Modern.az

Bizim üçün gözlənilməz oldu - Yüksək bal toplayanlar Modern.az-a DANIŞIR

Bizim üçün gözlənilməz oldu - Yüksək bal toplayanlar Modern.az-a DANIŞIR

6 İyun 2023, 18:50

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

İmtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin məzunu Cəfərli Mikayıl Kamran oğlu göstərib. O, imtahanın birinci mərhələsində 296.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə, II ixtisas qrupu üzrə ən yüksək nəticə (690.7 bal) ona məxsusdur.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu Səlimova Aysel Anar qızı və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunu Əzizova Mələkxanım İlqar qızı göstəriblər.

 

Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu imtahanın I mərhələsində 286.8 bal toplayıb və III ixtisas qrupu üzrə yüksək nəticəni (679.3 bal) əldə edib.

 

II və III ixtisas qrupu üzrə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la bölüşüblər.

 

 

Mələkxanım Əzizova gözlədiyindən artıq bal topladığını deyir:


"Gözlədiyimdən artıq bal yığdım. Həyəcanlıyam. Həm də çox sevincliyəm. Aşağı siniflərdən öyrənə-öyrənə gəlmişəm. Repetitor yanına getmişəm. Tarixdən bir sualı səhv yazmışdım. Eyni zamanda ədəbiyyatdan bir qapalı sualda səhv etmişəm. İstədiyim nəticəni əldə etdim. Sözün açığı, nəticə mənim üçün sürpriz oldu. Gələcəklə bağlı planlarım var. Qismət olsa, ADA universitetinin Hüquq fakültəsində təhsil almağı düşünürəm".

 


 

 

Mikayıl Cəfərli ölkə birincisi olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirir:

 

"Azərbaycan üzrə birinciyəm. Buna görə çox sevinirəm. Sözün açığı, repetitor yanına getmişəm. Var gücümlə çalışırdım. Hazırlıq prosesi elə də çətin olmadı. Həmişə özümü inkişaf etdirməyi, yenilikləri öyrənməyə çalışıram. Tarix və coğrafiya fənləri üzrə situasiya suallarında səhvlərim olub. Bu səbəbdən ballarım kəsilib. Ümumilikdə nəticəmdən razıyan. Biznesin idarə olunması ixtisası üzrə təhsil almaq istəyirəm. Ya UNEC-də, ya da Bakı Ali Neft Məktəbində oxumağı hədəfləyirəm. Gələcəkdə xaricdə magistr təhsili almağı planlaşdırıram".

 

 

Aysel Səlimova da topladığı balın onun üçün gözlənilməz olduğunu qeyd edib:

 

"Bu qədər bal toplayacağımı gözləmirdim. Çox sevindim. Əziyyətim yerdə qalmadı. Hazırlıq prosesində və imtahanda bəzi çətinliklər oldu. Amma özümə inanırdım. Arzularıma doğru addımlayırdım. İstəyim oldu. Doğrudur, səhvlərim də var. Məsələn, bir səhvim tarixdə, digəri isə ədəbiyyatda olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə təhsil almağı planlaşdırıram".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!