Modern.az

Rusiya-Ukrayna müharibəsi 2-ci ilini başa vurur: Nələr oldu, nələr olacaq...

Rusiya-Ukrayna müharibəsi 2-ci ilini başa vurur: Nələr oldu, nələr olacaq...

2 Fevral 2024, 17:56

Rusiya-Ukrayna müharibəsi 2-ci ilini geridə qoymağa yaxınlaşır. 22 fevral 2022-ci ildə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını tanıdı, 24 fevralda isə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə start verdi. Müharibənin ilk dövrlərində Rusiya əvvəlcə bir neçə saata, sonra bir neçə günə, sonra bir neçə aya bütün Ukrayna ərazisini nəzarətə götürə biləcəyi barədə maksimalist yanaşma üzərindən təbliğat aparsa da, müharibə 24-cü ayına qədəm qoyub.

 

Qeyd etmək lazımdır ki, mərhələli şəkildə artan Qərb dəstəyindən sonra analitiklər Ukraynanın da tezliklə beynəlxalq səviyyədə tanınan sərhədlərinə çıxacağı kimi optimist proqnozlarla çıxış etsə də, hələlik bu da reallaşmayıb. Qərbdən dəstəyin gəlməsi üçün müharibənin əvvəlində Ukraynanın özünümüdafiədə göstərdiyi müqavimət həlledici olmuşdu.

 

Məhz bu müqavimət sayəsində hərbi texnika, maliyyə yardımı, humanitar ləvazimatlar, siyasi və mənəvi dəstək Ukraynanı əhatə etdi. Həmçinin Ukraynanın müqaviməti müharibədən bir neçə ay əvvəl NATO-ya ultimatum göndərərək nəinki postsovet məkanından, bütövlükdə Şərqi Avropadan çəkilməsini və 1997-ci il hüdudlarına qayıtmasını tələb edən Moskvanı daha realist düşünməyə sövq etdi.

 

2 il ərzində Rusiya şərq və cənubdan müəyyən qədər ərazi işğal edə bilsə də, şimaldan, o cümlədən Belarus ərazisindən Ukrayna paytaxtına yönələn təhdidlər tam dəf edildi. Digər tərəfdən, Ukrayna cənubda işğal olunmuş vilayət mərkəzi olan Xerson şəhərini azad etdi. Ayrı-ayrı epizodlar nəzərə alınmazsa, ardıcıl hücum və əks-hücum əməliyyatlarının davam etdiyi müharibədə bundan sonra hər hansı tərəfin ciddi irəliləyiş əldə etməsini demək çətindir.

 

 

Bununla belə, gündəlik olaraq, mövqe savaşları gedir və bu yaxınlara qədər Ukrayna tərəfində olan üstünlük son vaxtlar Rusiyaya keçib. Bunun yaratdığı geopolitik təsirlər də nəzərə çarpmaqdadır. İqtisadiyyatı zəifləyən və sanksiyalar şəraitində yaşamağa məcbur olan Rusiya hələlik nəhəng resursları hesabına prosesi idarə edə bilir.

 

Ukraynanın davam gətirməsi üçün isə beynəlxalq dəstək şərtdir. Son vaxtlar Qərbin dəstəyində müəyyən problemlər yaransa da, artıq bu problemlər çözülməkdədir. Təsadüfi deyil ki, Avropa İttifaqı Ukraynaya 50 milyardlıq makromaliyyə yardımı ayırdı. ABŞ-ın yardımının da yaxın gələcəkdə reallaşması gözlənilir.

 

Proqnozlara görə, müharibə azı 2025-ci ilə qədər davam edə bilər. Bu müddət ərzində ya Ukrayna sərhədlərinə çıxaraq qələbə çalacaq, ya da Rusiya Ukraynanı məğlub edəcək. Üçüncü variant isə kompromislərə söykənən uzunmüddətli atəşkəsdir. İstənilən halda, müharibə necə nəticələnsə də, dünya daha 24 fevral 2022-ci ildəkindən əvvəlki halına qayıtmayacaq. Xaotik dönəmdən yeni təhlükəsizlik sisteminin qurulduğu beynəlxalq nizama keçid yaxındır...

 

Modern Təhlil və Araşdırma Qrupu

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var