Modern.az

Emin Hüseynov: Ağdam işğalçıların düşündüyündən daha uzunömürlü olacaq

Emin Hüseynov: Ağdam işğalçıların düşündüyündən daha uzunömürlü olacaq

Aktual

Bu gün, 12:58

İşğaldan sonra tamamilə dağıdılmış Ağdam şəhəri bu gün sürətlə dirçəlir və Böyük Qayıdış Proqramı çərçivəsində minlərlə insan artıq doğma yurduna qayıdıb.

Modern.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf” mövzusunda tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdam işğaldan azad ediləndə “Qafqazın Xirosiması” və ya “ruhlar şəhəri” kimi görünürdü.

“Əgər urbisidin necə göründüyünü göstərmək lazımdırsa, Ağdam bunun ən aydın nümunəsidir. Şəhər azad ediləndə burada demək olar ki, heç nə qalmamışdı. Lakin beş il ərzində Ağdamın siması tamamilə dəyişib. Ağdam küldən doğulan Feniks quşu kimi yenidən həyata qayıdır və işğalçıların düşündüyündən daha uzunömürlü olacaq. Böyük Qayıdış Proqramı sürətlə həyata keçirilir. Hazırda Ağdam rayonunda 72, Füzulidə 60, Xocavənddə isə 83 yaşayış məntəqəsi mövcuddur.

O bildirib ki, üç rayonda artıq 11 yaşayış məhəlləsi yaradılıb, 25 min mənzil və 18 min 864 fərdi yaşayış evi inşa olunub.

Xüsusi nümayəndənin sözlərinə görə, bölgədə genişmiqyaslı infrastruktur layihələri də reallaşdırılır. Belə ki, ümumi uzunluğu 593,7 kilometr olan 16 avtomobil yolu istifadəyə verilib, Bərdə–Ağdam dəmir yolu xətti çəkilib, dəmir yolu və avtovağzal kompleksləri yaradılıb, beynəlxalq hava limanı tikilib.

E.Hüseynov vurğulayıb ki, hazırda Ağdamda 7 min nəfər, Füzuli və Xocavənddə isə ümumilikdə 6 min 700 nəfər olmaqla, üç rayonda 13 min 700 nəfər yaşayır.

“Bu, insanların öz doğma torpaqlarına qayıtdığını göstərir. Onlar yeni evlərdə yaşayır, işləyir və cəmiyyətin məhsuldar üzvlərinə çevrilirlər.

Bərpa prosesi dayanıqlılıq prinsiplərinə uyğun aparılır. Yaşayış evləri günəş panelləri ilə təchiz edilir, küçə işıqlandırmasında alternativ enerji mənbələrindən istifadə olunur və enerji səmərəliliyini artırmaq üçün mərkəzləşdirilmiş istilik sistemləri qurulur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı