Modern.az saytının məlumatına görə, Azərbayacan Milli Məclisinin sabiq deputatı, hazırda Londonda yaşayan Rza İbadov özünün yeni fotosunu Facebook sosial şəbəkəsində paylaşıb.
Bu, uzun illərdir Azərbaycandan kənarda yaşayan eks-deputatın son 8 ildə yayımlanan ilk şəklidir.
Modern.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi Milli Məclisin keçmiş deputatı Rza İbadovun 2011-ci ildən axrtarışa verib. İdarə eks-deputatın adını və şəklini o vaxtdan Nəsimi rayonu üzrə axtarışda olan cinayətkarların siyahısında yerləşdirib.
Rza İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bu maddələr üzrə hüquq pozuntularında iştirakı ilə əlaqədar ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığına görə onun barəsində axtarış elan edilib. Rza İbadov 1995-ci ildə 1-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə mandat qazanaraq deputat seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının rəhbəri olub. Milli Məclisdə deputat olduğu dönəmdə eks-spiker Rəsul Quliyevə qarşı sərt tənqidləri ilə fərqlənib. 2005-ci ildə parlament seçkilərinə qatılan Rza İbadov qalmaqallı kampaniyası ilə yadda qalıb. Rəqibi olan ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə yarışan eks-deputat seçki kampaniyasının pozulduğunu əsas gətirərək seçkini yarımçıq qoyumuşdu. Bundan sonra R.İbadov Azərbaycanı tərk edib. Sonralar onun Böyük Britaniyada yaşadığı bəlli olub. R.İbadov KİV-lərə açıqlamasında Londonda elmi və biznes fəaliyyətilə məşğul olduğunu deyib.
Rza İbadov mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.
Adının axtarışda olan şəxslərin siyahısına salınması eks-deputatı hiddətləndirib. O, 2012-ci ildə
Modern.az-a verdiyi müsahibəsində bununla bağlı deyib:
"Mənim şəklimi ora qoyan adamlar cahil və nadan adamlardır.
Onlar başa düşməlidirlər ki, bu günkü prezidentin ən yaxın dostu və onun yanında olan insanlardan biri olmuşam. İllərlə rəhmətliik Heydər Əliyevin hakimiyyətə gəlməsində rol oynayan bir nömrəli insanlardan biri olmuşam. 1990-cı ildə Moskvada, Azərbaycanın Daimi Nümayəndəliyində 20 yanvarla bağlı mətbuat konfransında bir sıra adamlar Heydər Əliyevə qarşı çıxış edəndə, onu müdafiə edən mən olmuşam. Həmişə Heydər Əliyev ailəsinin yanında olmuşam...".
A.Qorxmaz