Modern.az

Ərdoğan-Rəisi görüşünün pərdəarxası: Zəngəzur düyünü çözülür?

Ərdoğan-Rəisi görüşünün pərdəarxası: Zəngəzur düyünü çözülür?

27 Yanvar 2024, 14:16

İran prezidenti İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 24-də Ankaraya rəsmi səfər edib. Ərdoğan və Rəisinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası keçirilib. Görüşdə Türkiyə-İran münasibətlərinin bütün aspektləri, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

 

Görüşün siyasi gündəliyinin əsas hissəsini Qəzza məsələsi tutsa da, Cənubi Qafqazdakı durum da diqqətdən yayınmayıb.

 

Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirən yolun aktiv müzakirə olunduğu bir vaxta təsadüf edən səfər Zəngəzur dəhlizi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirə bilər.

 

Ərdoğan-Rəisi görüşü Zəngəzur dəhlizinin açılması prosesinə təkan verə biləcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki,  liderlər arasında görüş zamanı Qəzzadakı vəziyyət başda olmaqla Suriya, İraq, Əfqanıstan və Cənubi Qafqazda son vaxtlar baş verənlər və beynəlxalq məsələlər müzakirə olunub .

 

"Azərbaycan-Ermənistan müharibəsindən sonra Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini dilə gətirən Ərdoğandan sonra İran prezident Rəisi İran İslam Cümhuriyyətinin bütün qonşuları ilə yaxşı əlaqələrinin olduğunu vurğulayıb".

İ.Muğlu Cənubi Qafqaz və Zəngəzur dəhlizi məsələsində həllə yaxınlaşılmasının önəmli olduğunu diqqətə çatdırıb:

 

"Əlbəttə ki, iki aktorun rəqabətləri müəyyən çərçivədə davam edəcək. Bununla belə, həqiqətən vacib olan təhlükəsizlik və sabitliyi təmin etmək üçün minimum ortaqlıqları razılaşdırmaqdır. Ərdoğanla Rəisi görüşündən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər bölgələri ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi ilə bağlı İrandan müsbət siqnalların gələcəyi ehtimalı var. Türkiyə-İran-Azərbaycan təhlükəsizliyi bir-birinə indeksləyir".

 

Politoloq Natiq Miri isə bildirib ki, Zəngəzur dəhlizi məsələsi yalnız İrandan asılı deyil:

 

"Türkiyə və İran prezidentləri arasındakı görüşdə təbii olaraq Zəngəzur dəhlizi müzakirə olunub. Çünki Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyənin maraqlarını ifadə etmir. Yol, kommunikasiya regionun inkişafı üçün nəzərdə tutulub. Kimsə, buna uzunmüddətli əngəl ola bilməz. Ona görə ki, kommunikasiyanın bir hissəsi Çin, Mərkəzi Asiyadan, bir hissəsi də Rusiyadan başlayan istiqamətdədir. Zəngəzur dəhlizi rahatlıqla Qara dənizə, Türkiyəyə, Aralıq dənizinə və Avropaya çıxışı təmin edir. Bu əməkdaşlıq, ticarət yeni maliyyə imkanları qazanmaq deməkdir. Ona görə İranın bu məsələdə açıq şəkildə dirənməsi mümkün deyil. Məsələ tək İranın iradəsindən asılı deyil. Ermənistan rəhbərliyi belə bir görüntü yaratmağa çalışır. Ancaq sirr deyil ki, Zəngəzur dəhlizinin açılması Ermənistandan daha çox onun Qərbdəki havadarlarının geosiyasi marağında olan məsələdir. Onlar Zəngəzur dəhlizi açıldığı təqdirdə Qərbin Ermənistandan tələb etdiyi şərtlər əsasında fəaliyyət göstərməsini istəyir. İlk növbədə bu dəhlizə Rusiyanın deyil, Ermənistanın nəzarət etməsini istəyirlər. Bu da dolayısı ilə qərbin nəzarəti deməkdir. Tədricən Qərb Avropa Birliyi timsalında Ermənistanda yerləşməni daha da genişləndirir. Əvvəllər bir neçə nəfərdən ibarət olan Avropa Birliyinin müşahidəçiləri fonunda Ermənistana gəlmişdilərsə, sonradan yüzlərlə gəlməyə başladılar. Artıq Azərbaycan Ermənistan sərhədində duracaq 1500 nəfərdən söhbət gedir. Əgər bu Ermənistan parlamentində ratifikasiya olunarsa, həmin 1500 nəfərin statusu müəyyənləşəcək. Yəni artıq məsələ ciddi şəkilə legitimləşdirilir. Zəngəzur dəhlizi Ermənistanın istədiyi formada açılarsa, dolayısı ilə Qərb dünyasının nəzarətində olacaq. Ona görə  Ermənistan Zəngəzur dəhlizi məsələsində İranın iradəsindən asılı deyil, sadəcə olaraq belə bir görüntü yaradır. Bu, Ermənistan rəhbərliyinin maraqlarına uyğundur. Hər halda Türkiyə-İran liderlərinin görüşündə Zəngəzur dəhlizi müzakirə predmeti olub. Ermənistan-İran sərhədlərinin bağlanmaması şərtilə İranın buna razı olduğu bildirilir. Bunun başqa alternativi yoxdur. Əks təqdirdə məsələ regionda Türkiyə-Azərbaycan və İran arasında qarşıdurmaya gətirib çıxara bilər. O da indiki vəziyyətdə İranın maraqlarına xidmət etmir. Məlumdur ki, İran ərazisindən də Azərbaycanı Naxçıvana birləşdirəcək yol olacaq. Bununla bağlı artıq sənəd imzalanıb. Araz çayı üzərində körpülərin tikilməsinə başlanılıb. İndiki vəziyyətdə İranın dirənişi mümkün deyil.Ona görə Türkiyədə bu məsələ ilə bağlı elə bir ciddi fikir ayrılığı olacağını düşünmürəm".

N.Miri Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməməsinin səbəbini belə izah edib:

 

"Konkret olaraq düyümün açılması məsələsinə gəldikdə, yenə deyirəm ki, bu, İrandan asılı məsələ deyil. Düyünün açılması Qərb-Rusiya qarşıdurması fonunda baş verir. Azərbaycanın şərtləri nə qədər optimal və ədalətli olsa da, Ermənistanın bunları qəbul etməməsi, müxtəlif bəhanələr irəli sürməsi hələlik Qərb, Rusiya və Ermənistan arasındakı anlaşılmazlığın tam aradan qalxmaması ilə əlaqədardır. Məlum olduğu kimi bir Kalinqrad modeli var. Bu model imkan verir ki, Rusiya əhalisi və yükləri manesiz və vizasız  Kalinqrada oradan da Rusiyaya getsin-gəlsin. Bu,Litvanın suverenliyini təhdid etmir. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra  Qərb dünyası Rusiyaya konkret iqtisadi sanksiyalar tətbiq edib. Bəzi hərbi sənaye kompleksində istifadə olunacaq ləvazımatlar var ki Kalinqraddan Rusiyaya, Rusiyadan Kalinqrada daşınmasına qadağa qoyulub. Sözügedən dəhlizdə Litvanın suverenliyi, eləcə də ərazi Litvanın yurisdiksiyasında olmasaydı, Litva buna necə məhdudiyyət qoya bilərdi. Deməli, burada suverenliyə heç bir təhdiddən söhbət gedə bilməz. Eyni modeli Zəngəzur dəhlizində də tətbiq etmək olar. Ayrıca Azərbaycanın təklifi bütün ölkələrin manesiz keçidir istiqamətində deyil. Təklifdə sadəcə olaraq, Azərbaycandan Naxçıvana, Naxçıvandan da Azərbaycana manesiz keçiddən söhbət gedir. Ancaq üçüncü dövlətlərdən, məsələn Çin, Rusiya, Gürcüstan və başqa ölkələrdən keçidə Ermənistan özü nəzarət edəcəkn və konkret gömrük rüsumları ödənməli olacaq. Azərbaycanın təklifləri  çox optimal və ədalətlidir. Ermənistan da bunu qəbu etmir. Çünki Qərbin buna razılığı yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok