Modern.az

Ustad jurnalist, prinsipial redaktor

Ustad jurnalist, prinsipial redaktor

Media

Bu gün, 13:14

Milli mətbuatımızda unudulmaz izləri olan Əməkdar jurnalist Bəbir Hüseynov haqqında xatirə-esse

Zamanın axarı insan ömrünün səhifələrini bir-bir çevirsə də, bəzi şəxsiyyətlər var ki, onların qoyduğu izlər illərin tozu altında qalmır, əksinə, zaman keçdikcə daha çox parlaqlıq qazanır. Əməkdar jurnalist, 92 il ləyaqətli bir ömür yaşamış, onun da yarıdan çoxunu mətbuata, sözün müqəddəsliyinə həsr etmiş ustad redaktor Bəbir Qüdrət oğlu Hüseynov məhz belə ziyalılardan idi. Onun dünyasını dəyişməsindən iki il ötsə də, Bəbir müəllimin jurnalistika məktəbi, onun redaktorluq tərzi və ən əsası, zəngin mənəvi irsi bu gün də yetirmələrinin yaddaşında canlı bir örnək kimi yaşayır.

..."Bəbir müəllimin qəzeti" - bu ifadə o illərdə, sadəcə, bir mətbu orqanın adı deyildi, bu, bir keyfiyyət nişanı, bir etimad ünvanı idi. 1979-cu ildə Ağdamın ictimai-siyasi həyatında mühüm yer tutan qəzetə rəhbərlik etməyə gələndə Bəbir Hüseynovun qarşısında çox ciddi sınaqlar vardı. Tarix fakültəsini bitirmiş, müəllimlik və ideoloji sahədə idarəçilik təcrübəsi qazanmış bu ziyalı, redaksiyadakı o dövr üçün xarakterik olan durğunluğu, yaradıcılıq böhranını bir anda aradan qaldırmaq, oranı əsl yaradıcılıq meydanına çevirmək missiyasını üzərinə götürmüşdü. O, kollektivdəki yaşlı və iddialı, öz təcrübələrinə arxalanan əməkdaşlarla işləməyin çətinliyini çox yaxşı bilirdi. Lakin Bəbir müəllimin ən böyük gücü məhz onun şəxsi keyfiyyətlərində idi. O, əməkdaşları səfərbər etmək üçün inzibati vasitələrdən deyil, şəxsi nümunə, dərin jurnalist məharəti və ədalətli rəhbərlik üslubundan istifadə edirdi. Redaktor masası arxasında oturduğu illərdə Bəbir müəllimin redaksiyada yaratdığı sağlam mənəvi-psixoloji mühit, kollektivin üzvləri arasında formalaşdırdığı peşəkar ab-hava Ağdam jurnalistikasının "qızıl dövrü" kimi xatırlanır.

...Bəbir Hüseynovun jurnalistikaya ən böyük töhfələrindən biri də gənc istedadları kəşf etməsi və onlara "yaşıl işıq" yandırması idi. O, jurnalist peşəsini seçmək istəyən gənclərə bir ata, bir ustad qayğısı ilə yanaşır, onların ilk imzalarının qəzetdə görünməsi üçün əlindən gələni edirdi. O dövrdə jurnalistika fakültəsinə daxil olmaq üçün tələb olunan yazılı zəmanətləri verməkdən çəkinməz, gənclərin özlərini təsdiq etməsi üçün onlara geniş imkanlar yaradardı. 1980-90-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ağdamlı gənclərin nəzərəçarpacaq dərəcədə çoxluğu birbaşa onun təşəbbüslərinin və zəmanətinin bəhrəsi idi. Sonralar ölkə mətbuatında özünə layiqli yer tutan, müxtəlif fəxri adlara layiq görülən bir çox tanınmış imzalar, məhz o illərdə Bəbir müəllimin redaksiyasında "peşəkar jurnalistikanın əlifbasını" öyrənmişlər. Onun bir gənc jurnalistin yazısını oxuduqdan sonra dediyi "yaxşı yazırsan!" sözü, bəlkə də, o gəncin gələcək karyerasında ən böyük stimul olurdu. Bəbir müəllimin redaktorluq fəlsəfəsində ən önəmli cəhət etimad idi. O, heç vaxt "təcrübəsizdir" deyib gəncin qarşısını kəsməzdi, əksinə, onu daha çox məsuliyyət altına salmaqla püxtələşməsinə şərait yaradardı. Onun qəzeti çapa imzaladığı o məşhur "qırmızı qələm" redaktələri, mətnin hər bir vergülünə, hər bir sözünə göstərilən diqqət - bunlar sadəcə texniki iş deyil, dilin saflığını qorumaq uğrunda aparılan müqəddəs bir savaş idi.

Qara Yanvar faciəsi zamanı və Ermənistanın işğalçılıq siyasəti başlayanda, informasiya blokadasının ən sərt anlarında o, qəzetini bir mübarizə meydanına çevirdi. Sovet hərbi komendantlığının və təzyiqlərin olduğu bir vaxtda, milli azadlıq hərəkatını təbliğ etmək, xalqın səsinə səs vermək hünər tələb edirdi. 1988-ci ilin fevralında Əsgəranda, düşmən gülləsinin qarşısında duran, xalqını qorumağa çalışan yerli ziyalıların arasında Bəbir müəllim də vardı. O, qəzetin adını sovet ideologiyasını təbliğ edən addan ("Lenin yolu") azad edib, məhz "Ağdam" kimi müqəddəs bir adla nəşrinə nail olmaqla, mənəvi bir dönüş nöqtəsi yaratdı.

Bəbir müəllimin redaktorluğunun son 10 ili Ağdamın və ağdamlıların ağır sınaqlarla üzləşdiyi dövrə düşdü. Həmin illərdə o, yaradıcılığını da, ictimai fəaliyyətini də azğın düşmənlə mübarizəyə, ağdamlıların bu mübarizəyə səfərbər edilməsinə yönəltdi. Həmyerliləri ilə birlikdə məcburi köçkünlüyün mərhumiyyətlərini yaşasa da, əsl ziyalı mövqeyi göstərdi, çətinliklərə mərdliklə sinə gərdi. Özünü Ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi sayan Bəbir Hüseynov dövlətçiliyimizin möhkəmlənməsində, ölkə Prezidentinin möhtəşəm fəaliyyətinin təbliğində ağsaqqal jurnalist kimi böyük həvəs və enerji ilə çalışdı...

Bəbir müəllim təkcə peşəkar redaktor deyil, həm də ailə ənənələrinə sadiq yüksək mənəviyyat sahibi idi. Ağdamın işğalından az sonra, 1994-cü ildə böyük oğlu Gündüzün faciəli ölümü Bəbir müəllimin qəlbinə ağır yara vurdu. Həyat yoldaşı, tanınmış həkim Şükufə xanımla, digər üç övladı ilə bu ağır dərdi baş-başa çəksə də, əli işdən soyumadı, qələmi kəsərdən düşmədi. Bundan sonra dörd il də "Ağdam" qəzetinə bacarıqla rəhbərlik edərək, onun nəşrini dayanmağa qoymadı. Ailənin ağır itkisinə məğrur dayanması Bəbir müəllimin bir ziyalı kimi həyata baxışının nə qədər dərin və təmkinli olduğunu sübut edirdi. O, övladlarını cəmiyyətə faydalı bir vətəndaş kimi yetişdirməklə valideynlik borcunu şərəflə yerinə yetirdi. Bəbir müəllimin Şükufə xanımla birlikdə yaratdıqları ailə ocağı, onların övladlarına aşıladıqları ziyalılıq ruhu indi də övladları, nəvə-nəticələri vasitəsilə davam etdirilir.

Bu gün, onun vəfatından iki il sonra, əziz Ağdamımızın xarabalıqları arasında gəzərkən, redaksiya binasının boşluğu adamı kədərləndirsə də, Bəbir müəllimin o binanın qarşısındakı əzəmətli, gülərüzlü duruşu gözlərimiz önündə canlanır. O, təkcə jurnalist kimi deyil, həm də bir vətənpərvər, bir ağsaqqal, bir ustad kimi yaddaşlara köçüb.

Bəbir Hüseynovun ömür kitabı son nəfəsinə qədər böyük məhəbbətlə bağlandığı jurnalistika ilə yazılmış bir dastandır. Onun qoyduğu irs - sözə, dilə, vətənə və insana olan hörmətdir. O, 92 illik ömrünün tən yarısını jurnalistikaya həsr edərək, həm də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində bir ziyalı kimi fəallıqla çalışıb.

Ruhun şad olsun, əziz Ustad! Sizin qələminiz də, xatirəniz də həmişə bizimlədir. Sizin izinizdən gedən hər bir qələm sahibi bilir ki, əsl jurnalistika - Bəbir Hüseynov kimi ləyaqətlə, cəsarətlə və təmkinlə yaşanmış ömürdür.

Möhtərəm RƏCƏBOVA,

Əməkdar mədəniyyət işçisi

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı