Modern.az

Yeni qanun layihəsi: mühəndislərin 90 faizi...

Yeni qanun layihəsi: mühəndislərin 90 faizi...

Ülke

14 İyun 2016, 14:32

Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Zenit Aran Oil Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi baxılıb.

 

Modern.az-ın xəbərinə görə, layihə barədə Milli Məclisin sədr müavini Valeh Əsgərov məlumat verib.

 

O bildirib ki, sazişin müddəti 25 ildir, əlavə 5 il müddətinə uzadıla bilər.

 

Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir.

 

Qanun sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Sazişə əsasən, 5 il sonra fəhlələrin 95 faizi, mühəndislərin 90 faizi Azərbaycan vətəndaşları olmalıdırlar.

 

Podratçı tərəflər kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini öz üzərinə götürürlər.

 

Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir.

 

Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə podratçıdan bu proqrama hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır.

 

Sənəddə həmçinin torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar öz əksini tapıb.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı