Modern.az

18 yaşlı ilk azərbaycanlı rəis

18 yaşlı ilk azərbaycanlı rəis

Страна

19 Oktyabr 2014, 00:48

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü

18 yaşında 22 nəfərlik radiostansiya heyətinə rəhbərlik edən ilk qafqazlı

1984-cü ildə orta məktəbi bitirib Moskva İdarəetmə İnstitutuna qəbul olundum. Rus dilini yaxşı bilmirdim. Oxumaq mənə çətin oldu. İnstitutdan qovuldum. Məşhur yazıçı, professor, eyni zamanda mənim dayım olan Samir Tağızadə təhsilimlə məşğul olmağa başladı. 
Bu istiqamətdə ilk addımı atmaq, Moskva Avtomobil Nəqliyyatı İnstitutunun axşam şöbəsinə sənədlərimi vermək üçün mütləq Moskvada qeydiyyata düşməliydim. Dayım məni Moskvada 201 nömrəli SQPTU qəbul elətdirdi. Bu vəsiləylə orda təhsil aldığım müddətdə həm qeydiyyat yerim? həm də peşə təhsilim olacaqdı, rus dilini mükəmməl öyrənə biləcəkdim. Üstəlik, axşam bölməsində oxumaqla instituta qəbul olmağım üçün heç bir maneə qalmayacaqdı.

Rəhmətlik dayım... Böyük professor, alim, yazıçı idi, iyirmidən çox kitab müəllifi idi. 1999-cu ildə Türkiyədə yol-nəqliyyat qəzası zamanı həlak oldu. Mən, instituta qəbul olundum, Moskvadan hərbi xidmətə çağırıldım. Almaniyada xidmət elədim.
Hərbi xidmətə başlayandan bir neçə gün keçəndən sonra bizi sıraya düzdülər. Ali məktəb bitirənlərdən və institutda oxuyanlardan 30 nəfərini ayırdılar. Sonra onların içərisindən də 15 nəfər seçdilər. Seçilənlərin içərisində mən də vardım. Generala məruzə etdilər. O, seçilənlərə bir-bir baxır və suallar ünvanlayırdı. Mənə çatanda soruşdu ki, hansı institutda oxuyuram.
Mən də rusca dedim: “Moskovskiy Avtodorojnıy İnstitut”.
General:
- Bir addım irəli!
Mən irəli çıxdım. Köməkçisi mənim ad-familiyamı yazdı. Qəribəydi, o mənim yanımdakılara bir neçə sual vermişdi, amma mənə bircə sual verdi. 
Adları yazılanları sıradan ayırdılar. Rabitə sahəsi ən məxfi hərbi sahə sayılırdı.
Dedim, hə, ona görə bir belə sorğu-sual edirlərmiş. Beləcə, rabitəçi oldum, necə deyərlər, “svyazist”. Amma əvvəlcə altı ay oxumalıydım.
Dərsə başladığımız ilk gün çavuşdan soruşdum:
- Burada azərbaycanlı varmı?
Çavuş:
- Neynirsən azərbaycanlıları?
- Yerlilərimi soruşuram, burda nə var ki?
Cavuş heyrətlə:
- Sən Azərbaycanlısan? Bəs bura necə düşmüsən? - deyib məni rota komandirinin müavininin yanına gətirdi. O da məni gətirdi rota komandirinin yanına ki, bu əsgər azərbaycanlıdır. Rota komandiri tez mənim hərbi biletimə baxıb soruşdu:
- Qasımov, sən necə düşmüsən bura, səni kim yazıb?
- Bilmirəm, seçildik, mən də digər bir neçə yoldaşımla bura gəldim.
Komandir gizirə tərəf dönüb dedi:
- Götür əsgəri də, çöldə gözləyin.
Komandirin qapısı açıq idi. O deyəsən generalla danışırdı. Birdən komandir çıxdı, gizirə  səsləndi:
- Bu əsgəri generalın qəbuluna apar, özü də qaça-qaça gedin.
Gizir üstümə çımxırdı:
- Tez ol, gəl!
 Dayanıb əyin-başımı qaydaya salıb soruşdum:
- Nə olub axı?
Gizir:
-Gəl, danışma. Aləmi qatmısan bir-birinə. Neçə ildir burada işləyirəm, hələ generalın qəbulunda olmamışam. Sən gələn kimi çağırdı. İndi səni yerlilərinin yanına, piyada hissəsinə göndərəcək.


Bu baş verənlərdən heç nə başa düşmürdim. Amma bu qaçhaqaç məni bir balaca qorxuya salmışdı. Gözləmə otağında çox qalmadım. Çağırdılar kı, “əsgər Qasımov gəlsin”. Otağa girəndə zabitlərimizi ayaqüstündə gördüm. Bizim komandir də daxil olmaqla bir neçəsini tanıyırdım. Girən kimi istədim məruzə edəm, general sözümü kəsərək:
- Axırıncı dəfə deyirəm, bu əsgəri kim yazıb bura? Kim satıb Vətəni? Cavab verin!
Heç kimdən səs çıxmadı…
General bu dəfə mənim üstümə səsini qaldırdı:
- Əsgər Qasımov, kim yazıb səni bu məxfi rotaya? Sən bura neçə düşmüsən?!
Mən duruxa-duruxa səsləndim:
-Yoldaş general, Siz.
General:
- Başa düşmədim!
- Siz yazdınız, yoldaş general” - deyə  təkrar elədim.
O, köməkçisinə:
 - Mən? Bəlkə sən?
Köməkçisi kəkələyə-kəkələyə:
 - Sualınıza cavab verdi, siz də dediniz bir addım qabağa! Mən də bura götürdüm.
Köməkçinin qırmızı dəftəri vardı, mənim adımı da dəftərdə qeyd elədiyi yeri əlində hazır tutmuşdu.
General:
 -Hansı? O arxa sırada olan?
Köməkçi:
- Bəli, yoldaş general.
General:
- Demək mən yazmışam?! Olsun. Burada oxuyacaq. Əla rabitəçi olacaq. O ki, ilk qafqazlı olaraq bura düşə bilib, mən də onu buradan SSRİ nin ən məxfi yerinə göndərəcəm.
O, ikinci rotanın komandirinə xüsusi tapşırıq verdi:
- Qasımov ən yaxşı radio-teleqrafçı olacaq! Dağılışın!
Rota komandiri məni bir otağa gətirdi, orada yığılan çavuşlarla tanış eləyib lazımi tapşırıqlarını verdi. Onlara generalın əmrini çatdırdı. Sonra çavuşlar mənə deilər ki, biz işlədiyimiz müddətdə bu məxfi rotada azərbaycanlı olmayıb. Bu əsgər əla rabitəçi olmalıdır, “azbuka mozq” öyrədirdilər.
Bir ay keçmişdi. Yazıqlar məni öyrətmək üçün dəridən-qabıqdan çıxırdılar. Mənsə bir şey öyrənə bilmirdim. Hələ də ancaq “azbuka mozq” öyrədirdilər. Çavuşlar məni bütün növbədən azad eləmişdilər. Rota komandiri bir gün məni onlardan soruşdu:
- Qasımov necədir, öyrənə bilirmi?
Çavuşlar:
- Biz ona hələ rus dilini öyrədirik - dedilər.
Hələ də düşündükcə öz-özümə məəttəl qalıram. Mən o vaxt rus dilini elə öyrəndim ki, inanırsınız, indi də unutmamışam. Hələ indi də “azbuka mozq”dan radioqramma qəbul edib göndərə bilərəm.
Xülasə, vaxt gəldi. İmtahan verəsi oldum. Qazandım! General şəxsən qəbul elədi.
Dedi ki, “səni ən məxfi yerlərə göndərəcəyəm zabit ştatına. O hərbçidən biri sən olacaqsan. Çünki bura düşən ilk qafqazlı sən olmusan.
Sənə güvənirəm!”. Sonra da əlini kürəyimə çəkdi.
Generalla ilk görüşüm yadıma düşdü. Ona qarşı olan nifrətim öz yerini hörmətə, sayğıya verdi.
Verderdə müdavim kimi tədris kursunu başa vurduqdan sonra Veymarın Nora qəsəbəsində 8 qərargahdan ibarət, sahə poçtası 61877 olan hərbi hissənin rabitə batalyonuna gəldim. Məni məxfi sənədlərlə tanış etdikdən sonra radiostansiyanın rəisi vəzifəsinə təyin elədilər.
İşlədikcə anlayırdım ki, dünyanın ən böyük ölkəsi olan Sovet Hökuməti mənə nə qədər vacib sahə etibar edib. İçimdə məsuliyyətlə bərabər qəribə bir qorxu da vardı. Kapitalist ölkələrindən radioqramlar gəlirdi, onlar çox məxfi idi. Onların qəbulu elə də asan iş deyildi. Adam inanmırdı ki, belə bir işin öhdəsindən gələ bilər.
Ciddi bir rejimdə xidmət edirdim. Yazdığımız məktubları zərfə qoyub ağzı açıq verirdik. Bizə gələn məktublar da eyni şəkildə gəlirdi. O vaxtlar təzə fotoaparatlar vardı  - Kodak. Çəkən kimi özü də çıxarırdı. Mən o şəklin birini cibimə qoymuşdum. Uzun müddət cibimdə qaldığından şəklin plyonkası ikiyə aralanmışdı. Ağlıma gəldi ki, bu “sloyların” arasına pul qoymaq olar. Düz deyirlər ki, bizim ağlımıza gələn heç almanların da ağlına gəlməz. O şəkli evə göndərdim və yazdım ki, bura şax pul qoyub göndərsinlər. Elə də oldu. Neçə dəfələrlə evdən bu qaydada pul gəldi. Mən də onu dəyişib xərcləməyə başladım.
Bir gün çağırdılar batalyonun qərargahına. Gəldim ki, bir mayor əyləşib. İçəri girən kimi yanında dayanmış rota komandirimiz dedi:
- Budur Qasımov.
Mayor ağzında familiyamı təkrarladı:
- Qasımov, Qasımov… sonra, - mənim Qasımovla bir az söhbətim olacaq, - dedi. Rota komandirimiz çıxdı. Mayorun ilk sualı belə oldu:
- Sən bura necə düşmüsən?
Bilmirdim söhbət nədən gedir, bu söz məni cox əsəbiləşdirdi, mən elə bildim yenə bu məsələylə bağlı sorğu-sual eləməyə gəliblər. Qaşlarımı çatıb:
- Bilmirəm, hamı necə, mən də elə, - dedim.
Mayor soruşdu:
- Yaxşı, mətləbə keçək. Sən neçə marka alırsan?
- 70 marka.
Mayor:
- Hə, çünki sən zabit ştatında oturmusan. Bəs nə qədər xərcləyirsən ayda?
- Elə 70 marka.
Mayor:
- Yalan deyirsən.
Baxdım ki, mundirindəki prokuror gerbidi. Səhərəcən bir stəkan su da içmədi, mənimlə mübahisə elədi. Qarışıq suallar verdi. Hər dəfə də istəyinə nail olmayınca yeni bir siqar yandırırdı. Səhərə yaxın qovluğunu da götürüb çıxdı. Mənə isə bir stəkan kompot, bir dilim də ağ çörək gətirmişdilər. Qayıdıb mənə dedi ki, çörəyini ye, indi gələcəm başlayarıq. Mən də kompotu içdim, çörəyi yeyə bilmədim. Boğazımdan keçmədi. Cibimdə altmış rus rublu, yüz əlli alman markası vardı. Üstümə baxış keçirilsə onu da tapacaqlarından qorxurdum. Bir az keçməmiş əlində nəsə kağız-kuğuz gəldi və əyləşmədən dedi:
- Hə, indi nə deyəcəksən? Bunlar da sənin dükandan aldıqlarının siyahısı: sonuncu ay 320 marka, əvvəlki ay 270 marka. Sübut üçün bunlar kifayətdir.
Sözümün üstündə durmaqdan başqa çıxış yolum yox idi. Boynuma almadım.
- Siz nə danışırsınız? Məndə bu qədər pul nə gəzirdi?
Mayor sözümü kəsdi:
- Bax partizan, elə mənə də o lazımdır ki, səndə bu qədər pul hardandır?! Buyur görək. Yenə boynuma almadım. O bir siyahı çıxarıb mənim mağazaya getdiyim günlərin tarixini, aldığım əşyaların adlarını, qiymətlərini ortaya qoydu:
- Bu da sübut! İndi istəyirsən satıcı üzünə dursun ki, sən ordan alver eləməmisən, hə?!
- Hə, eləmişəm deyib,- başımı aşağı saldım. Başqa yolum qalmamışdı.
- Bir ildən artıqdır pullarımı yığırdım ki, evə gedəndə hədiyyələr alım, amma dözə bilmədim, xərcləməyə başladım.

Partizan sözü xoşuma gəldi. O addan sonra onun gözünün içinə dik baxdım. Əlacsız qalıb əlini cibinə apardı. Partiya biletini çıxarıb stolun üstünə qoyub, dedi:
- Sən qazandın! And olsun bu partbiletimə, əgər başqa bir cinayətin yoxdursa, (satqınlığı nəzərdə tuturdu) təkcə bu pul məsələsidirsə, səni bağışlayacam. Düzünü de görüm, bu pullar hardandır?
Ona inandım, dedim ki:
 - Bax and içdiniz. Hələ bir siqar verin.
Verdi, yandırdım. Başım fırlandı. Elə bil sərxoş oldum, danışmağa  başladım:
- Pul mənə məktubda gəlir, şəklin arasında.
Mayor:
- Necə? Bəs rus pulunu necə markaya dəyişirdin?
- Əsgərlərə verirdim, dəyişdirib gətirirdilər.
Mayor:
- Əsgərlər bunu edə bilməzdilər, düzünü de.
-Partbiletinizə and için ki, heç kimi incitməyəcəksiniz.
Güldü, - sən bilirsən nəsən, - dedi və and içdi. Dedi, “amma bu şərtlə, hərbi sirr, satqınlıq olmasın”. Dedim 2elə işimiz yoxdur. Mən səhərlər idman eləyəndə, yəni qaçan vaxt sürücünün yanına çatanda rus pulunu onun yanında tullayıb qaçışıma davam edirdim. O da götürürdü”. Sürücü zabitlərin uşaqlarını məktəbə aparırdı deyə, şəhərə sərbəst çıxa bilirdi. Ona pul dəyişdirmək çətin olmurdu.
Eləcə başını bulayıb - bir şey də soruşacam, bu başqa məsələdir, mənimçün maraqlıdır, -dedi. Bir qurtum su alıb davam elədi:
 - Rusların özü yüz dəfə yoxlanandan sonra bura düşə bilir. Sən necə olub bura düşmüsən. Bilirsən ki, Veymarın Nora kəndindəki 8 ştabdan ibarət Sovet Ordusunun ən məxfi hərbi hissəsidir bu. Sən bura elə-belə təsadüfi düşə bilməzdin.
- Çavuşlardan tutmuş generala qədər bu sualı mənə çox veriblər. Hələ də anlamıram, burda nə var ki. Mən də Sovet vətəndaşıyam, Sovet Ordusunun əsgəriyəm. Niyə elə bilirsiniz ki, mən buraya hansısa yollarla düşmüşəm. Burada qulluq etmək mənə çox lazım idi? İstəyirsiniz, bu saat məni başqa hərbi hissəyə göndərin, Sizə minnətdar olaram.
Mayor:
- Mən göndərə bilmərəm. Bilirəm, xidmət etdiyin hissə cox məxfidir. Onun arxa qapısından maşınla girəndə sürücü belə, səndən icazəsiz içəri daxil ola bilməz.
Nə də komandirin iş sahənizə kimsə girə bilər. Əgər sənin sürücün belə, icazəsiz bircə dəfə maşınıyla içəri daxil olarsa, onu üç illik həbs cəzası gözləyir. Çox məxfi, ciddi yer olsa da, şərəfli yerdir, hər adam burda xidmət edə bilmir. Sən niyə istəmirsən, bilmirəm.
Dedim ki:
- İnciməyin, “bura necə düşmüsən” sualından bezmişəm. Hər sual veriləndə özüm də şübhələnməyə başlayıram. Mən axı öz xahişimlə bura düşməmişəm ki.
Mayor sonra bildirdi ki:
- Səninlə söhbətimizin nəticələrindən çox şey asılı idi. Mənim raportumu gözləyirlər. Batalyon komandirinizə deyəcəyəm ki, Qasımov xidmətini davam etdirə bilər.
Sağollaşıb çıxdı. Bir neçə gündən sonra məni axtardığını eşitdim. Ürəyim qopdu ki, görəsən indi neyləmişəm. Görüşdük. Mənə bir məktub uzatdı ki, açım. Baxdım ki, mənə gəlib. İlk dəfəydi ki, məktubu özüm açırdım. İçində şəkil var idi. Şəklin bir küncünü araladım, iki qatın arasında beş ədəd “onluq” vardı.
Yadınızdadı da, qırmızı onluq! Alman bankı 50 və 100 rubl əskinazlarını qəbul etmirdi, ancaq 5-lik, 10-luq dəyişdirilirdi.
Mayor:
- Bu sonuncu dəfə olsun, deyib gülümsədi, ayağa durub dedi:
 - Sən yaxşı əsgərsən, vətənə ləyaqətlə qulluq edirsən. Sənin SSRİ haqda bildiyin məxfi məlumatları heç mən bilmirəm.
O mənim komandirimə dedi:
- Qasımov bizə bilmədiklərimizi də öyrətdi.
Komandirim:
- Qasımov əla rabitəçidir. Məsuliyyətlə və şərəflə xidmət edir.

Cəmi bir neçə gün əvvəl nifrət elədiyim mayor sözünün üstündə durmuşdu. Bu da ona qarşı rəğbət oyatmışdı məndə. Bizi səkkizinci ordu qərargahının hərbi texnikası yerləşən qarajları mühafizə rotası qoruyurdu. O rotada 4 azərbaycanlı vardı. Mən özümün əsgərlik albomumdan onların ünvanını göstərirəm:
1) Çavuş Həsənov Nizami (Xaçmaz şəhəri, ev 9, tel. 3-15-69),
2) Dadaşov Afşar, Astara rayonu, Siyakeran kəndi (tel. 24-1-42),
3) Heydərov Seyfəddin (Masallı rayonu, Türkoba kəndi),
4) Əliyev İdris, Salyan rayonu, Stansiya qəsəbəsi, ev 83.
Mən bu dörd həmyerlimlə həftədə bir dəfə görüşürdüm. Məxfi rabitəçi olduğumdan, nəzarətdə idim. Odur ki, görüşümüz çox çəkmirdi, cəmi beş dəqiqə söhbət edə bilirdik. (27 il görmədiyim əsgər yoldaşlarımı yenidən görsəydim çox sevinərdim. Bəlkə də bu onlardan hansısa biri bu yazımı oxudu, ya da oxuyanlardan onları tanıyanlar olsa əlim onlara çatar…)

Günlər ötdü… xidmətimi başa vurub Tovuza gəldim. Qohum-qonşular başıma toplaşdılar. Süfrə açıldı, yeyib-içib şənləndik.
Müəyyən səbəblərə görə atam Moskvada təhsil almağıma imkan verməmişdi. Mən 1987-ci ildə, Vətənim Azərbaycanda Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olundum.
 1993-cü ildə Ukrayna Beynəlxalq Hüquq Akademiyasına, 2006-cı ildə Polis Akademiyasına qəbul olundum.

Mən Bakı Dövlət Universitetinin üçüncü kursunda oxuyurdum, Qarabağ müharibəsi başlayanda. Rusiyada öyrəndiklərimi öz əsgərlərimizə də çatdırmaq, qələbə naminə hərbi biliyimdən istifadə olunması üçün (“azbuka mozq”) Tovuz Hərbi Komissarlığına üz tutub Novruzov Ömər Mövsum oğluyla görüşdüm. O təcrübəli zabitiydi, mənim hərbi biletimə baxıb Müdafiə Nazirliyi ilə əlaqə saxladı. Və bildirdi ki, müharibədə qələbə qazanmaq üçün ilk olaraq rabitə məktəbi yaradılmalıdır.
Bakıya gəldim, Nazirlikdə mənim üzümə baxan, qəbul edən də olmadı. Sadəcə bir nəfər polkovnik mənə dedi ki:
-Əgər sən Vətəni qorumaq istəyirsənsə, get silah al əlinə, döyüş.
Mən Ömərlə əlaqə saxladım, o da öz müqabilində bu baş verənlərə “Müdafiə Nazirliyinin adı var, özü yox” deyə münasibət bildirdi.
Ağdama yollandım. Qubadlıda döyüşlərdə iştirak elədim, Tovuzda oldum. Bir ildən sonra Ömərlə  növbəti görüşümdə hərbi biletimi istədim. O da mənim hərbi biletimə, döyüşlərdə iştirakıma dair bir ilin qeydiyyatını aparıb özümə geri qaytardı.

Bu yazdıqlarım mənim yaşadığım həyatın çox kiçik bir hissəsidir. Növbəti yazımda atamın məni Moskvaya niyə göndərmədiyindən bəhs edəcəm. Bu, mənim həyatımdır. On səkkiz yaşında iyirmi iki nəfərlik bir radisotansiyaya rəhbərlik edən, otuz səkkiz yaşında rəis olan qafqazlı balasının həyatı…
Bəs qırx səkkiz yaşında necə? Hardadır? Kimdir?

Növbəti yazılarda görüşənədək…

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı