Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov hakimləri səhv qərar verdiyinə görə məsuliyyətə cəlb edilməsindən danışıb. Onun sözlərinə görə, Azərbaycan məhkəmələrinin çıxardığı səhv qərar nəticəsində işlər Avropa Məhkəməsinə gedir. O, hakimlərin səhv hökmü nəticəsində Avropa Məhkəməsinin Azərbaycana kəsdiyi cərimələrə görə hakimlərin məsuliyyət daşıdığına diqqət çəkib və qeyd edib ki, zərərçəkən tərəfə kompensasiyanı həmin qərarı çıxardan məhkəmə sədrlərinin maaşlarından tutulmaqla ödəmək olar.
Bəs hüquqi prosedur necədir? Modern.az məsələ ilə bağlı rəyləri öyrənib.
Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevin fikrincə, istənilən hakim səhv edə bilər: “Yuxarı instansiya məhkəmələrinin səlahiyyətləri həmin səhvləri düzəltməkdən ibarətdir. Azərbaycan qanunvericiliyinə görə hakim qanun və hüquqi düşüncəni əsas tutmalıdır. Hər kəsin isə fərqli hüquq düşüncəsi ola bilər. Qərar qanunla hüquq düşüncəsinin uyğunlaşdırılması ilə verilməlidir ki, səhvlər olmasın. Digər tərəfdən, hakim səhv edirsə, onun əmək haqqından tutmaq məhkəmənin müstəqillik prinsipinə ziddir. Bu, tətbiq edilərsə, çox ciddi problemlər yaranar. Bu zaman hakimlərin müstəqilliyindən, ümumiyyətlə, danışmaq olmaz. Hakim dövlətin adından qərar qəbul edir. Buna görə də onun maaşından tutulmasının hüquqi tətbiqi düzgün olmazdı. Hakimlər qəsdən yanlış qərar çıxarırlarsa, buna görə hüquqi məsuliyyət daşıyırlar. Buna görə Cinayət Məcəlləsində normalar var”.
Bir neçə dəfə Avropa Məhkəməsində iddiaları üzrə qalib gələn ADP sədri Sərdar Cəlaloğlu isə fərqli düşünür. Onun sözlərinə
görə, Azərbaycan dövləti pulu ödəməlidir və həmin cərimənin verilməsinə səbəb olan məhkəmə orqanları həmin pulu geri qaytarmalıdır: “Amma bir çox hallarda qərarlar siyasi sifarişlə verilir, buna görə də hakimiyyət hakimləri məsuliyyətə cəlb etməkdə maraqlı olmur. Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar hələ bu günə kimi icra olunmayıb. Ödənilən cərimələr Avropa İnsan Haqları Xartiyasının pozulmasına görə verilən mənəvi kompensasiyadır. Mən ilyarım qanunsuz həbsdə olmuşam. Evimə hücün ediblər, yoldaşımın, gəlinimin qiymətli əşyalarını oğurlayıblar. Bu ziyanı dövlət mənə ödəməyib. Bunun üçün məhkəmə olmalıdır ki, biz də iddialarımızı ortaya qoyaq, dəyən maddi ziyanı tələb edək. Avropa Məhkəməsinin qərarı ilə verilən kompensasiya yalnız mənəvi kompensasiyadır. Onun əsl, maddi kompensasiyaya dəxli yoxdur. Həmin pulu məhkəmə sədri ödəməlidir. Ancaq dövlət məhkəmədə sübut etməlidir ki, hakim səhv qərar çıxarıb. Bundan sonra isə həmin hakimi cəzalandırmalıdır. İstənilən hakimi sədrlik hüququndan məhrum edə bilərlər”.
Aqşin Kərimov