etmədiyimi düşünürəm.

XXI yüzildə dünyasını dəyişmiş üç insana görə sevgi ilə ağlamışam, 48 yaşın astanasında bunu da xatırladım. Ancaq onları bu günə qədər də içimdə dəfn etməmişəm: Əbülfəz bəyi, oğlumu, atamı. Ancaq Qarabağı dəfn etmişəm. Çünki onu erməninin, rusun öldürdüyünü düşünməmişəm heç vaxt. “Bizim biganəliyimiz, səfehliyimiz, ərdəmsizliyimiz, ağılsızlığımız, imansızlığımız öldürüb Qarabağı”, - deyə düşünmüşəm və düşünürəm də...

48 ildə sevdiyim insanlar da çox olub, dəyərlər də. Ən birinci dəyərim sadə və səmimi rahatlıq tapdığım unvandır - ailəmdir. Bunu hər zaman həmd və şükür etdiyim Allahın mənə bəxş etdiyi ən əvəzsiz nemət sayıram. Ona görə də günlük dualarımın içində ən çox təkrarladığım da budur: Allah ailəmin qarşısında məni utandırmasın! Fədakar anam, qardaş-bacılarım, onların ev əhli, dostlarım ayrı-ayrı sevdiyim əziz insanlardır. Az sayda da olsa, üzünü gördüyüm və ya görmədiyim insan-dəyərlər var və onları bu günün də, dünənin də həmsöhbətləri kimi rahatlıqla anlaya bilirəm - Mirzə Cəlildir, Məhəmməd Əmin bəydir, Nuru Paşadır, Xudu müəllimdir, Əbülfəz bəydir. Ancaq ən çox özümü borclu hiss etdiyim, halallıq almağı hər an arzuladığım insan heç şübhəsiz ki, dövlətimizin qurucusu, millətimizin qurtarıcısı Nuru Paşadır. Onun ruhuna sayğısızlığı, Onu tanımazlığı görəndə, duyanda xalqım adına, dövlətim adına, sadəcə, utanıram.

48 yaşın astanası... Dostlardan biri söylədi ki, sənin haqqında düşündüklərimi yazmaq istəyirəm - Doğum günün üçün. Yazma, dedim. Özüm 48 yaşı bəhanə edib düşünmək üçün bir esse yazacağam. Mən indi artıq çox, çox realist adamam. Ona görə də bu kiçik essenin sonunda arzumu yox, inamımı bildirəcəyəm. Bu, bizim düşündüyümüz Azərbaycan deyil. Hamımızın maddi və mənəvi rahatlıqla yaşayacağımız Azərbaycanı, inşallah, görəcəyik. Mən o Azərbaycanın rəsmini beynimdə artıq çəkmişəm. Keçmişdə qalanları dəyişə bilməyəcəksiniz, tələsib irəli şığıyanları da geri döndərmək çətin. Ancaq onların hamısı bizimkilərdir, həmvətənlərimizdir. Sadəcə, mühakiməsi, əxlaqı sağlam və doğru olan, yeniliyə açıq, səbirlə addımlamağı bacaran xoşgörülü insanların sayının artmasını gözləmək lazım. Biz gələcəyimizi Narazı İnsanla deyil, Səbirli və Şükürlü insanla quracağıq. Narazı İnsan öz acı durumunun səbəbini başqasında axtarır, Səbirli və Şükürlü İnsan bunu öz natamamlığı ilə əlaqələndirir və dəyişimə birinci özündən başlayır. Əminəm ki, Allahın köməyi ilə biz öz istədiyimiz Azərbaycana mütləq DÖNƏCƏYİK, VARACAĞIQ!

BU YOL BİZİM YOLUMUZDUR!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı