Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə qadınların ürəyindən xəbər verən fikirlər söyləyib. O bildirib ki, hazırda Azərbaycanda ümumi iqtisadi fəal əhalinin sayı 4 milyon 331 min 800 nəfərdir, onun 2 milyon 130 min nəfəri qadınlardır: "Qadınlar iqtisadiyyatın demək olar ki, bütün sahələrində çalışırlar. Qadınların məşğul əhalinin ümumi sayında payı 49,5 faizə çatıb".
Onun sözlərinə görə, Azərbaycanda əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda işləyir: "Özəl sektorda çalışan qadınların yalnız 3 faizinin öz şəxsi biznesi var. Bu, çox kiçik rəqəmdir. Bizneslə məşğul olan qadınlar əsasən kiçik müəssisələrdə fəaliyyət göstərirlər və qadınların çox az hissəsi orta və böyük müəssisələrdə çalışır".
...Tanıdığım bir qadının biznes qurmaq istəyini və bu zaman nələrlə qarşılaşdığının cüzi hissəsini qeyd etsəm yəqin ki, real məzərəni görmüş olacaqsınız. Həmin qadın şirniyyat məhsulları bişirməkdə ustadır. Çoxlu sayda yetirmələri var. Hamısını da yaşadığı ikiotaqlı mənzilində öyrədir. Zəhməti hesabına bir qədər para toplayan bu qadın fikirləşib ki, öyrətdiyi qızlarla birgə kiçik bir müəssə yaratsın və biznesini genişləndirsin. Həm də evində əlaqədar qurumlardan gizlənərək (əslində gizli demək olmaz, çünki hər ay onların haqq-hesabını vaxtında verirmiş-A.Ş.) iş görməkdənsə qanunauyğun fəaliyyət göstərməyi məqsədəuyğun sayır. Və beləcə qərarını qızlarla bölüşür. Təbii ki, onun yetirmələri bundan sevinirlər və ona bu işdə əllərindən gələn köməkliyi edəcəklərini bildirirlər.
Qadın ilk olaraq şəhərin hər hansı bir yerində torpaq sahəsi almaq üçün bələdiyyəyə baş vurur. Sədrin qəbuluna girmək istəyən qadına deyirlər ki, nə dərdin varsa müavinə müraciət elə. Məsləhətə qulaq asan qadın bələdiyyənin sədr müavininin qapısını döyür. İstəyini anladıb ondan kömək etməsini diləyir. Müavin heç bir problem olmadığını söyləyir və bildirir ki, bu işi görmək üçün ən azı 50-60 kvadratmetr torpaq sahəsi lazımdır. Torpaq sahəsi də daxil, müvafiq idarələrdən sənədləşdirmə işini həll etmək üçün ən azı 8-10 min manat məbləğində pul xərcləməlisən. Yoxsa, başqa cür buna nail olmaq mümkünsüzdür. Sonra isə əlavə edib: "Qadınsan, biznes işi sənin bildiyin iş deyil. Get tortunu bişir sat, 5-10 manatını qazan".
Bu tikanlı sözlər qadını qəzəbləndirir və qohmunun köməyi sayəsində 5 min manata torpaq sahəsi məsələsini həll edir. Tikintini aparmaq, şirniyyat sexi üçün avadanlıq almaq, ən əsası lisenziyanı əldə etməyə kifayət qədər pul xərclənəcəyini hesablayan inadkar qadın evini girov qoymaqla bankdan kredit götürür. Artıq iki ilə yaxındır məqsədini reallaşdırıb və bankdan götürdüyü krediti də ödəyib. Fikirləşib ki, rahat nəfəs alıb, büdcəni artırmağa və biznesini genişləndirməyə işləyəcək. Ancaq şəhərin yeni rəhbərliyi bütün ticarət və qeyri-ticarət obyektlərinə, o cümlədən həmin qadının da obyektinə əl qoyub-ya sökülüb, yenidən tikiləcək, ya da bağlanacaq. Tikintini də yalnız məsləhət gördükləri ustaların aparacağını, tikinti materiallarının da onlardan alınacağı şərt olaraq irəli sürülüb. Şərtlərdən biri də ortaqlıq məsələsidir ki, buna da qadın razılaşmayıb. İndi yenidən bankdan kredit götürmək və hər şeyi təzədən başlamaq, ya da biznesə əlvida demək lazımdır...