Modern.az

Minlərlə insanı yasa qərq edən xəbər, deputatlar dalaşdı – Modern.az-ın icmalı

Minlərlə insanı yasa qərq edən xəbər, deputatlar dalaşdı – Modern.az-ın icmalı

Aktual

3 Mart 2023, 09:48

Mart ayının 2-si Azərbaycan cəmiyyətində ciddi nüfuza malik ilahiyyatçı Hacı Şahinin vəfat xəbəri, Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun iclası gündəmdə idi.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Martın 2-si səhər saatlarında tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

 

Dünən, həmçinin Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə bir çox ölkənin lideri, təşkilat rəhbərləri və digər nüfuzlu diplomat və siyasətçilər iştirak edib. Çıxışı zamanı Prezident İlham Əliyev BMT sistemində islahatlar aparılmasının zəruriliyini bildirib, həmçinin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Prezident İlham Əliyev deyib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: "Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

 

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovla, Əlcəzair Baş naziri Ayman Benabderrahmanla, BMT-nin 77-ci sessiyasının prezidenti Tsaba Körösini ilə, AEBA-nın Baş direktoru Rafael Mariano Qrossi ilə, Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.

 

Təhsil İnstitutunun rəsmisi bildirib ki, Azərbaycanda bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq və bunun üçün hazırlıq gedir. Həmçinin, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparılıb.

 

Qonşu ölkə Gürcüstanda isə “xarici agentlər haqqında” yeni qanun layihəsi gərginliyə səbəb olub. Qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında dava düşüb. Həmçinin, parlament binası qarşısında aksiya keçirilib, bir neçə nəfər saxlanılıb.

 

Qardaş ölkə Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi meydanda aktivlik müşahidə edilir. Müxalifətin təmsil olunduğu "Altılı masa" dünən yenidən toplanıb və vahid namizəd mövzusunda razılığa gəlib. Mətbuat CHP lideri Kamal Kılıçdaroğlunun seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı namizəd olacağını bildirir.

 

Ukraynanın Zaporojye vilayətinə Rusiya qüvvələri tərəfindən raket zərbələri endirilib. Nəticədə 4 dinc sakin həyatını itirib, 8 nəfər yaralanıb. Rusiya tərəfi isə Ukrayna ilə həmsərhəd Bryansk vilayəti ərazisində atışma getdiyini iddia edib. Rusiyanın Ulyanovsk şəhərində yerləşən təyyarə zavodunda İl-76 hərbi-nəqliyyat təyyarəsi partlayıb. Partlayış nəticəsində 6 işçi yaralanıb, onlardan biri daha sonra aldığı xəsarətlərdən ölüb.

 

Ukraynada gedən müharibədə Baxmut istiqamətində vəziyyət həddindən artıq gərginləşib. ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə növbəti telefon danışığı aparıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin məlumatına görə, ABŞ martın 3-ü Ukraynaya növbəti yardım paketini elan etməyi planlaşdırır. Yeni yardım paketinə HIMARS mərmiləri və artilleriya qurğularının daxil olacağı bildirilir.

 

Dünən həmçinin Hindistanda G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı keçirilib. Rusiya XİN başçısı Sergey Lavrov çıxışının əsas hissəsini Qərbin tənqidinə həsr edib. Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında qısa söhbət olub. Blinken Rusiyadan Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırmaq qərarına yenidən baxmağı xahiş edib. Görüş 10 dəqiqə davam edib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Rusiya Xarkov istiqamətində hücuma keçməyəcək - ABŞ institutu

Türk dilində təhsil istəyən güneyli fəal məhkəməyə çağırıldı

Ermənistandan Türkiyəyə ixrac 139 dəfə ARTIB

Müəllimlərin maaşları artımla verilmədi - Nazirlik səbəbini AÇIQLADI

Eldar Əzizov müşavirə keçirdi - Qəzalı binalarla bağlı tapşırıq

Ruslar Xankəndiyə silah daşıyır? - Ekspertdən iddia

Ermənistan prezidentli respublikaya qayıdır? - Nazir açıqladı

MİQ-də yenilik – Əlavə 30 dəqiqə nəyi dəyişəcək

Kərkükdə türkməncənin məhdudlaşdırılması qərarı ləğv edilib

Böyük Xeops ehramında gizli dəhliz aşkar edildi

Abırsız diplomatiya: Lavrov getdi, suallar qaldı

Xocalı görüşü hələ başlanğıcdır, proses uzun çəkəcək - ŞƏRH

Hacı Şahin xəstəxanada yatmaqdan imtina edib - Həkim DANIŞDI

Dünyanın yarısından çoxu artıq çəkili olacaq - HESABAT

İlon Maskın insana beyin çipi yerləşdirməsinə icazə verilmədi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı