Modern.az

Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə necə maneə olur? - DETALLAR

Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə necə maneə olur? - DETALLAR

2 Fevral 2024, 10:16

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb.

 

“Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var... Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək”, - o, bir neçə gün əvvəl hökumətin iclasında bildirib.

 

Qeyd edək ki, Paşinyan Azərbaycan tərəfinin tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Azərbaycan sülh müqaviləsi üçün Ermənistanın konstitusiyasını dəyişdirməsini tələb edir.

 

Dünən Paşinyan deyib ki, Ermənistan Müstəqillik Bəyannaməsi sülhə maneədir. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.

 

Modern.az xatırladır ki, Ermənistan Müstəqillik Bəyannaməsi 21 sentyabr 1990-cı ildə təsdiq edilib. 12 bənddən ibarət olan bəyannaməsi Ermənistanın sabiq prezidenti, həmin vaxt Ermənistan Respublikası Ali Sovetinin sədri olan Levon Ter-Petrosyan tərəfindən imzalanıb.

 

Bəyannamədə erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüququ verilib. Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişib, yeni gerb və himn təsis edilib. Sənəddə valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik Ermənistandan bəhs edilir.

 

Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar.

 

Bundan başqa Bəyannamədə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad olunur. Rəsmi Bakı bu müddəaların sülh müqaviləsinə mane yaratdığını bildirir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf edib.

 

Ermənistanda yeni konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul edilir. Referendumda seçicilərin dörddə birindən çoxu iştirak etməli və iştirak edənlərin yarıdan çoxu konstitusiyaya "hə" deməlidir. Belə olan halda Paşinyanın 647 min insanın səsinə ehtiyac var. Xatırladaq ki, Ermənistanın hakim partiyası sonuncu seçkilərdə 688 min səs toplayıb.

 

Erməni mətbuatı Paşinyanın niyə konstitusiya dəyişikliklərinə deyil, birbaşa yeni konstitusiyaya ehtiyacı olduğunu da izah edib. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ana qanunun preambulasında yer alan İstiqlal Bəyannaməsində səsləndirilir. Preambula hissəsinə isə dəyişiklik etmək mümkün deyil, ona görə Paşinyan yeni konstitusiya qəbul edilməsini istəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok