Bu gün Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın doğum günüdür.
Müğənni İlhamə Məzahir qızı Quliyeva 1948-ci il avqustun 17-də sənətkar ailəsində dünyaya gəlib. O Xalq artisti, korifey sənətkar Tükəzban İsmayılovanın qızıdır.
İlhamə Quliyeva 1969-ci ildə Azərbaycan Dövlət Univeristetini bitirib.
Sənətində irəliləməyə isə 1965-1970-ci illərdə başlayıb. Belə ki, 1965-1970-ci illərdə Azərbərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
İ.Quliyeva 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
Ölkə rəhbərliyi müğənnini "Şöhrət" ordeni ilə təltif edib.
İlhamə Quliyeva qısa müddət ailəli olub. 80-cı illərin sonunda çox qısa sürən bu evlilik müddətində müğənni Mirmöhsünova soyadını daşıyıb. Onun həyat yoldaşı Faiq Mirmöhsünov olub. Lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
İlhamə Quliyeva yaxın qohumunun oğlu Orxan Nadirovu övladlığa götürüb. Müğənni şou-biznes aləmində həm də “Primadonna” adı ilə tanınır.
Sənət aləmində o, həm də bir sıra qalmaqallarla yadda qalıb. Məsələn, İlhamə xanımın Xalq artisti Flora Kərimova ilə uzun illərdir davam edən dava-dalaşına bir neçə dəfə məhkəmə zalında da baxılıb. Bu qalmaqal zaman-zaman mətbuatın gündəmindən düşməyib.