Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi uzun illər ərzində regionun əsas çağırışlarından biri olaraq qalacaq.
Modern.az xəbər verir ki, bu barədə WUF13 çərçivəsində keçirilən “Urbisiddən dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf” mövzusunda tədbirdə Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonları 30 il ərzində mövcud olmuş təmas xətti boyunca yerləşdiyi üçün geniş şəkildə minalarla çirkləndirilib.
“Bərpa və yenidənqurma prosesinə başlamaq üçün ilk növbədə minatəmizləmə işləri həyata keçirilməli idi. Son beş ildə Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun 78 faizi və Xocavənd rayonunun 16 faizi minalardan təmizlənib”, – deyə o qeyd edib.
E.Hüseynov vurğulayıb ki, əldə olunan nəticələrə baxmayaraq, mina problemi hələ də tam aradan qaldırılmayıb.
“Bu fundamental problemdir və gələcək illərdə də mövcud olacaq. Biz bu reallığı nəzərə almalı, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməli və insanların həyatının qorunmasını əsas prioritet kimi saxlamalıyıq”, – deyə o əlavə edib.
Xüsusi nümayəndə həmçinin bildirib ki, minatəmizləmə işləri yaşayış məntəqələrinin bərpası, insanların doğma torpaqlarına qayıdışı və iqtisadi fəaliyyətin bərpası üçün əsas şərtlərdən biridir.