Bütün dünyada 13 rəqəmi uğursuz və nəhs rəqəm kimi bilinir. Belə qeyd olunur ki, həmin rəqəmin hakim olduğu hadisələr bir o qədər də yaxşı nəticə olə sonuclanmır.
İnsanlar binanın 13-cü mərtəbisindən ev almaq istəmir, vacib mələləri və ya tədbirləri ayın 13-də keçirməməyə çalışır və s.
Azərbaycanda da 13-ə nəhs rəqəm kimi yanaşılır. Məsələn, hətta Baş Dövlət Yol Polis İdarəsi 13-lə başlayan avtomobil nömrə nişanını heç bir rayona verməyib.12 rəqəmi ilə başlayan dövlət nömrə nişanı Biləsuvar rayonuna, 14 rəqəmi ilə başlayan dövlət nömrə nişanı isə Cəbrayıl rayonuna verilib.
Baş Dövlət Yol Polisi İdarəsi bunu onunla izah edib ki, əhalinin fikirlərini nəzərə alıb və 13 rəqəmiylə başlayan nömrə nişanını hansısa rayona verməklə o rayonun sakinləri arasında narazılıq yaratmaq istəməyib.
Maraqlıdı ki, Bakıda 13 nömrəli sərnişin marşrutu da fəaliyyət göstərmir. Bu barədə Modern.az saytına “Bakısərnişinnəqliyyat” MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov bildirib.
Samir Həsənovun sözlərinə görə, təxminən 10 il öncə Bakıda 13 nömrəli marşrut fəaliyyət göstərib. O zaman həmin marşrut dövlət qurumunun tabeliyində işləyib. Sonralar sərnişindaşıma sahəsində özəlləşdirmə aparılıb və heç bir özəl qurum 13 nömrəli marşrutu işlətmək istəməyib. Artıq 10 ildən çoxdur ki, 13 nömrəli marşrut işləmir.
“Həmin marşrutun əvvəllər hansı istiqamətdə işləməsi barədə isə heç bir məlumatımız yoxdur”.
Aytən Əliyeva