Hər bir cəmiyyətdə seçkin xüsusiyyətləri ilə fərqlənən insanlar həm də təmsil olunduğu toplumun sahibləndiyi keyfiyyətləri özlərində cəmləşdirirlər. Əgər toplum proqressiv düşüncəyə malikdirsə, adət-ənənələrinə bağlıdırsa, xeyirxahlığa, sosial yardımlaşmaya meyllidirsə, əksər hallarda onun üst qatına çıxan şəxsiyyətlər də həmin ali keyfiyyətləri ən yüksək səviyyədə realizə edirlər. Hər halda Azərbaycan xalqının belə üstün keyfiyyətlərə malik olduğunu heç birimiz danmırıq. Bu səbəbdəndir ki, keçmiş zamanlardan bəri xalqımızın həmin keyfiyyətləri özündə birləşdirən çoxsaylı nümayəndələri vardır. Cavanşir Feyziyev də etdiklərini belə dilə gətirməyən, xeyriyyəçiliyini reklama çevirməyən alicənab şəxslərdən biridir.
Cavanşir müəllimi yaxından tanıyan birisi kimi onun şəxsinə son zamanlar atılan böhtanlara münasibət bildirmək istəyirəm. Həm də bir faktı da diqqətə çatdırım ki, Cavanşir müəllimin xeyriyyəçilik fəaliyyətindən yararlanmış yüzlərlə azərbaycanlıdan biriyəm. Cavanşir Feyziyev 2013-2014-cü illərdə Böyük Britaniyanın Birmingham Universitetində təhsilimin maliyyələşdirilməsinə öz töhfəsini vermişdi. Keyfiyyətli təhsil almağımda, peşəkar biliklərə yiyələnməyimdə əvəzsiz rol oynamış şəxsə qarşı əsassız ittihamlara münasibət bildirməyim həm də mənəvi borc məsələsidir. Özü də o halda ki, xeyirxahlığını heç kimdən əsirgəməyən bir insanı qəsdən xalqına xeyir verməyən, yalnız özünü və ailəsini düşünən şəxs kimi suçlayalar.
Cavanşir Feyziyevə qarşı ittihamların absurd olduğunu göstərən bir sıra faktları sadalamaq istəyirəm. Hər şeydən öncə nəzərə alaq ki, Cavanşir Feyziyev siyasətdən biznesə yox, biznesdən siyasətə gəlib. Və Azərbaycan qanunlarına da uyğun olaraq, Milli Məclisin üzvü kimi biznes fəaliyyətini dayandırıb və bu faktı dəfələrlə bəyan edib. Deməli, onun zamanında qanuni biznes fəaliyyətindən qazanılmış gəlirlərini korrupsiya sxemləri vasitəsilə əldə edilmiş vəsaitlər kimi qələmə verməyə çalışanlar tələsik mövqe sərgiləməklə, pərdələnmiş əsl niyyətlərini – reketçiliyi və şantaj məqsədlərini ortaya qoymuş olurlar. Axı, sizin korrupsiyada ittiham etdiyiniz şəxs heç zaman təyinatlı dövlət vəzifəsi tutmamışdır. Heç vaxt dövlət qulluqçusu olmamış şəxsin korrupsiyada ittiham olunması nə dərəcədə məntiqlidir?!
Cavanşir Feyziyev vaxtilə ölkə iqtisadiyyatının strateji sferalarında uğurlu biznes modeli yaratmış və həmin biznes sektorlarına 20 ilə yaxın müddətdə rəhbərlik etmiş şəxsdir. Bu baxımdan, əldə olunmuş gəlirlərin qeyri-qanuniliyinə dair səslənən ittihamların heç bir əsası yoxdur. Qazanılmış qanuni vəsaitin şaxələndirilməsi məsələsi isə tamamilə təbiidir və burada təəccüblənəsi bir hal mövcud deyildir. Qanuni yolla əldə edilmiş gəlirlərin necə xərclənməsi və ya nəyə yatırılmasına da, sözsüz ki, kapital sahibi qərar verə bilər.
Xatırladım ki, Cavanşir Feyziyevin təsis etdiyi şirkətin bazarda üstün mövqeyə sahiblənməsi məhz onun yüksək biznes idarəçiliyinin nəticəsi olmuşdur. Burada monopol məqamların olduğunu iddia edənlərin diqqətinə çatdırmaq istərdim ki, həmin dövrdə bazarın müvafiq seqmentində onlarla şirkət aktiv fəaliyyətdə olmuşdur. Lakin Cavanşir Feyziyevin rəhbərlik etdiyi şirkət düzgün idxal strategiyası, məhsulların optimal şəkildə saxlanması və distribyusiyası, korporativ idarəçilik və digər innovativ həllərlə öz rəqiblərini təbii rəqabət şəraitində üstələməyi bacarmışdır.
Yetərincə gülüncdür: Cavanşir Feyziyevi ölkə iqtisadiyyatına kapital qoymaq əvəzinə fərdi vəsaitini şaxələndirməkdə ittiham edənlər, bilərəkdən unudurlar ki, onun təsis etdiyi şirkətlərdə minlərlə soydaşımız çalışmış, həmin şirkətlərin ödədiyi yüz milyonlarla manat məbləğində vergilər dövlətimizin sosial-iqtisadi öhdəliklərinin yerinə yetirilməsində mühüm rol oynamışdır. Gecə-gündüz çalışaraq ölkəsinə, yurddaşlarına böyük miqyasda fayda vermiş və əlbəttə ki, halal yolla müəyyən kapitala sahib olmuş bir insanı gözümçıxdıya salmağın özü haram davranışdır. Bunu edənlər Cavanşir Feyziyevin doğulduğu yerə – Şəkiyə ayaq qoysunlar, onun öz doğma yurduna hansı töhfələr verdiyini, el-oba arasında necə böyük hörmətə sahib olduğunu öz gözləri ilə görsünlər!
İndi aydın görünür ki, ictimai fikri manipulyasiya etməyə çalışanlar sadəcə işin mahiyyətindən xəbərsiz şəxslərə yalan məlumat ötürməklə özlərini “ədalət carçısı” qismində göstərməyə can atırlar. Halbuki, söhbət yalnız qanuni yolla əldə olunmuş vəsaitin xarici ölkəyə köçürülmə mexanizmində aydın olmayan məqamların mövcudluğundan gedir. Belə məqamların məhkəmə və ya digər hüquq mühafizə orqanları tərəfindən araşdırılması isə tamamilə təbii haldır. Bu, dünyada qəbul olunmuş praktikadır. Bəllidir ki, dünyanın ən nüfuzlu insanlarının, dövlət başçılarının belə vəsaitlərinin banklar vasitəsilə necə köçürülməsi və hətta necə xərclənməsini araşdıran müvafiq instansiyalar və proseduralar var. Bu prosesə cəlb olunan şəxsin ətrafında hələ heç nə aydın olmadan dərhal şayiə-böhtan kampaniyası körükləmək jurnalist etikasına sığmayan, media məsuliyyəti dəyərlərini tapdalayan hərəkətlərdir. Bir səbriniz olsun! Cavanşir Feyziyev indiyədək ona açılan bütün məhkəmə proseslərini udub. Onun vəsaitlərinin qanuni mənbələrinə dair sənədlərin varlığı şəraitində bu prosesin də ədalətlə başa çatacağı tamamilə məntiqidir. Heç olmasa, o gün üçün utanmağa üz saxlayın!
Azərbaycan Parlamentinin ən ləyaqətli və ən fəal üzvlərindən biri kimi Cavanşir Feyziyev xüsusilə son on ildə gerçəkdən böyük işlər görmüşdür. Onun geniş spektrli ictimai, siyasi, elmi fəaliyyəti bir-biri ilə üzvi vəhdətdə olan sahələrdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan – Böyük Britaniya və Azərbaycan – Fransa parlamentlərarası işçi qruplarının rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların üzvü, Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvü, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri kimi Cavanşir Feyziyev müasir tariximizin ən məsuliyyətli anlarında Azərbaycan həqiqətlərinin dünyaya bəlli edilməsində, milli diplomatiyamızın uğurlar qazanmasında ciddi fəaliyyət göstərmişdir. Məhz onun həmsədri olduğu Komitənin dəqiq strateji planlar üzrə fəaliyyəti və sərrast addımları nəticəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında münasibətlərdə əhəmiyyətli dönüş yaranmış və Vətən Müharibəsi, ondan sonrakı dövr ərzində bu münasibətlər gərgin proseslərə öz müsbət təsirini göstərmişdir.
Cavanşir Feyziyevin aktual mövzulara həsr edilmiş çoxsaylı kitabları və məqalələri ölkəmizdə və xaricdə çap olunmuşdur. Onun Türk Dövlətləri Birliyi platformasının yaradılması istiqamətində həm mükəmməl elmi-nəzəri konsepsiya hazırlamış, həm də bu prosesdə fəal iştirak etmişdir. Fransız dili mütəxəssisi kimi onun tərcümə etdiyi kitablar arasında Jorj dö Malevilin “Erməni Faciəsi: 1915-ci il” əsəri qondarma erməni soyqırımı məsələsinə birdəfəlik son qoyan bir mənbə olaraq müstəsna əhəmiyyət daşıyır.
Belə. Öz xalqı, mədəniyyəti, dili, tarixi ilə nəfəs alan, bütün varlığını Azərbaycanın tərəqqisinə həsr edən bir insanı ləkələmək ... doğrudan da, çətindir, nəinki çətindir, həm də mümkünsüz və irrealdır.
Əlbəttə, Azərbaycan Parlamentinin üzvü Cavanşir Feyziyevi hədəf almış məqsədyönlü qarayaxma kampaniyasının tezliklə iflasa uğrayacağı şübhəsizdir. Bu mövzu ətrafında süni ajiotaj yaradan şəxslər yaydıqları yalan informasiya ətrafına bilgisi az olan şəxslərin toplanmasından azacıq məmnun görünə bilərlər. Amma proses tam aydınlığa qovuşduqdan sonra həmin dairələr yenidən həqiqət meydanında tək qalacaqlar və təəssüf ki, vərdişlərinə sədaqətlə, bəlkə də, yeni uydurma axtarışına çıxacaqlar...
Savalan Süleymanlı,
Almaniya,
Beynəlxalq hüquq üzrə ekspert