Modern.az

İsrail və HƏMAS müharibəni dayandırır? - Çin hərəkətə keçdi

İsrail və HƏMAS müharibəni dayandırır? - Çin hərəkətə keçdi

26 Yanvar 2024, 09:12

İsrail və HƏMAS arasında on minlərlə insanın ölümünə səbəb olan toqquşma 4 aya yaxındır davam edir. Qərb, eləcə Yaxın Şərqdə yerləşən ərəb dövlətləri girov və məhbusların azad edilməsi, eləcə də döyüşlərin dayandırılması üçün tərəflərə təzyiq etməyə çalışır.

 

Modern.az Qərb mətbuatına, yerli mənbələrə, eləcə də rəsmi şəxslərə istinadən müharibə ilə bağlı ən son məlumatları diqqətə çatdırır.

 

İsrail və HƏMAS arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrail 1,400, HƏMAS isə bu həftə 26 minə yaxın itki olduğunu bildirib. Münaqişə Yaxın Şərqdə bir çox dövlətlərə də təsir edib. Yəməndəki Ənsar Allah (husilər) hərəkatı HƏMAS-a dəstək məqsədilə İsrailə gedən gəmilərə zərbələr endirib. ABŞ və Britaniya buna cavab olaraq Yəməndə hərəlatın mövqelərini hədəfə alıb.

 

Husilərin zərbələri Çini də narahat edir...

 

Husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları Asiya ilə Avropa arasında ticarəti yavaşladıb. Hücumlar dünya gəmi nəqliyyatının təqribən 15%-ni təşkil edən və Avropa ilə Asiya arasında mühüm kanal rolunu oynayan marşrut boyunca həyata keçirilir.

 

Dünyanın ən böyük daşıma şirkətlərindən olan "Maersk" və digər böyük gəmi şirkətləri yüzlərlə ticarət gəmisinə Qırmızı dənizdən uzaq durmağı, Afrika ətrafında dövrə vurmağı və ya gəmilərin təhlükəsizliyi təmin olunana qədər fasilə verməyi tapşırıb. Bank rəhbərləri böhranın inflyasiya təzyiqləri yarada biləcəyindən narahatdırlar. Məlumata görə, dekabrın əvvəlindən yükdaşıma tarifləri iki dəfədən çox artıb, sığorta mənbələri isə Qırmızı dəniz vasitəsilə daşınmalar üçün risklərin artığını deyir. Qeyd olunan yoldan ən çox istifadə edən dövlətlərdən biri də Çindir.

 

"Reuters" yazır ki, Çin rəsmiləri husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının qarşısını almaq üçün İrandan kömək istəyib. Bu məsələnin Çin və İran paytaxtlarında baş tutan son görüşlərdə müzakirə edildiyini bildirən mənbələr danışıqların nə vaxt keçirildiyi və kimin iştirak etdiyini açıqlamayıb. "Çin mahiyyət etibarı ilə deyir ki, "mənfəətlərimizə hər hansı şəkildə zərər vurularsa, bu, Tehranla işimizə təsir edəcək. Ona görə də husilərdən təmkin nümayiş etdirmələrini xahiş edin", - İrandakı mənbə deyib.

 

Qəzetlər yazır ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan yaxın günlərdə Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək. Onlar Qırmızı dənizdə husilərin gəmilərə hücumlarını müzakirə etməyi planlaşdırırlar. Çin Xarici İşlər Nazirliyi görüşün yanvarın 26-dan 29-dək Taylandda keçiriləcəyini təsdiqləyib.

 

Məlumata görə, Amerika rəsmiləri Çindən husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmilərə hücumlarına son qoymaq üçün İrana təzyiq göstərməsini istəyib. 

ABŞ baş kəşfiyyatçını Avropaya göndərir

 

ABŞ prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsü HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr üçün Avropaya göndərəcək. Səfərin dəqiq tarixi məlum olmasa da, gələn həftə baş tutacağı gözlənilir.

 

Məlumata görə, Börns İsrail və Misirdən olan həmkarları David Barnea və Abbas Kamel, həmçinin Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək. Məsləhətləşmələr çərçivəsində tərəflər Qəzza zolağında hərbi əməliyyatların dayandırılması imkanlarını müzakirə etməyi planlaşdırırlar.

 

HƏMAS hərəkatı İsrailin fələstinliləri azad etməsi müqabilində israilli məhbusları azad etməyə hazır olduğunu açıqlayıb.  Bu barədə HƏMAS lideri Usamə Həmdan danışıb. “İsrail düşməni məhbuslarımızı azad edərsə, HƏMAS onlar şən məhbuslarını azad edəcək. Biz vasitəçilərin təcavüzün dayandırılması və məhbusların dəyişdirilməsi ilə bağlı təkliflərinə çox ciddi yanaşırıq”, - deyə Həmdanı qeyd edib.

 

Qərb mətbuatı yazır ki, HƏMAS döyüşlərdə “əhəmiyyətli fasilə” əldə etmək istəyir. "Axios" portalı isə İsrailin HƏMAS-a hərbi əməliyyatları iki aylıq dayandırmağı təklif etdiyini bildirib. Bu müddət ərzində mülki qadın və uşaqlardan başlayaraq girovlar mərhələli şəkildə azad ediləcək.

Husilər "qara siyahıda"...

 

ABŞ Maliyyə Nazirliyi hisslərin  bir sıra liderlərinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Hərəkatın hərbi əməliyyatlarına cavabdeh olan “əsas liderləri” Amerikanın "qara siyahı"sına düşüb. Böyük Britaniya hakimiyyəti də oxşar sanksiyalar tətbiq edib.

 

Sanksiya siyahısına husilərin Müdafiə Nazirliyinin rəhbəri Məhəmməd əl-Atifi, dəniz qüvvələrinin komandanı Məhəmməd Fadl Əbd əl-Nəbi, sahil müdafiə qüvvələrinin rəhbəri Məhəmməd Əli əl-Qadir və satınalmaları idarə edən “hərəkatın nüfuzlu funksioneri” Məhəmməd Əhməd əl-Talibi daxil edilib.

 

Onların ABŞ-dakı bütün aktivləri dondurulacaq və onların ABŞ-a girişi də qadağan ediləcək.

 

Beynəlxalq Ədalət Məhkəməsinin İsrail qərarı
 

Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri cümə günü Cənubi Afrikanın İsrailə qarşı fövqəladə tədbirlər görülməsi ilə bağlı qərar verməlidir.

 

Məhkəmə qərarını təxminən bir saat davam edəcəyi gözlənilən iclasda verəcək. Hakimlər soyqırım iddialarının mahiyyəti ilə bağlı qərar verməyəcəklər. Məlumata görə, Cənubi Afrika məhkəmədən İsraili hərbi əməliyyatlarını dayandırmağa məcbur edən müvəqqəti sərəncam verməsini istəyib.

 

İsrail Cənubi Afrikanın iddialarını yalan və "kobud şəkildə təhrif olunmuş" adlandırıb və Qəzzada mülki əhalinin tələfatının qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib.

 

Məhkəmənin qərarları qətidir və apellyasiya şikayəti yoxdur, lakin qərarın icrası üçün heç bir məcburetmə yolu yoxdur. HƏMAS Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi istənilən atəşkəs qərarına əməl edəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var