Ermənistan və Türkiyənin tezliklə birbaşa hava yükdaşımalarına başlayacağı ehtimalı güclüdür
Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna müsahibəsində İrəvanın Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesindəki xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib.
“Noyabrın əvvəlində keçirilən texniki görüşdə bu sazişin icrası da müzakirə olundu və bəli, onun tezliklə həyata keçirilməsi üçün yaxşı şans var. Mən konkret tarixləri qeyd etməkdən çəkinəcəyəm, lakin bunun yaxın gələcəkdə baş verməsi ehtimalı çox yüksəkdir”, - Rubinyan bildirib.
Dünən “Hurriyet Daily” nəşri öz diplomatik mənbələrinə istinadən yazıb ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının ikinci mərhələsi başlayıb və ola bilsin ki, qarşılıqlı hava daşımaları Yeni ildən əvvəl başlasın. Bundan başqa, eləcə də Türkiyə-Ermənistan sərhədindəki Əlican-Marqara keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları üçün açılacağı da gözlənilir.
“Söhbət ondan gedir ki, hazırda Türkiyə ilə Ermənistan arasında hər iki istiqamətdə birbaşa hava daşımaları mümkün deyil, biz bunu mümkün etməkdən danışırıq”, - Ermənistanın xüsusi nümayəndəsi vurğulayıb.
Rubinyan vaxtı dəqiqləşdirməsə də, xatırladır ki, birbaşa yükdaşımalara qoyulan qadağanın aradan qaldırılması və keçid məntəqəsinin qismən açılması ilə bağlı siyasi razılaşmalar hələ yayda, elçilərin sonuncu görüşü zamanı əldə olunub və praktiki addımlar noyabrın əvvəlində atılıb.