Modern.az

Xəzərə yarım milyon nərə balığı buraxılacaq - AÇIQLAMA

Xəzərə yarım milyon nərə balığı buraxılacaq - AÇIQLAMA

Aktual

Bu gün, 10:48

Xəzər dənizi və onun ekosistemi unikal təbii sistem hesab olunur. Burada balıq ehtiyatlarının qorunması və bərpası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq Təcrübə Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biridir.

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

O, qeyd edib ki, hazırda nərə balığı və Xəzər qızılbalığı nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər sırasındadır:

“Bu növlərin qorunması və bərpası həm bugünkü, həm də gələcək nəsillər qarşısında mühüm məsuliyyət hesab olunur. Bu məqsədlə Xəzərdə növbəti balıqburaxma kampaniyasına start verilib.

Kampaniya çərçivəsində Xəzər sahillərinə çəkisi 300-500 qram arasında olan nərə balıqları, eyni zamanda Xəzər qızılbalığı buraxılır. Mövsüm ərzində ümumilikdə 500 mindən çox nərə balığının və 50 mindən artıq Xəzər qızılbalığının təbii su hövzələrinə buraxılması planlaşdırılır.

Yalnız bu ay ərzində 150 min nərə balığının Xəzərə buraxılması nəzərdə tutulub. Buraxılan balıqların bir hissəsi ötən illərdə yetişdirilən nümunələrdir. Bununla yanaşı, bu il inkubasiyadan çıxmış 3-5 qramlıq körpə balıqlardan da 500 min ədədin təbii mühitə buraxılması planlaşdırılır.

Balıqburaxma prosesi əsasən yaz və payız aylarında həyata keçirilir. Yaz mövsümündə 150 min, payız aylarında isə 350 min nərə balığının buraxılması hədəflənir”,- deyə C.Əliyev bildirib.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev əlavə edib ki, Xəzərə balıq buraxılışı mütəmadi şəkildə davam etdiriləcək və nadir növlərin qorunması istiqamətində dövlət qurumları tərəfindən tədbirlər bundan sonra da davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı