Modern.az

Azərbaycandan qaz alan dövlətlərin deputatları da əleyhimizə səs verdilər - ŞƏRH

Azərbaycandan qaz alan dövlətlərin deputatları da əleyhimizə səs verdilər - ŞƏRH

Analitika

25 Yanvar 2024, 16:20

Avropa Şurası Parlament Assambleyası ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdikləri qətnamə ədalətsizdir.

Modern.az-ın məlumatına görə, bunu siyasi ekspert Elxan Şahinoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qətnaməsinə münasibət bildirərkən deyib.

Qətnamənin səsverməsində Azərbaycanın əleyhinə 76, lehinə 10 deputat səs verib, 4 nəfər bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib.

“Mənim diqqətimi eyni zamanda səsvermə ilə bağlı başqa amillər də cəlb edib. Birincisi, Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var. Bu dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər.
 

İkincisi, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq. Biz 3 ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən Avropa dövlətləri ilə dostluq qrupları var. Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub onlarla izahat işi apardılarmı ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur, Strasburqda çıxış edən ukraynalı deputatın dili ilə desək bu, yalnız Rusiyanı sevindirəcək...”, - politoloq vurğulayıb.

E.Şahinoğlu xatırladıb ki, AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsvermədə isə cəmi 90 nəfər iştirak edib, bunun da 76-sı Azərbaycan əleyhinə səs verib.

“Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayaraq ya otellərində olub, ya da parlament içərisindəki kafedə vaxt öldürüblər. Əslində biz elə etməliyikdik ki, onlar parlamentin dəhlizində və ya kafedə vaxt öldürmək əvəzinə zala daxil olub Azərbaycanın lehinə səs verərdilər.

Əlbəttə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər. Buna seyrçi qalmaq əvəzinə müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok