Modern.az

Ədliyyə sistemində yeni mərhələ başlayır - Deputatlardan REAKSİYA

Ədliyyə sistemində yeni mərhələ başlayır - Deputatlardan REAKSİYA

Ölkə

29 Fevral 2024, 09:30

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov Azərbaycanın yeni ədliyyə naziri təyin edilib. 45 yaşlı Fərid Əhmədov ixtisasca hüquqşünasdır.

 

O, Bakı şəhərində anadan olub, bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb. 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

 

Sabiq ədliyyə naziri Fikrət Məmmədov bir müddət əvvəl təsdiqlənən Nazirlər Kabinetinin yeni tərkibində yer almayıb. O, 2000-ci ildən 2024-cü ilə qədər bu vəzifəni tutub.

 

Fərid Əhmədov artıq vəzifəsini icra etməyə başlayıb.

 

Bəs deputatların Fərid Əhmədovla bağlı düşüncələri necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov yeni ədliyyə nazirinə uğurlar arzulayıb:

 

“Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə naziri təyin olunan cənab Fərid Əhmədov bu gün öz səlahiyyətlərinin icrasına başlayıb. İlk növbədə Fərid müəllimə bu məsuliyyətli vəzifənin icrasında uğurlar arzulayıram. Fərid müəllim hüquq sahəsində təcrübəsi olan gənc kadrdır. Dövlət başçısının rəhbərliyi altında hüquq sitemində aparılmağa başlanmış islahatları uğurla davam etdirəcəyini hesab edirəm”.

 

 

A.Badamov Fərid Əhmədovun başçılığı ilə ədliyyə sistemində yeni mərhələnin başlanacağına inandığını söyləyib:

 

“Ölkə başçısının hər bir məmuru rəhbər vəzifəyə təyin edəndə qarşısına qoyduğu əsas vəzifə xalqa sədaqətlə xidmət etmək, şəffaflığı təmin etmək və insanların məmnunluğuna nail olmaqla bağlıdır. Fərid müəllimin də ölkə başçısının qarşısına qoyduğu vəzifələri yüksək səviyyədə icra edəcəyinə inanıram. Hesab edirəm ki, ədliyyə sisteminin həyatında yeni bir mərhələ başlayacaq”.

 

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov isə Fərid Əhmədovun ədliyyə naziri təyin edilməsinin düzgün seçim olduğunu vurğulayıb:

 

“Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov yeni ədliyyə naziri təyin olunub. Fərid Əhmədovun çox yaxşı təhsili var. O, savadlı, təvazökar, sadə bir insandır. Kifayət qədər gənc olmasına baxmayaraq zəngin dövlətçilik yolunu keçib. Çox vacib strukturlarda rəhbər vəzifələrdə çalışıb. Yeni təyinata kimi mərkəzi icra hakimiyyəti orqanında nazir müavini kimi çalışıb. Düşünürük ki, Fərid Əhmədovun ədliyyə naziri təyin edilməsi yerində seçimdir”.

 

 

V.İskəndərov Fərid Əhmədovun ədliyyə siyasətində böyük uğurlara nail ola biləcəyinə inandığını bildirib:

 

“Əlbəttə ki, cənab Prezidentin təyin etdiyi şəxs tamamilə araşdırılır və onun bütün keyfiyyətləri nəzərə alınır. Bilirik ki, Ədliyyə Nazirliyi çox strateji mühüm mərkəzi icra hakimiyyəti orqanıdır. Bu sahəyə, əlbəttə ki, ədliyyə nazir kimi həm bu sahəni yaxşı bilən hüquqşünas, həm də idaretmə qabiliyyəti olan insan seçilməliydi. Düşünürük ki, Fərid Əhmədov bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün var gücünü, biliyini əsirgəməyəcək və ədliyyə siyasətində çox böyük uğurlar əldə edə biləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok