Modern.az

Sərhəddəki təxribat: həmin silahlar bir gün Paşinyana tuşlanacaq! - ŞƏRH

Sərhəddəki təxribat: həmin silahlar bir gün Paşinyana tuşlanacaq! - ŞƏRH

Analitika

13 Fevral 2024, 11:48

Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması və bunun nəticəsində bir hərbçimizin yaralanması 19 sentyabr 2023-cü il tarixli antiterror tədbirindən sonra ilk ciddi insidentdir.

Modern.az-ın məlumatına görə, bunu siyasi ekspert Elxan Şahinoğlu son hadisələri şərh edərkən bildirib.

“Bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar. Birinci ehtimal odur ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb.

İkinci ehtimal odur ki, bu təxribatın arxasında xarici güclər dayanır. Bu o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər.

Üçüncü ehtimal odur ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir.

İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu böyük toqquşmaya səbəb ola bilər. Bu Ermənistan üçün son dərəcə risqli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir”, - E.Şahinoğlu deyib.

Ekspertin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir:

“Ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub”.
 

E.Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamalarının birində demişdi ki, orduda 5-ci kolon mövcuddur.

“Aydındır ki, o bunu deyəndə Rusiyanı nəzərdə tutub. Nikol Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti Sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır. Bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyyatına bağlıdır. Odur ki, bu zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər. Azərbaycan hərbçilərinə atəş açılması həmin zabitlərin tərxibatına oxşayır. Burada məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətməkdir. Azərbaycan üçün Ermənistan ordusunun kimlərə tabe olmasının fərqi yoxdur, istər Rusiya, istər Paşinyan olsun, təxribata adekvat cavab veriləcək”.

Ekspert deyib ki, son təxribat Paşinyanı ciddi düşündürməlidir.

“Birincisi, həmin silahlar bir gün onun hakimiyyətinə də tuşlanacaq. İkincisi, baş nazir tərxibatın arxasındakı gücləri neytrallaşdırmağa çalışmalıdır, əks halda bu onun özü və ölkəsi üçün daha ağır nəticələrə yol açacaq. Son insident Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa da həvəsləndirməlidir. Sülh sazişinin imzalanması yubandıqca, Ermənistan ordusundakı təxribatçılar Paşinyana başqa problemlər də yaradacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var