Modern.az

Qızılcadan ölən 3 yaşlı Rüfətin atası: Oğlum bağçadan başqa heç yerə getmirdi - FOTO

Qızılcadan ölən 3 yaşlı Rüfətin atası: Oğlum bağçadan başqa heç yerə getmirdi - FOTO

6 Dekabr 2023, 13:10

Son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Qızılcaya yoluxan bir neçə azyaşlı vəfat edib.

 

Belə ki, noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də Kürdəmir rayonunda Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq, dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu, dünən isə Neftçala rayonunun Aşağı Surra kəndində 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı qızılcadan dünyasını dəyişib. Vəfat edən uşaqların qızılca əleyhinə peyvənd olunmadığı bildirilir.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda qızılcaya yoluxma halları digər ölkələrdən gətirilmədir. Qeyd edək ki, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

 

Qızılcadan vəfat edən uşaqlardan biri də Rüfət Qəriblidir. O, rayonun Qağacılı kəndindəndir. 2019-cu ilin oktyabr ayının 14-də anadan olub.

 

TƏBİB-in yaydığı məlumatda deyilir ki, azyaşlı oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb. Onun qızılca əleyhinə peyvənd olunmadığı bildirilir.

 

Fotoda: Rüfət Qəribli

 

Modern.az vəfat edən azyaşlının atası Roman Qəribli ilə danışıb.

 

O deyir ki, oğlu bağçaya gedirdi, lakin hava soyuq olduğuna görə, bir müddət onu bağçaya göndərməyiblər.

 

"Amma o zaman hələ bu xəstəliyə yoluxmamışdı. Mənim oğlum bağçadan başqa heç yerə getmirdi. Demək olar, ancaq evdə olurdu. Onun getdiyi bağçada bir uşaqda bu xəstəlik var idi. Amma ondan yoluxub-yoluxmadığını bilmirəm", - Roman Qəribli bildirib.

 

Uşağın babası Ənzəli Qəribov isə Rüfətin 8 gündür qızılca əlamətləri göstərdiyini bildirib. O, 2-3 dəfə xəstəxanaya getdiklərini deyib. Ənzəli Qəribov nəvəsinin qızılcaya qarşı peyvənd vurdurmadığını təsdiqləyib.

 

İsmayıl Bakuvi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı