Məhşur Azərbaycan filmindən olan başlıqdakı bu kiçicik fraqmentdən 1999-2000-ci illərdə AXCP-də siyasi fırtınalar qopmağa başlayanda, Mahir Səmədov adlı cəbhəçinin Əli Kərimliyə qarşı açıq və böyük rezonans doğuran savaşında bir xitab kimi istifadə edilmiş, analoji məzmun daşıyan həmin müraciət qeyri-leqal fəaliyyət göstərən “Yurd”un taleyinə aydın bir güzgü tutmuşdu. Vaxtilə SSRİ rəsmisi Yazovun dövlət içində dövlət kimi xarakterizə etdiyi AXCP-nin daxilində Elçibəyə rəqib yetişərək öz “dövlət”ini yaratmağa çalışan Ə.Kərimli bu partiyanı tam öz hegemonluğu altına salmağa yaxınlaşırkən, “Yurd” yurdçuların özü tərəfindən ifşa olundu, sayı-hesabı bilinməyən üzvləri məxfi təşkilatı tərk etdi, beləliklə, dağılan Kərimli mifindən sonra “Yurd”da nə qəmlolar qaldı, nə də mirzələr ordusu. Qalansa bu məhşur ifadə oldu.
2013-cü ilin prezident seçkisindəki məğlubiyyətdən sonra əhəmiyyətsiz bir format səviyyəsinə düşən Milli Şuranı Əli Kərimli Cəmil Həsənlinin keçmiş siyasi şəcərəsindən istifadə edib, elə bərk-bərk özünə tərəf çəkdi ki, sanki bu şura AXCP ətrafı bir bloka çevriləcək və gələcək inteqrasiya prosesləri onun təşkilatı ətrafında təşəkkül tapacaqdı. Açığı, kənardan müəyyən qədər belə də görünürdü, çünki bir tərəfdən, öz imkanlarını, iddialarını ortaya qoymaq növbəsi ona çatırdı, digər tərəfdən, Milli Şuranın buraxılması təkliflərində Müsavat tək qalırdı, formatda iştirak edən qurumlar, tanınmış personalar oxşar rakursdan çıxış etmirdi. Müsavatın Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə demarşı Milli Şuranın gerçək və qeyri-səmimi təəssübkeşlərində partiyaya qarşı bir antipatiya yaratmışdı. AXCP səmtinə çəkilmək Müsavata qarşı koalisiya kimi görünsə də, zahiri nüanslar Kərimlini aldatmamalı, az vaxtdan sonra Milli Şurada kimsənin qalmayacağını siyasətçi olduğu üçün doğru-düzgün o, proqnozlaşdırmalıydı.
Müsavat getdi, ardınca, digər əsas sütun El hərəkatı buranı tərk etdi. ACP, ALP varlığı ilə yoxluğu bilinməyən bir təmsilçilik vəziyyəti yaratdı. Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunus beş illik viza ilə ölkəni tərk etməyə hazırlaşırmışsa, deməli, o, Milli Şuradan da gedirmiş. Nəhayət, iki gün əvvəl Mirmahmud Mirəlioğlu da yollarını ayırdı. “Tək qalmışıq Kərbəlayı!” ifadəsi Əli Kərimli üçün yenidən aktuallıq qazandı. Bu dəfə xitab edən Mahir Səmədov yox, yəqin ki, Cəmil Həsənli olmalıdır.
Rüstəm İbrahimbəyova qalmayan bir qurum Əli Kərimliyə qala bilərdimi? O qurumun ki, kökləri artıq çürümüşdü, Kərimli nə qədər qulluq göstərsəydi belə, Milli Şuranın qamətinin düz dayanmasına, iri qol-budaqlar atmasına çətin müyəssər ola bilərdi. O zaman sual yaranır: öz missiyasını başa vurmuş, varlığına son verilmiş bir qurum üçün ən yaxın müttəfiqlə körpüləri yandırmaq AXCP-yə nəsə verdimi? Populyar bir qəzetin baş redaktoru ilə, digər müsavatçılarla kompromat savaşına, ixtilafa girmək lazım idimi? Milli Şura üçün aparılan mənasız davaya görə müxalif düşərgədə dezinteqrasiya proseslərinin sürətlənməsinə dəyərdimi?
Sualların hər üçünə cavab “yox” şəklində ifadə oluna bilər. Məsələ burasındadır ki, Milli Şuradakı qurumlardan, fərdlərdən AXCP-yə daha yaxın Müsavat idi, on çəkisi olmayan təşkilatla birləşmək çəkisi olan bir müttəfiqin yerini verə bilməz və Müsavatdan kənar hər hansı bloklaşma Xalq Cəbhəsini maksimum dvidentlərə çətin, yaxın sala bilərdi.
Kərimli isə reallığı və zamanını düzgün qiymətləndirə bilmədi. Milli Şuranın siyasi uğursuzluqlarının səbəbinin ictimai rəydə, əsasən Müsavatın ayağına yazılması və təşkilatın gözlənilən qurultayında İsa Qəmbər erasının başa çatması düşüncəsi müxalifətdə meydanın boşalması, aparıcı liderlik statusunun özünün əlinə keçəcəyinə Kərimlini ümidləndirdi.
Özündən bir on yaş böyük olan, ikitərəfli və çoxtərəfli saziş üçün qərargahına, ayağına gəldiyi İsa Qəmbərə rədd cavabı verən Kərimli yanındakı Milli Şura komandasını yeni bir qurum adı altında birləşdirmək, ciddi əməkdaşlıq mərkəzi ortaya qoyub hakimiyyətlə mübarizə planları və Müsavatı zəiflədib özünə qatmaq, ya da onu siyasi proseslərdən izolyasiya etmək ssenarisi cızarkən, kimsə nə AXCP-nin ruporuna çevriləcək Milli Şurada qalmaq haqqında qərar verdi, nə də kiminsə ürəyinə Kərimlinin siyasi gələcəyinə olan inam toxumları düşdü. Əks halda, yaxınlaşan bələdiyyə və parlament seçkiləri üçün siyasi mübarizənin təşkilində həmin qüvvələr AXCP ilə birlikdə hərəkət etmək qərarı çıxarardı. Bu, həm də o mənanı verir ki, Xalq Cəbhəsi Müsavatsız Milli Şuranı, ya bu adda saxlayıb, ya başqa ada transfer edərək, öz mənafeyinə uyğun gələn bir format kimi gücləndirmək mübarizəsini uduzdu. Milli Şuranın başqalarının timsalında boşalması faktları da bunun bariz nümunəsidir.
Halbuki nəticələr başqa cür də ola bilərdi. Milli Şura təşəkkül taparkən böyük bir konsalidasiya prosesinin baş tutmasını fəxrlə dilə gətirən siyasi qüvvələr onun fəaliyyətinə konsensus əsasında xitam verməklə, müəyyən bir fasilədən sonra, heç bir psixoloji baryer görmədən yeni inteqrasiya məsələlərində səfərbərlik ortaya qoya bilərdi. Lakin hərə bir tərəfdə ciddi fəaliyyət imitasiyası yaratdı, əslində isə siyasi mənzərədə bir vakuum yaşandı, yaşanmaqda da davam edir. Seçkidən sonra növbəti addımlarla bağlı gurultulu bəyanatlar səslənsə də, siyasi mübarizədə qabarıq bir fasilə var, fəaliyyət prioritetləri elan olunmayıb, siyasi qüvvələrin əlaqələri iflic vəziyyətə düşüb.
AXCP özülsüz bir format müstəvisində gələcək addımların müzakirəsində qərarsızlıq durumu yaşayırkən, Müsavat El hərəkatı ilə birlikdə Ukranya hadisələri, regionu bürüyən yeni Rusiya imperializmi qorxusu kimi aktiv geosiyasi proseslərin polemikası masasında qarşıdakı hədəflərdə bərabər çıxış etmək anlaşmasına nail olmaqla, vakuumu qismən aradan götürüb, müxalifət cəbhələşməsində disbalansı pozub. Milli Şuranı zahirən öz içinə alması ilə tərəzinin gözündə ağırlaşan AXCP-nin çəkisini azaldaraq, öz çəkisi ilə yanaşı qoya bilib. Milli Şuranın boşalıb, yalnızca AXCP-nin ümidinə qalması Müsavatın xeyrinə işləyən faktora çevrilir, çünki El hərəkatı ilə dil tapa bilməsi və başqa qüvvələrə bu yaxınlaşma ilə verilən impulslar tərəzidə ağırlıq şansını onun ixtiyarına keçirir.