Modern.az

Ən çox qəsəbə və kəndləri olan RAYONLARIMIZ

Ən çox qəsəbə və kəndləri olan RAYONLARIMIZ

Ölkə

28 Mart 2024, 15:45

Azərbaycanın inzibati-ərazi quruluşunda son illərdə bir sıra dəyişikliklər edilib. Şübhəsiz ki, bunlardan ən vacibi Ağdərə rayonun yaradılması olub. 5 dekabr 2023-cü il tarixində Milli Məclisdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yenidən yaradılması haqqında" qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil edilib.

 

27 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev Azərbaycanın Ağdərə rayonunun yaradılması haqqında  qanun imzalayıb. İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda işğaldan azad edilmiş Ağdərə rayonunda 1 şəhər, 1 qəsəbə və 57 kənd var.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda ən çox kənd və qəsəbələri olan rayonları araşdırıb.

 

Qeyd edək ki, qəsəbə dedikdə əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir, kənd isə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir.

 

Mövcud təsnifata görə, Azərbaycanda 10 respublika tabeli şəhər, 67 rayon var (şəhər rayonları bu saya daxil deyil).

 

Apardığımız hesablamaya görə, Azərbaycanın inzibati ərazi quruluşuna 262 qəsəbə, 4200-dən çox qəsəbə daxildir. Bundan başqa, əksər rayonların tərkibində bir şəhər, Cəlilabad, Füzuli, Xaçmaz, Lənkəran, Tovuz kimi rayonların tərkibində 2 şəhər mövcuddur. Kəngərli və Sədərək rayonlarında isə şəhər tipli yaşayış məntəqəsi mövcud deyil.

 

Ölkəmizdə ən çox kəndi olan rayon Lerikdir. Mövcud təsnifata görə, bu rayonda 162 kənd var. Azərbaycanın 12 rayonunda kəndlərin sayı 100-dən artıqdır.

 

Ən azı kəndi olan rayon isə Sədərəkdir, burada 4 kənd mövcuddur. Kəngərli və Abşeron rayonlarında da kəndlərin sayı olduqa azdır.

 

Qəsəbə sayına görə isə rayonların sırasına Beyləqan və Füzuli liderlik edir. Bu iki rayonda 16 qəsəbə mövcuddur. Bakı şəhərinin inzibati ərazisinə isə 59 qəsəbə daxildir. 20-dən çox rayon və şəhərdə isə qəsəbə tipli yaşayış məntəqəsi yoxdur.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir