Öncə qeyd edim ki, kadr yetişdirmək nə qədər vacibdirsə, yetişdirdiyiniz kadrı şirkətinizdə saxlamaq da bir o qədər vacibdir.
Rəhbərlər kadra davamlı basqı edərək, sıxışdıraraq və “səni işdən qovaram” deyərək kadrı ruhdan salır. Sıxılmaqda olan kadr səssizcə başlayır özünə yeni iş yeri axtarmağa. Bu gün “səni işdən qovaram” sözünün qorxusu hesabına işçi işlədən rəhbərlər ən azından onu bilməlidir ki, sürətlə inkişaf edən ölkəmizdə son illər istənilən sahədə artan inkişaf var. Yeni zavodlar, fabriklər, müxtəlif sahələrdə işləyən şirkətlər, holdinqlər və s. kimi yeni-yeni iş yerləri açılır. Belə olan halda özünə güvənən kadr sizin şirkətinizi niyədə tərk etməsinki?.
İşində fərqlənən kadra onun haqqında müsbət fikirdə olduğunuzu bildirin. Onu ortaya çıxardığı hansısa bir uğurlu işinə görə səmimi olaraq təbrik edin. Ona səndə daha böyük potensial və həvəs görürəm deyin. Bu potensialını üzə çıxarmaqdan çəkinməməsini əksinə daha həvəslə çalışarsa onu hər zaman dəyərləndirəcəyinizi bildirin. Lakin kadra verdiyiniz hər bir sözü ağlınızda tutun. Zamanla kadr daha çox səmərəli fəaliyyət ortaya qoyanda sizdən verdiyiniz sözə əməl etməyinizi gözləyəcək və gözləntisi boşa çıxanda o ruhdan düşəcək. Bu da sizin işinizin ləngiməsinə səbəb olacaq.
Rəhbərlər bir faktı əsla unutmamalıdır ki, onlara pul qazandıran işçiləridir. Rəhbər əgər biznesini davam etdirirsə, uğur üstünə uğur əldə edirsə bu uğurları təkcə özünküləşdirməsin.
Təcrübəmdə görmüşəm ki, çalışdığım şirkətin yubiley tədbirində direktorumuz çıxış edərkən belə demişdi.
“Bizim hansısa uğurlarımız varsa, bu uğurların əsas səbəbkarları bizim işçi kollektivimizdir. Rəhbər olaraq kollektivimizə hər kəsin önündə təşəkkür edirəm. Çünkü filmin əsas qəhrəmanları onlardır. Biz rəhbərlərin rolu nə qədərdirsə, onların rolu bizdən qat-qat çoxdur”.
Etiraf edək ki, bu gün bir çox şirkət rəhbərləri kadr çatışmazlığından əziyyət çəkir. Bəs yaxşı, bunu səmimi etiraf edən rəhbərlərin hər biri səmimi deyə bilərmi ki, onlar kadr yetişdirmək üçün hansısa işlər görüblər? Burada çoxunun susacağına əminəm.
Kadr yetişdirmək üçün rəhbər nələr etməlidir?
Kadr üçün kapital qoymaq deyərkən nələri nəzərdə tutduğumu aşağıda qeyd edirəm.
Məsələn: hər şöbədən 2 nəfər kadrı seçib hansısa bir xarici ölkəyə göndərmək olar. Hər şöbədən 2 işçini xaricə göndərərkən çalışdıqları şöbələr boş qalmır və buda artıq sayda işçi işə alınmasının düzgün fikir olduğunu göstərir.
İlk qruppanın təlim müddəti bitəndən sonra onlar şirkətə gəlir və artıq həm xarici dil biliklərini təkminləşdirmiş olurlar, həm də xarici ölkələrin öz sahələrində ki yeniliklərini, təcrübələrini çalışdıqları şirkətdə tətbiq etməyə başlayırlar.
Növbəti dəfə isə ilk səfərdə getməyən kadrları başqa bir xarici ölkəyə göndərmək olar. Bu dəfə isə təlimdən gələn qrup şirkətdə qalaraq işləri axşatmadan çalışa bilər.
İkinci qrupda xaricdən gələndən sonra, hər bir şöbənin işçilərinə öz sahələrində xarici təcrübələrini, görüb öyrəndiklərini təqdimat halında hazırlayıb digər qrupa və şirkət rəhbərinə şirkətin akt zalında çatdırsalar beləcə bununlada həmən ölkənin təcrübəsini o ölkədə səfərdə olmayan həmkarlarıda öyrənmiş olarlar. Təqdimat hər şöbə üçün həftədə 1 dəfə ola bilər. Hər həftə bir başqa şöbənin əməkdaşları öz təqdimatını çatdırmış olar. Təqdimat saatı hər dəfə üçün 2- 3 saatlıq ola bilər. Təqdimatı hazırlayan təqdimatda həm də rəhbərliyə təkliflər planı təqdim edir ki, beləcə həm rəhbər, həmdə o xarici ölkədə səfərdə olmayan kadrlarda məlumatlanmış olar.
Təcrübəmdə görmüşəm ki, xarici kadr gəlib mənim ölkəmdə, mənim şirkətimdə, mənim vətəndaşımı yetişdirmir. Buna səbəb odur ki, o öz ölkəsində alacağı əmək haqqının iki qatını məndən alır və burada ona böyük ehtiyac olduğu üçün layiqindən daha çox hörmət, izzət görmüş olur.
Yəni xarici kadrı ölkəmizə gətirib yerli kadrımızı yetişdir deməklə biz o xarici kadra onu bir qədər zamandan sonra işdən çıxaracağımızın anonsunu vermiş oluruq. Ona görə də biz öz kadrımızı xarici ölkələrə yollayaraq yetişdirilmələrini təmin edə bilərik.
Məsələn: Bir kadra illik xidmətinə görə həvəsləndirici bonus olaraq 500 Azn digərinə isə 1000 Azn verdiyini hər kəs bilsin. Bu il 500 Azn alan işçi düşünəcək ki, daha çox və daha səmərəli çalışsa, gələn il oda 1000 Azn ala bilər və bununla hansısa bir ehtiyacını qarşılaya bilər.
Əgər hansısa kadrınız öz təhsilini davam etdirmək istəyirsə (Magistratura, Aspirantura, Doktorantura) və buna maddi imkanı yol vermirsə, onun illik xərcini şirkət hesabından ödəyin və aylıq əmək haqqısı qədər puluda hər ay ona ödəyin. Lakin təhsil haqqının ödənişini edərkən ilk öncə kadrla müqavilə bağlayın. Təhsilini bitirib gəldikdən sonra o sizin şirkətdə 5 il çalışacaq və əgər bu 5 ildə müqaviləni pozaraq işdən çıxmaq istəyərsə təhsil aldığı müddətdə şirkətin onun üçün ödədiyi məbləği şirkətə geri qaytarmaqla müqaviləni poza bilər.
Ülvi Günəşli