Modern.az

Aİ Azərbaycanda minatəmizləmənin əsas donorlarındandır - səfir

Aİ Azərbaycanda minatəmizləmənin əsas donorlarındandır - səfir

Aktual

Bu gün, 10:32

Avropa İttifaqı yalnız Azərbaycanda minatəmizləmə fəaliyyətinin donorlarından biri deyil, həm də bu sahədə qlobal liderlərdən biridir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar mina təmizlənməsinin həlledici rolu” adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Marijana Kujundziç bildirib.

O qeyd edib ki,  Avropa İttifaqı dünyanın ən böyük donorlarından biri kimi Qərbi Balkanlardan Kolumbiyaya, postmünaqişə bölgələrindən yeni müharibə yaşamış ərazilərə qədər təhlükəli müharibə zonalarının təhlükəsiz ərazilərə çevrilməsinə dəstək verir.

“Bizim fəaliyyətimiz ölümcül mirası bərpa, yenidənqurma və icmaların həyatının dirçəldilməsi üçün fürsətə çevirir.

Bir neçə gün əvvəl azad olunmuş ərazilərə səfər etdim. Orada müharibənin dağıdıcı nəticələrini gördüm. Amma eyni zamanda böyük potensial və ümid də gördüm. Mən orada artıq inşa edilən obyektləri, görülən işləri və həyatın necə geri döndüyünü gördüm”.

O həmçinin vurğulayıb ki, həyatı yenidən qaytarmaq isə asan proses deyil:

“Xorvatiyada minatəmizləmə işləri yalnız bu il tam yekunlaşıb. Bu isə müharibədən 31 il sonra baş verib. Halbuki Xorvatiyada mina problemi Qarabağdakı qədər geniş deyildi.

Bu göstərir ki, proses çox uzunmüddətlidir. Lakin bu iş mütləq görülməlidir və Avropa İttifaqı bu istiqamətdə dəstək verməyə hazırdır”.

Onun sözlərinə görə, Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi böyük səylərlə yanaşı, Avropa İttifaqı da öz töhfəsini verir.

“Burada söhbət yalnız Avropa İttifaqından getmir. İki il əvvəl “Team Europe” yanaşması qəbul olunub. Bu yanaşma çərçivəsində Avropa İttifaqının maliyyəsi, üzv dövlətlərin fondları və Avropa maliyyə institutlarının resursları Azərbaycanda minatəmizləmə fəaliyyətinə yönləndirilir.

Avropa İttifaqı təhlükəsiz, ləyaqətli və könüllü qayıdışın təmin edilməsinə, həmçinin insanların təbii resurslara təhlükəsiz çıxışının yaradılmasına dəstək verir”.

M.Kujundziç onu da əlavə edib ki, Avropa İttifaqı həmçinin minatəmizləmə sahəsində gender yanaşmasının tətbiqinə də xüsusi diqqət yetirir və Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılmasına dəstək verib:

“Bundan əlavə, burada bəzi maraqlı layihələr də həyata keçirilib. Məsələn, minatəmizləmə işlərində xüsusi təlim keçmiş siçovullardan istifadə olunub.

Biz bütün hallarda regiona ən yaxşı təcrübələri və peşəkar yanaşmaları gətirməyə çalışırıq. Bu məqsədlə Avropadan humanitar minatəmizləmə sahəsində geniş təcrübəyə malik tərəfdaş qurumlar cəlb edilir.

Hazırda Sloveniyada yerləşən İnsan Təhlükəsizliyinin Gücləndirilməsi üzrə Beynəlxalq Etimad Fondu ilə böyük layihə üzrə danışıqlar aparılır.

Bu layihə insan təhlükəsizliyinin gücləndirilməsi, əməliyyat avadanlıqlarının təmin olunması və mina qurbanlarına yardım, o cümlədən xüsusi təchizatlı təcili tibbi yardım avtomobillərinin təqdim edilməsini nəzərdə tutur. Layihənin yaxın vaxtlarda imzalanaraq icrasına başlanılması gözlənilir”.

O xatırladıb ki, bu öhdəlik ötən ilin sentyabrında Avropa komissarının Azərbaycana səfəri zamanı götürülüb:

“Həmin səfər çərçivəsində azad olunmuş ərazilərə də baş çəkilmişdi.

Bu sahədə dəstəyə ehtiyac hələ də çox böyükdür və Avropa İttifaqı “Team Europe” yanaşması çərçivəsində öz dəstəyini davam etdirməyə hazırdır.

Biz həmçinin minatəmizləmə avadanlıqlarının alınması və Mina Fəaliyyəti üzrə Beynəlxalq Mükəmməllik Mərkəzinin yaradılması üçün 10 milyon avro vəsait ayırmışıq. Hazırda “Team Europe” təşəbbüsü çərçivəsində ayrılmış ümumi dəstək 22 milyon avroya çatıb. Bu mərkəz gələcəkdə həm region, həm də Avropa üçün bilik və təcrübə paylaşımı platforması rolunu oynayacaq.

Eyni zamanda Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da prosesə cəlb olunub”.

O eyni zamanda qeyd edib ki, Azərbaycan dövlət və özəl investisiyaların səfərbər edilməsindən böyük fayda əldə edəcək:

“Bu isə torpaqların daha sürətli şəkildə istifadəyə qaytarılmasına və yenidənqurma prosesinin sürətlənməsinə imkan verəcək.

Bu məqsədlə mina fəaliyyətinin yaşıl və dayanıqlı inkişaf strategiyasına inteqrasiya olunması olduqca vacibdir. Xüsusilə COP29 və hazırda iştirak etdiyimiz Ümumdünya Şəhərsalma Forumu kontekstində bu məsələ daha da aktuallaşır.

Minalardan təmizləmə çirklənmiş ərazilərə investisiyaların cəlb olunması üçün əsas şərt kimi qəbul edilməlidir. Bu fəaliyyət dayanıqlı iqtisadi inkişafın, rifahın və sülhün mühüm katalizatorudur”, - deyə o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı