Modern.az

İran niyə aqressivləşib? - Tehran nüvə silahı əldə etməyə yaxındır...

İran niyə aqressivləşib? - Tehran nüvə silahı əldə etməyə yaxındır...

Analitika

1 Fevral 2024, 14:12

İran yanvar ayında qonşu dövlətlərin ərazilərini raket atəşinə tutmaqla gündəmə gəlib. Yanvarın 15-dən 16-na keçən gecə ölkənin İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) İraqın şimalına, Suriyaya, yanvarın 17-də isə Pakistana dron və raketlərlə zərbələr endirib.


Maraqlıdır ki, İran artıq düşmənlərinə zərbələri proksiləri vasitəsilə deyil, birbaşa özü həyata keçirir. Düzdür, paralel olaraq İran tərəfindən dəsəklənən qüvvələr ABŞ və müttəfiqlərinə hücumlar etsə də, Tehranın birbaşa hücumlarda iştirak etməsi yeni situasiya yaradır.

 

İranın qonşu dövlətlərə hücumlarını artırmasının səbəbi nədir?

 

Bəzi ekspertlər deyir ki, İranın daha iddialı hücumlar həyata keçirməsi onun artıq nüvə silahı əldə etdiyini ya da buna olduqca yaxın olduğunu göstərir.

 

"Hazırda bəzilərimizi bu sual maraqlandırır ki, görəsən son bir neçə ayda Tehranın regionda əl yüksəltməsinin səbəbi İranın artıq nüvə silahına yiyələnməsi ola bilərmi? Məncə, İran ya nüvə silahı hazırlamağa nail olub, ya da bir addımlığındadır. Xüsusilə, qarşıdakı seçkilərin favoriti olan və İrana qarşı qatı düşmənçiliyi ilə tanınan Trampın Ağ Evə qayıtmaq ehtimalı fonunda, İran rejimi üçün nüvə silahına yiyələnmək qaçılmazdır", - "Şərqə Baxış" kanalında mövzu ilə bağlı dərc edilən məqalədə bildirilir.

 

Məqalədə vurğulanır ki, İran yəqin ki, uzun müddət İsrail kimi nüvə silahını elan etməmək siyasi xəttini izləyəcək. Tehranın nüvə silahını elan etməsi digər regional güclər üçün nüvə silahına yiyələnmək barədə legitimlik yaradacaq. Ona görə də region və İranın təhlükəsizliyi üçün hazırda ən münasib seçim nüvə silahının elan edilməməsidir.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu İranın hücumlarının "bumeranq effekti" yaradacağını söyləyib:

 

“İrandakı son partlayışdan sonra Tehran guya terrorla mübarizə bəhanəsi adı ilə qonşu dövlətlərin ərazilərini hədəf aldı. İraqa, Pakistana zərbələr endirildi. Təbii olaraq, Pakistan bu zərbələrin cavabını verdi. Əslində, Pakistanla bu cür zarafat keçməz, çünki o bir nüvə dövlətidir. İran guya terrorla mübarizə aparır. Lakin eyni zamanda müxtəlif dövlətlərdə proksi silahlı qüvvələrə dəstəyini davam etdirir. Livanda Hizbullah, Fələstində Hamas, Yəməndə Husilər İran tərəfindən dəstəklənir.  Husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar həyata keçirirlər. Bumeranq effekti var. Yəni nə edirsənsə, sənində başına gəlir. İordaniyada Amerika hərbi bazasına zərbə endirildi. Amerikanın 3 hərbçisi öldürüldü. Əlbəttə, İranın bunda birbaşa əli olamya da bilərdi.  Zərbə endirənlər İrana bağlı qüvvələrdir və mərmiləri də, hərbi texnikanı da İrandan alırlar. Ona görə də Amerika artıq cavab zərbələri ilə bağlı düşünür”.

 

E.Şahinoğlu hazırda yaranmış xaotik vəziyyəti İranda qərarların bir mərkəzdən verilməməsi ilə əlaqələndirib:

 

“İranda qərarlar bir mərkəzdən verilmədiyinə görə bölədə gərginliyin artmasının səbəbi də  budur.  Müxtəlif güc mərkəzləri var. Prezident və onun ətrafı, Ali dini lider və onun ətrafı, İslam Keşikçiləri Korpusu  ayrı-ayrı güc mərkəzləridir.  Bəzən bu mərkəzlər öz qərarlarını bir birilə əlaqələndirmirlər. Bu səbəbdən də belə xaos yaranr. Məsələn İslam Keşikçiləri Korpusu Pakistana zərbə endirdiyi halda, bunun əziyyətini İran Xarici İşlər Nazirliyi çəkir. İranlı nazir  Pakistana gedib barışmağa çalışır. Qərarların əlaqələndirilməməsi həm İran daxilində problemlərə səbəb olur, həm də kənardan bu ölkə üçün təhdidlər yaranır. Çünki indi ABŞ da cavab zərbələri haqqında düşünür”.

Ekspert İranın nüvə silahı ilə bağlı çalışmalarından da bəhs edib:

 

“İranın nüvə çalışmalarına gəlincə, bu istiqamətdəki işlərə Tehran ara vermədi. Çalışmalar hələ də davam edir. İran nüvə silahı əldə edərsə, bu bölgə üçün daha böyük təhlükə vəd edəcək. Bundan sonra Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək barədə ciddi düşünəcəklər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok