Modern.az

Paşinyanın Bakıya mənasız təklifləri və əsl məqsədi... - ŞƏRH

Paşinyanın Bakıya mənasız təklifləri və əsl məqsədi... - ŞƏRH

Analitika

30 Yanvar 2024, 12:58

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana mina xəritələrini niyə məhz indi təhvil verməyi lazım bilib? Paşinyan görür ki, rəsmi Bakı onun irəli sürdüyü mənasız təklifləri qəbul etmir. Çünki bu təkliflər sülh sazişinin imzalanmasını sürətləndirmək əvəzinə, sənədin imzalanmasının yubadılması mahiyyəti daşıyır.

Modern.az-ın məlumatına görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Azərbayacana ünvanladığı siyasi xarakterli təkliflərə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Paşinyanın rəsmi Bakıya ünvanladığı “gəlin silahlara birgə nəzarət haqqında saziş imzalayaq”, “gəlin hücum etməmək barədə pakt imzalayaq” kimi “təkifləri” sülh sazişinin imzalanmasını ləngitmək məqsədi daşıyır:

“Ancaq Paşinyan onu da anlayır ki, sülh sazişinin imzalanması uzandıqca, bölgədə nisbi sabitlik pozula bilər. O isə Ermənistan ordusunun indiki vəziyyətindən narahat olduğunu gizlətmir. Paşinyana ordunu yenidən qurmaq və silahlandırmaq üçün illər lazımdır. O düşünür ki, hədəfinə çatana kimi Azərbaycanı yeni həmlələrdən çəkindirmək lazımdır. Mina xəritələrinin Azərbaycana təhvil verilməsi bölgədə nisbi sakitliyin ömrünü uzatmalıdır. Ancaq İrəvanın Bakıya təhvil verəcəyi mina xəritələri əvvəlki “xəritələrdən” fərqlənməsə, bunun nisbi sabitliyə heç bir faydası olmayacaq”, - politoloq deyib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi dünən Nikol Paşinyanın səsləndirdiyi fikirlərə cavab verib. Rəsmi Bakı Paşinyanı sülh prosesinə ciddi yanaşmağa və siyasi manipulyasiya etməməyə çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok