Modern.az

Ağdama elektrik xətti çəkmək bir il çəkdi - xüsusi nümayəndə

Ağdama elektrik xətti çəkmək bir il çəkdi - xüsusi nümayəndə

Aktual

Bu gün, 13:02

Ağdama elektrik enerjisinin verilməsi üçün cəmi 20 metrlik təhlükəsiz dəhlizin açılması bir il vaxt aparıb.

Modern.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf” adlı tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, elektrik enerjisinin təmin olunması digər bütün layihələrin icrası üçün əsas şərtlərdən biridir.

Emin Hüseynovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə dağıntılar təkcə yerüstü infrastrukturu əhatə etməyib:

“Vandalizm yeraltı infrastruktura da ciddi ziyan vurub. Borular, kommunikasiya xətləri və mühəndis şəbəkələri tamamilə dağıdılmışdı. Onların yenidən qurulması isə uzun zaman və böyük resurslar tələb etdi”.

Xüsusi nümayəndə qeyd edib ki, Azərbaycanın bərpa modelində əsas prioritetlərdən biri müasir texnologiyaların tətbiqidir.

“Yenidənqurma prosesi əvvəlki standartların sadəcə bərpası ilə məhdudlaşmamalıdır. Dünya dəyişir, texnologiyalar inkişaf edir və biz daha keyfiyyətli nəticələri qısa müddətdə əldə etmək üçün ən müasir həllərdən istifadə etməliyik”.

E.Hüseynov həmçinin vurğulayıb ki, yenidənqurma layihələrinin dayanıqlı olması üçün insanların bu prosesə fəal şəkildə cəlb edilməsi vacibdir.

“İnsanlar eşidilməli, onların fikirləri nəzərə alınmalı və onlar bu prosesin iştirakçısına çevrilməlidirlər. Yalnız bu halda yaradılan yaşayış məkanları uzunömürlü və dayanıqlı ola bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı