Modern.az

Xocalı görüşü hələ başlanğıcdır, proses uzun çəkəcək - ŞƏRH

Xocalı görüşü hələ başlanğıcdır, proses uzun çəkəcək - ŞƏRH

Qarabağ

2 Mart 2023, 16:12

Martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi təxribatçı milyarder Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və vətəndaşlarımız olan erməni sakinlərlə praktiki təmaslara başlanılacağı bildirmişdi. Bu mənada Xocalıda keçirilən görüşü daxili gündəliyin tərkib hissəsi olan təmasların təzahürü hesab etmək olar.

 

Görüşün təfərrüatları hələlik açıqlanmayıb. KİV-də yer alan xəbərlərə əsasən, erməni sakinlərlə ilk görüş konstruktiv keçib və danışıqların davam etdirilməsi qərara alınıb. Ehtimal olunur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda baş tuta bilər. 

 

Bəs danışıqlar nə ilə yekunlaşa bilər? Ermənilər Azərbaycanın tələblərini qəbul edəcəklərmi?

 

 

Mövzunu Modern.az-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, danışıqların rahat şəkildə davam edəcəyini düşünmək lazım deyil.


"Danışıqların rəsmi olaraq başlaması gözəl xəbərdir. Çünki bununla da etnik ermənilərin inteqrasiya olunması məsələsi başladı. Ancaq illüziyaya qapılmamaq lazımdır. Çünki bütün işlərin rahat gedəcəyi ilə bağlı düşüncəyə qapılmaq sadəcə xəyalpərəstlik olar. Əlbəttə, Qarabağda olan separatçılar belə görüşlərin keçirilməsini istəmir və qarşı çıxır. Ancaq prosesin gedişatına təsir edə bilməyəcəklər. Qəbul edilən sənədlərin hər birində Qarabağın Azərbaycanın torpağı olduğu bütün dövlətlər tərəfindən təsdiqlənib. Avropanın istəyi budur ki, ermənilərin təhlükəsizliyi qorunaraq Azərbaycana inteqrasiya olunsun. Biz də bunu istəyirik və bununla bağlı addım atdıq" - deyə politoloq bildirib.


Q.Hüseynli vurğulayıb ki, görüşlərin dairəsinin genişləndirilməsi istisna deyil:

 

"Xocalıda keçirilən görüşün gələcəkdə genişdirilməsi ermənilərlə azərbaycanlılar arasında sülhün yaranmasını təmin edə bilər. Bütün bunların reallaşması səfil durumda yaşayan etnik ermənilərin vəziyyətinin düzəlməsinə gətirib çıxaracaq. Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etsələr, indikindən çox daha yaxşı yaşayacaqlar. Ancan bu proses uzun vaxt aparacaq. Biz indi də göstəririk ki, Azərbaycan sülh və danışıqlar yolunu seçir. Ancaq silahlı dəstələr bunun qarşısını almağa çalışarsa, orada olan bütün separatçılar ordumuz tərəfindən təmizlənəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü