Modern.az

Rəsmi Bakının Paşinyana ŞƏRTİ: Ermənistan sülh istəyirsə...

Rəsmi Bakının Paşinyana ŞƏRTİ: Ermənistan sülh istəyirsə...

16 Fevral 2024, 11:32

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı fikirlərini  səsləndirib.

 

"Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq", - dövlət başçısı qeyd edib.

 

Bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb. Paşinyan Azərbaycan tərəfinin tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. O deyib ki, Ermənistan Müstəqillik Bəyannaməsi sülhə maneədir.

Prezident İlham Əliyev daha əvvəl bildirib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.

 

Modern.az-a açıqlamasında İrlandiyalı tarixçi və politoloq Patrik Uolş deyib ki, Ermənistan Konstitusiyası üstüörtülü şəkildə Qarabağla bağlı iddialar irəli sürür.

Ermənistan Müstəqillik Bəyannaməsi 21 sentyabr 1990-cı ildə təsdiq edilib. 12 bənddən ibarət olan bəyannamədə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Bundan başqa Bəyannamədə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad olunur. Rəsmi Bakı bu müddəaların sülh müqaviləsinə mane yaratdığını bildirir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf edib.

 

Patrik Uolş deyir ki, sülh müqavilələrində bu cür revanşist iddiaların silinməsi adi haldır.

 

“Məsələn, 1998-ci ildə İrlandiya Respublikası hökuməti Britaniya hökuməti ilə sazişi imzalayarkən Şimali İrlandiyaya olan iddiasını ləğv edib. Çünki Konstitusiya iddiaları gələcək Ermənistan hökumətlərini Qarabağda ərazi ambisiyası həyata keçirməyə vadar edir. Bununla da qanunlar mahiyyətcə erməniləri müharibəyə sövq edir. Hətta gələcək Ermənistan hökuməti Azərbaycana qarşı müharibə aparmağa meyli olmasa belə, istənilən müxalifət konstitusiya imperativini yerinə yetirmədiklərinə görə onlardan hesab soruşacaq. Buna görə də Paşinyan sülhə sadiqdirsə, mövcud Ermənistan Konstitusiyasına yenidən baxması vacibdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok