14 yanvar bir sıra tanınmış şəxslərin ömür yoluna işıq salıb. Eyni zamanda bu tarix bir sıra hadisələrlə yada qalıb.
14 yanvar tarixi bir çox tanınmış adamların ömründən ötüb. 1911-ci ilin bu günü Azərbaycan SSR EA prezidenti Zahid Xəlilov anadan olub. Sovet və Azərbaycan riyaziyyatçısı Zahid Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
Sovet dövrü Azərbaycanın ilk riyaziyyatçılarından biri olan alim Azərbaycanda funksional analiz məktəbinin əsasını qoyub.
Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti var. Zahid Xəlilov Azərbaycan funksional analiz məktəbinin banisi olmaqla yanaşı həm də SSRİ-də ilk "Funksional analiz" dərsliyinin müəllifidir. O, Azərbaycan riyaziyyatçılar cəmiyyətinin prezidenti olub/
14 yanvar 1923-cü ildə rejissor Tofiq Kazımov anadan olub. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur.
Tofiq Kazımov Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə evə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib.
Akademik teatrda həmişə gənc qəhrəman rolları tanınmış, müəyyən fəxri adlarla təltiflənmiş 50-60 yaşlı aktyorlara verilirdi. Bu səmərəsiz ənənəni məhz Tofiq Kazımov cəsarətlə sındırdı. O, "Sən həmişə mənimləsən" tamaşasında 18 yaşlı Nargiləni tələbə Amaliya Pənahovaya, "Ölülər"dəki gənc İsgəndəri 28 yaşlı Həsən Turabova.tapşırmaqla bu ənənəni dağıdıb. Milli rejissuramızın korifeylərindən sayılan Tofiq Kazımovun məzarı Bakıda ikinci Fəxri xiyabandadır.
14 yanvar 1952-ci ildə tanınmış Azərbaycan şairi Almas İldırım vəfat edib. Almas İldırım (İldırım Almaszadə) 25 mart 1907-ci ildə Bakıda anadan olub.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu Sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilib.
1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bugün" adlı şeir məcmuəsinin müəllifi olur. 1928-də şeirlərində ifadə olunan millətçi ismarıclarına görə İldırım Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar Səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə İldırım Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlir ki, “A.İldırım ideolojimiz üçün zərərli bir insandır...”. Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi arvadı Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür.
Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtimai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edəndə Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adı dörd oğlu qalıb.
1991-cü ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur.
14 yanvar 1999-cu ildə tanınmış aktrisa, Azərbaycanın xalq artisti Barat Şəkinskaya vəfat edib. Barat Həbib qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb. 1923-cü ildə Gəncəyə köçüblər. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.
Teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olub. Oğlu rəssam və kino aktyoru Elçin Məmmədovdur.
Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən Arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. “Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Xalq artisti (1949) Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə dünyasını dəyişib.
14 yanvar 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun həlak olduğu gündür. Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulub. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitunun hidro-meliorasiya fakültəsinə qəbul olub, 1973-cü ildə mühəndis ixtisası alaraq təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi xidmət edib.
1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib.
Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.
1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
1995-ci il yanvarın 15-də respublika Prezidentinin fərmanı ilə ölümündən sonra Elman Süleyman oğlu Hüseynova "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var. Tərtər rayonunda qəhrəmanın büstü qoyulub.
14 yanvar 1982-ci ildə məşhur ispan futbolçusu Viktor Valdes doğulub. “Barselona” futbol klubunun qapıçısıdır.
1965-ci ilin bu günündə çeçen komandan Şamil Basayev anadan olub
1966-cı ildə sovet raket konstruktoru Sergey Kololyov vəfat edib.
Modern.az