Modern.az

Molla kitab açır

Molla kitab açır

Ölkə

20 Oktyabr 2014, 10:27

filologiya elmləri doktoru, professor

Yəqin ki, belə adamlarla tez-tez qarşılaşırsınız. Deyə bilərsiniz ki, necə adamlarla? Bir az səbirli olun, indi deyəcəyəm. Hər zaman “Allaha şükür”, “Allah kərimdir”, “Yaxşı olar” deyənləri nəzərdə tuturam. Bir tətərəfdən onlar Allah adamıdır, bütün işləri Allahın icazəsində, iznində görürlər. Allaha hər zaman şükranlıq edirlər. Belələri olanları, baş verənləri Allahın məqbul saydığı işlərdən hesab edirlər. Başqa sözlə, belələri Allahını tanıyır, bəndələrinə isə hörmətli, izzətli və mərhəmətli olurlar. Ancaq belələri bəzən daha çox əziyyət çəkirlər. Ona görə əziyyət çəkirlər ki, onlar bəzən zəhmətdən daha çox duadan, itaətdən asılı qalırlar. Elə fikirləşirlər ki, Allah onların əvəzinə hər işi görməlidir. Allah isə deyir ki, səndən hərəkət, məndən bərəkət. Yenə də mətləbdən uzaqlaşmayaraq qayıdıram ora ki, çoxları tez-tez “Allaha şükür”, “Allah Kərimdir”, “Yaxşı olar” deməklə həyatdakı ictimai və sosial məsuliyyətdən qaçırlar. Elə hesab edirlər ki, yaxalarını yana çəkməklə nəyəsə nail olurlar. Ancaq unudurlar ki, nə itirirlərsə, elə özləri itirir. Hansı işdə geri qalırlarsa, günah özlərinindir. Bu barədə saysız-hesabsız həyat hadisələri, əhvalatlar var. Birisini yada salmaq istəyirəm. Belə ki, birisinin var-dövləti – bircə inəyi varmış. Günlərin birində inək meşədən qayıtmır. İnəyin otlaq sahəsi meşədə imiş. İnəyin sahibi çox narahat olur. Heyvan nə qədər axtarırsa, tapa bilmir. Kimdən soruşursa, inəyi gördüm deyən də olmur. Əli hər yerdən üzülür. Mollaya üz tutur. Mollaya hadisəni danışır, ondan kömək istəyir. Molla kitab açır və tez-tez deyir:

- Yaxşı olar. Şükür Allaha. Allah kərimdir.

- Yəni deyirsiniz inək tapılacaq?

- Əlbəttə. Tapılacaq.

Molladan başqa bir inam yeri qalmayan inək sahibi bir az təsəlli tapır və onun müqabilində minnətdarlıq etməyini də unutmur.

- Çox sağ ol, molla qardaş.

- Get axtar, kitab da deyir ki, axtarsan taparsan.

Sahibi bir daha öz inəyini axtarmalı olur və nəhayət, meşənin içərisində tapır. Ancaq necə tapır?! Görür ki, inək yerə sərilib, bir tərəfindən bir canavar, digər tərəfindən başqa canavar didişdirir. Belə bir vəziyyətdə o heç nə edə bilmir. Geri qayıdır və mollanın yanına gəlir.

- Molla qardaş, inəyi tapdım.

- Dedim axı tapacaqsan. Harada idi?

- Meşədə idi. Ancaq inəyin bir tərəfindən Şükür, o biri tərəfindən Kərim tutub dartışdırırdı. Mən onların əlindən inəyi ala bilmədim. Əsas odur ki, sənə inanmayan kafirdir. Demişdin ki, get axtar, tapılacaq. Elə də tapıldı.

Belə - belə işlər dünyada tez-tez baş verir. Ancaq nə inək sahibləri öz sadəlövlüyündən əl çəkir, nə də molla öz əməlindən. Əksinə... Sadəlövhlər də gün-gündən çoxalır, mollalar da gün-gündən artır.

Hələ onu demirəm ki, itkisi olanlar, var-dövlətini, mal-mülkünü itirənlər bütün dost-tanışlarına, qohum - əqrabalarına mollanın “Allah kərimdir, naümid olmayın” kimi müqəddəs kəlamlarını təbliğ edirlər. Deyirlər ki, bu molla nə qədər savadlı, bilikli adamdır. Hər şeyi bilir. Elə ki itirdiyiniz barədə deyirsə ki, tapılacaq, mütləq tapılır. Nə isə...

İnəyi itən kişidən onu da deyim ki, bütün hamıya indiyə qədər car çəkir ki, mənim mollaya borcum var. Görün nə deyir:

- Molla açılmayan bütün sirləri aça bilir. Yetər ki mollaya kitab açdırasınız.

Ancaq kişinin işi də, mollanın işi də xatalı işdir. Ay qardaş, xatalı iş birdir, ikidir, üçdür?.. Birincisi budur. İkincisi, üçüncüsü, dördüncüsü də var... Danışmaqla qurtarmaz. Yaxşısı budur ki, elə buradaca qurtaraq. Yoxsa başqa məmləkətlərdə itkisi olanlar da bu mollanın qeyri-adi istedadını eşidər, durub gələrlər onun görüşünə. Mollanın növbəsi o qədər çox olar ki, heç bizim özümüz də aylarla onun qəbuluna düşə bilmərik. Yaxşısı budur ki, çox danışmayaq. Mollanı başqa məmləkətin adamlarına tanıtmayaq. Sizdən də xahişim budur ki, belə əhvalatları əcnəbilərə danışmayın. Onları ayıq-sayıq etməyin. Qoyun molladan bixəbər olsunlar. Yoxsa mollamızı əlimizdən alarlar. Axı əcnəbilər belə qeyri-adi istedad sahiblərini əllərinə çıraq alıb axtarırlar...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı