Modern.az

Dədə Şəmşir ocağına böhtan atmaq ən azından ALLAHSIZLIQDIR!!!

Dədə Şəmşir ocağına böhtan atmaq ən azından ALLAHSIZLIQDIR!!!

Страна

14 Noyabr 2012, 11:32

80 YAŞLI KƏLBƏCƏRLI MODERN.AZ-A MƏKTUB YAZDI

Aşıq Şəmşir nəsli ilə əyani tanışlığım 1950-ci ilə təsadüf edir. Ona qədər Dədə Qurbanın, Dədə Şəmşirin yalnız şeirlərini eşitmişdim. Onlar mənim üçün əlçatmaz idilər.  

Tale elə gətirdi ki, orta məktəbin buraxılış imtahanlarını Ağdaban kəndindən olan həmyaşıdım Qurbanov Qənbər Şəmşir oğlu ilə bir yerdə verdik. O zaman Ağdaban kəndində ali təhsilli müəllimlər olmadığı üçün şagirdlər imtahanları vermək üçün rayon mərkəzinə gəlməli idilər.

Mənim Qənbər müəllimlə ilk tanışlığım həmin ildən başladı. Ancaq müxtəlif ixtisaslar seçdiyimizdən bir neçə il biri-birimizi görmədik. Xeyli vaxt sonra öyrəndim ki, Qənbər müəllim Ağdaban kəndində məktəb direktoru işləyir.

Qənbər müəllim çox çalışqan idi. Məhz savadlı, bacarıqlı olduğu üçün 1957-ci ildə rayon partiya komitəsinə təbliğat- təşviqat şöbəsi müdiri vəzifəsinə irəli çəkilərək, oradan da Ali Partiya Məktəbində oxumağa göndərildi.

Qənbər müəllim sonradan rayon mərkəzindəki məktəbə direktor təyin edildi. O zaman mən həmin məktəbdə direktor müavini işləyirdim. Bizim biri-birimizlə yaxın tanışlığımız və dostluğumuz oradan başladı. Qənbər müəllim direktor gələndən sonra məktəbin ab-havası dəyişərək respublikanın qabaqcıl məktəbləri sırasına keçdi. O, 1971-ci ildə irəli çəkilərək, Kəlbəcər Rayon Partiya Komitəsinin ikinci katibi seçildi. Məktəb direktorluğuna isə mənim namizədliyimi verərək, Azərbaycan Maarif Nazirliyinə təsdiqə göndərdilər. Beləcə həmin məktəbdə direktor işlədim. İşlədiyim on il müddətində o, məktəblə əlaqə saxlayır, lazımi köməyini əsirgəmirdi. Bir gün telefon zəng çaldı. Dəstəyi götürdüm, zəng edən Rayon Partiya Komitəsinin ikinci katibi Qənbər müəllimin katibəsi idi:
- Azay müəllim, yoldaş Qurbanov sizi gözləyir. 
Mən dəstəyi yerinə qoyub, Qənbər müəllimin yanına getdim.

O, mənə məktəbin gələcək planları haqda göstəriş verdi. Dedi ki. məktəbin torpaq sahəsində yonca, tərəvəz əkməklə bir şey çıxmaz. Həmin sahədə bağ salmaq lazımdır. Qənbər müəllimin göstərişi ilə həmin il alma, armud və digər meyvə ağacları əkdik. Bir neçə ildən sonra meyvə bağının hesabına məktəbin bankda xüsusi hesabı açıldı. Həmin pullara isə yetim, kimsəsiz və ailə vəziyyəti ağır olan şagirdlərə paltar alınırdı. 
Məktəbimizin təmirə böyük ehtiyacı var idi. Qənbər müəllim idman zalı, klub, yataqxananı təmir etmək üçün qonşu rayon rəhbərliyi ilə əlaqə saxlayıb, məktəbi yüksək səviyyədə təmir etdirdi. Onun tikinti-abadlıq işlərinin aparılmasında böyük rolu var idi. Hiss edirdim ki, o, qurucluq işlərindən zövq alır. 1983-cü ilin dekabrında  rayonda zəlzələ baş verdi. Qənbər Qurbanov Kəlbəcərdə baş verən zəlzələyə görə Moskva və Bakıda oldu. Təmir, tikinti işləri üçün vəsait ayırtdırmağa nail oldu.


Ermənilər Ağdərə yolunu bağlayanda Qənbər müəllim Murovdağ yolunun çəkilməsində böyük zəhmət çəkdi. Bir sözlə, Kəlbəcərdə televiziya qülləsinin tikilməsində, rayonun iqtisadiyyatının yüksəlişində Qənbər müəllimin rolu əvəzsizdir. Ona görə də Qənbər müəllim bütün kəlbəcərlilərin sevimlisi və ağsaqqalı kimi böyük hörmətə malikdir. Elə bir bölgə yoxdur ki, oranın mötəbər ağsaqqalları Qənbər müəllimin alicənablığından danışmasınlar. Məncə bunun bir səbəbi var. Nəsl şəcərəsi, axı o, Misgin Abdal nəslindən olan Dədə Qurbanın nəvəsi, Dədə Şəmşirin oğludur. Ot kök üstə bitər.

Mənim üçün çox maraqlı məqamlardan biri də Qənbər müəllimin atası Dədə Şəmşirlə dostluq münasibətlərinin olması idi. Qənbər müəllim Dədə Şəmşirlə yalnız ata-oğul kimi deyil, həm də dost kimi rəftar edirdi. Dədə Şəmşir oğluna Qənbər müəllim deyə, müraciət edirdi.

İndi də eyni münasibətləri Qənbər müəllim ilə oğlu Cavid Qurbanov arasında görürəm. Ənənələri necə incəliklə davam etdirirlər.

Qənbər müəllimin ən mühüm məziyyətlərindən biri də onun etibarlı, sədaqətli olmasıdır. Ata-anası kənddə yaşayırdı, o isə vaxt ayırıb onları mütamadi yoxlayırdı. Dostlara da eyni münasibət göstərirdi. Misgin Abdaldan üzü bəri yaşayan bu xüsusiyyət Dədə Şəmşir davamçılarının da həyat kredosudur.

Dədə Şəmşir ailəsi ermənilərlə mübarizədə ən çox şəhid verib. Qızı Çımnaz 1990-cı ildə Ağdərədə ermənilər tərəfindən qətlə yetirildi. Yüzlərlə ailə üzvü müharibədə şəhid oldu. Bu nəsil sözə nə qədər bağlıdırsa, Vətəni, torpağı ondan da çox sevir. 

1992-ci ildə ermənilər Dədə Şəmşirin kəndini-Ağdabanı yandıran zaman Qənbər müəllimin qardaşı Ələsgər bir neçə nəfərlə köməyə gedərkən, ermənilərin pusqusuna düşmüşdü. Heç kəs inana bilməzdi ki, o pusqudan kimsə salamat çıxsın. O, ağıllı hərəkəti, ovçuluq məharəti nəticəsində mühasirədən çıxaraq, ermənilərə layiqli zərbələr endirmişdi. Budur, Dədə Şəmşirin tərbiyə verib yetişdirdiyi layiqli övladlar.

O zaman Qənbər müəllim Kəlbəcər icra hakimiyyətinin başçısı olsaydı Kəlbəcər işğal olunmazdı. Bunu indi də hiss edirik.

1993-cü ilin mart ayından Kəlbəcərin qara günləri başladı. 31 mart 1993-cü ildə Kəlbəcərdən Xanların yolayrıcına kimi piyada gəldik. Yaşlı olduğum üçün ayaq üstə dura bilmədim. Kəlbəcərin Bakıdan olan ziyalıları Qənbər müəllim, Cavid Qurbanov, Əlövsət müəllim, Vahid və Nadir Həsənov qardaşları, İsgəndər Həmidov, Eldar Həsənov camaata ürək-dirək verir, təşkil olunmuş maşınlarla onların müxtəlif rayonlarda məskunlaşması üçün öz tapşırıqlarını verirdilər. Bir neçə gündən sonra mən də Bakıya gəldim. Mən onun şahidiyəm ki, Cavid Qurbanov yaşadığı evi də kəlbəcərlilərə verdi. Belə misallar minlərcədir. Dədə Şəmşir ocağından çıxanlar belə də etməlidirlər. Başqa cür ola bilməz. Bu gün də bu qayğıkeşlik davar edir. Bu gün də Dədə Şəmşir ocağı kəlbəcərlilərin son ümid yeridir.

Dədə Şəmşir ocağının davamçısı, Qənbər müəllimin  yetirməsi Cavid Qurbanov Prezidentimizə, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edir. Elə onun nəticəsidir ki, cənab Prezident İlham Əliyev Azərbaycanda yolların tilkilməsindən daim razılığını ifadə edir. Bu razılıq isə bizdə böyük qurur yaradır.

Biz əminik ki, Prezidentimizin rəhbərliyi ilə Kəlbəcər və digər işğal altında olan torpaqlarımız azad ediləcək. 

Nəqliyyat naziri Ziya Məmmədovun Cavid Qurbanova böyük etimad göstərməsi də adi məsələ deyil. Bunu qazanmaq lazımdır. Biz məcburi köçkünlər buna görə  cənab nazirə minnətdarıq.

Cavid Qurbanov 120 kəndi olan Kəbəcərin respublikanın 700-ə yaxın yaşayış yerlərində məskunlaşan kəlbəcərlilərə baş çəkir, onların hər birinin vəziyyətini öyrənib qayğısını əsirgəmir. O, yüzlərlə ağır xəstəni müalicə etdirir, kimsəsizlərə əl tutur. Bir daha qeyd edim ki, sadaladıqlarım onun gördüyü işlərin mində biri deyil.

Bilirisiniz, Dədə Şəmşir ocağı ilə tanışlığımın tarixçəsini niyə dilə gətirirəm? İndi  Cavid müəllimə şər, böhtan atmaq istəyənlər var. Ədalətsiz, haqsız şəkildə deputatımıza qarşı niyə bu şəkildə iyrənc addımlar atırlar, görəsən. Mən bu ailəni çox yaxından tanıyıram və bu ailəyə qarşı söylənilən hər kəlmə ən azından Allahsızlıqdır. Bu ailəni tanıyanlar bilirlər ki, onun üzvləri insanlığa dəyər verən, el dili ilə desək “bir qarışqanı ayaqlamayan” insanlardır.

Görünür, işləməyi bacarmayanlar şər, böhtan atmaqdan həzz alırlar. Amma onlar Cavid Qurbanovun məcburi köçkünlərə elədiklərini bilirlərmi?

Bizə Azərbaycanımızın daha da yüksəlişi, torpaqlarımızın ermənilərdən geri alınması lazımdır.

İnşallah Prezidentimizin rəhbərliyi ilə bunlara nail olacağıq.

Azay RƏHIMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı