Modern.az

YOL AĞRISI (III)

YOL AĞRISI (III)

Ölkə

18 May 2011, 16:05

Əlizadə İmdad Əli oğlu. 1980-ci ildə Laçının Oğuldərə kəndində anadan olub.
1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət
Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura
pillələrində təhsil alıb.

2004-2005-ci illərdə hərbi xidmətdə olub.
1998-ci ildən mediada çalışır. “İntibah”, “Persona”, “Həftə içi”qəzetlərində, “525-ci qəzet”də
və “Trend” İnformasiya Agentliyində işləyib.2009-cu ildən “Media forum” saytının əməkdaşıdır. 

Üç gündür yol gəlməyimizə baxmayaraq adama elə gəlirdi ki, əsl əzab indi başlayır. Yanşaq kəndindən sonra Murov dağı başlayır. Burada vəziyyət dəhşətli idi. Piyada gedən qoca, uşaq, bir-birini itirib soraqlayan insanlar, yaşlı valideynlərini kürəyində daşıyanlar, arası kəsilməyən atəş səsləri...

Yolda gördüyüm bir hadisə isə heç vaxt yadımdan çıxmır. Martın sonu, aprelin əvvəli təqvimlə yaz fəsli sayılır. Lakin dağ yerinə bələd olanlar bilir ki, Kiçik Qafqaza, o cümlədən Laçın və Kəlbəcərə yaz xeyli sonra gəlir. Dağ yerlərində qış aprelin ortalarınadək davam edir. 1992-1993-cü illərin qışı sərt keçmişdi. Yaşlı adamlar deyirdilər ki, belə sərt qış xatırlamırlar. Ermənilər də Kəlbəcərə martın son günləri hücum etmişdilər. 1993-cü ilin fevral ayında ermənilər Ağdərənin böyük bir hissəsini Azərbaycan ordusundan geri almışdılar, Tərtər-Ağdərə-Kəlbəcər yolu bağlanmışdı. Kəlbəcər və Laçının bir hissəsi faktiki olaraq mühasirə vəziyyətinə düşmüşdü. Yalnız Murovdan aşan yol açıq idi. Ermənilər Kəlbəcərə qəfil hücum etmişdilər. İnsanlar ev əşyalarını, mal-qoyunlarını götürə bilməmişdilər. Amma atlı və piyada gedən adamların əksəriyyətinin əlində saz vardı.

Həmin insanlardan ikisi indi də gözümün qabağındadır. Yaşlı anasını əlindən tutub aparan orta yaşlı bir kişinin əlində yalnız bir qara diplomat və saz vardı. Cavan bir oğlan isə əlində göy bir bağlama və saz tutmuşdu. Xeyli insan evindən yalnız saz götürmüşdü. Qamışlı və Yanşaq kəndləri arasında yol gedirdik. Müharibənin dəhşətləri və insan faciəsi ilə üz-üzə qaldığın bir yerdə kiminsə əlində saz görmək insanda qəribə hisslər yaradırdı. Oğuldərəli qadınlardan biri əlində saz olan cavan oğlana narazılığını bildirdi:

- Yaxşı ki, onu götürmüsən, saz bu gününə yaraşır.

- Xala, dərdimi buna demək üçün götürmüşəm. Əlimdən heç nə gəlmir.

Artıq qaranlıq düşmüşdü. Güclü sulu qar yağırdı. Murova dikəldikcə qara çevrilirdi. Yanşağı yenicə tərk etmişdik ki, “KAMAZ” markalı bir maşın gəldi. Əsgərlər “KAMAZ”a yalnız qadın, qoca və uşaqların minməsinə icazə verirdilər. Maşına minmək üçün amansız mübarizə gedirdi. Hamı canını düşmən caynağından qurtarmaq istəyirdi. Elə analar vardı ki, özü maşına qalxmışdı, körpə övladı yerdə qalmışdı, onu maşına mindirə bilmirdi, bəziləri isə övladını mindirmişdi, özü yerdə qalmışdı. Qadınların ağlaşması, yaxınlarını çağıran insanların naləsi ərşə dirənmişdi. Bir hissəmiz maşına yığıldıq. Atları o birilərinə təhvil verdik.
    
“KAMAZ”a minməyimiz bizi sevindirmişdi. Elə güman edirdik ki, maşın bizi Murovdan aşıracaq, ən azı Xanlara qədər aparacaq. Lakin ümidimiz əbəsmiş. “KAMAZ” bizi Murovun ətəyində, bir döngə qaldırandan sonra düşürdü. Sürücü dedi ki, ona insanları Murovun ətəyinədək aparmaq tapşırılıb. Güclü qar yağırdı. Qarlı və palçıqlı yolda insan, maşın, heyvan əlindən tərpənmək mümkün olmurdu. Şaxta və aclıq bizi taqətdən salmışdı.

Tirkeşəvənd kəndində özümüzlə gətirdiyimiz paltarları yerə tökmək məcburiyyətində qalanda anam atın yəhərinin üstünə bir yorğan atmışdı. O boyda evimizdən bizə bu bircə yorğan qalmışdı. Yanşaqda “KAMAZ”a minəndə, atı buraxmaq məcburiyyətində qalanda anam yorğanı özü ilə götürdü, baxmayaraq ki, özü yeriyə bilmirdi. Dedi ki, qarlı dağa qalxırıq, gecədir, vəziyyətin necə olacağını bilmək olmaz. Lakin bu yorğanı kürəkdə aparmaq asan deyildi. Sulu qar yorğanı islatmış, zindan kimi ağırlaşdırmışdı. Amma soyuqdan donmamaq üçün anam onu ümid yeri kimi özü ilə aparmaqda israrlı idi. Mən və qardaşım isə uşaq olduğumuza görə ona kömək edə bilmirdik.

Dayanmaq olmazdı. Bunun üçün nə yer vardı, nə də imkan. Murovun bir neçə dolamasını qalxmışdıq, “QAZ-66” markalı bir hərbi maşın gəldi. Kuzovu silah və sursatla dolu idi. Bir qrup adamı bu maşına yığdılar. Bu işi yenə də hərbçilər tənzimləyirdi. Əsgərlərin hamıdan bir tələbi vardı - yatmaq olmaz. Yaşlılara maşında olan uşaqların yatmasına imkan verməmək tapşırılırdı. “Yatan donacaq, yatmayın” deyə hamıya xəbərdarlıq edirdilər.

Üç gün aç-susuz, yuxusuz yol gələsən, dizini qatlamağa imkan ola, yatmayasan - mümkün deyildi. Maşında olduğumuz müddətdə anam dayanmadan məni və qardaşımı çağırırdı, yuxuya getməyimizə imkan vermirdi. Səhər dedi ki, hərəniz bir tərəfdə idiniz, səni oyadırdım, Babək yatırdı, Babəki oyadırdım, sən yatırdın.
 
Bir neçə dolama qalxandan sonra əsgərlər bizi maşından düşürdülər. Çünki maşın artıq hərəkət edə bilmirdi, yolda ucsuz-bucaqsız tıxac yaranmışdı. Yolun elə hissəsi vardı ki, maşınlar üç sıra dayanmışdı, hamısı da işlək vəziyyətdə, işıqları yanılı. Bu, piyadalara kömək edirdi.

Əsgərlər dedilər ki, dayanmaq olmaz, hərəkət etmək lazımdır. Biz yenidən getməyə başladıq. Güclü qar yağırdı. Yol boyu bir neçə yerdə maşın təkəri, maşınlardan götürülən mebellər yandırılmışdı, insanlar ocaqların başına toplanır, bir qədər isinəndən sonra yollarına davam edirdilər. Yanan təkərin qara tüstüsünə baxmayaraq ocağın ətrafında bir neçə dəqiqəlik dayanmaq adama güc verirdi. Gecə saat 3-4 arası idi, qar hələ də kəsməmişdi, biz yavaş-yavaş Murovu qalxırdıq. Yerdən - maşınlardan birinin yanından bir alma tapdım. Onu dörd yerə böldüm.

Yuxarı qalxdıqca hərəkət etmək çətinləşirdi. Murov dağının hər iki üzündə, təxminən dağın orta hissələrində el arasında “Yol evi” deyilən məntəqələr vardı. Bu məntəqələrdə əsasən yol işçiləri qalırdı, yeməkxana kimi istifadə olunurdu. Səhərə yaxın “Yol evi”nə çatdıq. Əsgərlər qapıda dayanmışdılar, insanları məntəqənin zalına yığır, yarım saatdan sonra boşaldıb başqa qrupu yığırdılar.

İçəridə soba yanırdı, ayrıca tibb otağı təşkil olunmuşdu. Ayağını şaxta vuranlara, yaralılara, uşaqlara, vəziyyəti ağır olanlara yardım göstərilirdi. Zal dolu idi. Sobanın yanına yaxın oturmuşdum. Orada yuxuya getdim. Bir azdan anamın səsinə oyandım. Bizim qrupun içəridə qalma müddəti başa çatmışdı, məntəqədən çıxıb yolumuza davam etdik.

Artıq səhər açılırdı. Qar səngimişdi, yol buz bağlamışdı. Murovun yuxarı hissəsi qara batıb qalan, sürüşüb yoldan çıxan maşınlarla dolu idi. Bir tərəfdən də şaxtadan donub ölmüş heyvanlar doldurmuşdu yolu, mal-qoyun leşindən tərpənmək mümkün deyildi.   

Günortaya yaxın Murovu aşdıq. Bu bir ildən də az müddətdə mən bu yolu beşinci dəfəydi gedirdim, ikisini piyada olaraq. Dağı üzü aşağı düşmək də asan deyildi, hava qatı dumanlı, yer isə buz idi. Ayağımız yer tutmurdu, sürüşüb yıxılırdıq. Anam isə hərəkət edə bilmirdi. Mənim ayağımda rezin çəkmə, anamda isə rezin qaloş vardı. Ayaq geyimlərimizi dəyişdik. Anama rahat olsun deyə. Amma xeyri olmadı.

“Yəqin ermənilər atanızı öldürdü, indidən sonra oradan sağ adam gəlməz. Böyüksüz qaldıq. Mən sizi necə böyüdəcəm? Ev yox, mal-qoyun yox. Evimiz yıxıldı...”.

Bunu Murovun ətəyinə çatanda dedi anam. Sonra da ağladı.

Mən də ağladım.

Babək də.

Bir qədər aşağıda üzü Kəlbəcərə böyük hərbi karvan dayanmışdı. Əsgərlər dəmir qablarda bizə halva verdilər. Yeyib özümüzə gəldik.

Böyük dayım Hüseyn Talıbov və qohumlarımız burada idi. Dayım bir neçə gecə burada bizi gözləmişdi. Arxamızca gəlmək istəyib, amma əsgərlər icazə verməyiblərmiş. Onlar Murovu aşıb Kəlbəcərə sarı getməyə də qoymurdular.

Dayım dedi ki, bacı-qardaşlarım sağ-salamt gəlib çıxıblar, onları öz evinə (Tərtər rayonunun Hüsənli kəndinə) aparıb. Bizi maşınla Hacıkəndə gətirib bir binada yerləşdirdilər (ya uşaq bağçası, ya da sanatoriya binası idi). Gecəni orada qaldıq. Sabah dayım bizi öz evinə, bacı-qardaşlarımın yanına apardı.

Balaca qardaşım Xıdırın onda dörd yaşı vardı. Dayımgilə çatanda o, maşına tərəf qaçdı, anamı qucaqlayıb “Elə bilirdim səni bir də görməyəcəm” dedi.  

Atamdansa xəbər yox idi...

***

Hüsənli kəndində məskunlaşdıq. Mən dayıma təsərrüfat işlərində kömək edirdim, mala gedirdim hər gün. Atam gəlmədiyinə görə gözümüz yolda qalmışdı. Evdə dəhşətli vəziyyət vardı. Nənəm Rəhimə İbrahimova günlərlə yemək yemir, su içmirdi. Sanki ondan bir qədər aralıda dayanmış insanı çağırırmış kimi atamı səsləyir, ağlayırdı. Eyni zamanda ümidini də üzmürdü, deyirdi ki, Əli sağdır, gələcək. Müxtəlif rayonlarda məksunlaşmış qohumlarımız tez-tez bizə baş çəkir, hər dəfə də Hüsənliyə atamı görmək ümidi ilə gəlirdilər.

Mal otara-otara elə hey Allaha yalvarırdım ki, atam gəlib çıxsın. Ağlayırdım. Hər gün. Amma evdə ağlamırdım. Demək olar, hər gün mənimçün nahar yeməyi gətirən dayım bir neçə dəfə ağladığım vaxt gəlib çıxmışdı: “Kişi də ağlayar? Sən indi hamıdan böyüksən, ağlayanları sakitləşdirmək əvəzinə özün ağlayırsan. Darıxma, ata gələcək. Müvəqqəti çətinlikdir”.

Evə gələndə qardaşlarımla, bacılarımla, nənəmlə zarafat edirdim, taxtadan gitara düzəlib “dınqıldadırdım”. Hamı qəm-kədər içindəydi deyə anam buna görə bir neçə dəfə məni danlamışdı da.

***

Bizim “xına inək” adlandırdığımız bir böcək var. Bəzi bölgələrdə ona “uçağan” deyirlər. Kənd uşaqları yaxşı bilir, kiminsə gələcəyini gözləyirsən, kimin üçünsə darıxırsansa yerdən bir “xına inək” götürüb, arzunu deyib uçurursan. Oğuldərədə yaşayanda həmişə səbirsizliklə əmim Ağa Laçınlının nə vaxt və hansı istiqamətdən gələcəyini gözləyirdik. İnanırdıq ki, “xına inək” əmimin haradan gələcyini bizə xəbər verəcək.

Dayımın mallarını otaranda gündə bəlkə yüz dəfə “xına inək” uçururdum, atamdan xəbər almaq ümidi ilə. Hər dəfə üzümü Kiçik Qafqaz dağlarına, Agdərə istiqamətinə tuturdum. Biz atamın dağlardan aşıb gələcəyini gözləyirdik. “Xına inək” isə əks istiqamətə - Bərdə, Ağcəbədi istiqamətində ucurdu. Bu da məni dəli eləyirdi.

Onun mühasirədə qaldığı o günlərdə kiminsə mühasirədən çıxıb gəldiyi xəbərini alırdıq. Anam, dayılarım atamdan bir xəbər öyrənmək ümidi ilə həmin adamın yaşadığı yerə gedir, hər dəfə də ümidsiz geri qayıdırdılar. Atamı “gördüm” deyən olmurdu... Əmim də Bakıda müxtəlif dövlət qurumlarına, “Qızıl Xaç”ın Azərbaycandakı nümayəndəliyinə gedir, amma o da atamdan bir xəbər öyrənə bilmirdi.  

Atam 54 gündən sonra, 19 nəfərlə birlikdə gəldi. Onlar mühasirədən Kəlbəcər istiqamətindən yox, Laçın istiqamətindən çıxmışdılar. Tərtərə qarabağlıların “aşağı yol” dediyi tərəfdən gəlmişdi atam. “Xına inək” düz istiqamətə uçurmuş...  

***

Bir il əvvəlin, yəni 1992-ci ilin yayını biz Murovun ətəyində, Xanlar rayonu ərazisində keçirmişdik. Bir dəfə atam Gəncə bazarına mal-qoyun aparıb satmışdı. Onda məni də özü ilə aparmış, şəhərdə xeyli gəzdirib mənə pal-paltar, bir də ayaqqabı almışdı.

O ilin payızında kəndimizə qayıtmış, kəndimizin qarlı qışını, təbii ki, qalın yun corab və çəkmə ilə yola vermişdik. Ona görə də o ayaqqabıları, mən, demək olar, heç geyinməmişdim.

Bir il sonra kənddən çıxanda biz o ayaqqabıları da götürmüşdük. Kəlbəcərin Tirkeşəvənd kəndində götürdüyümüz hər şeyi atmaq məcburiyyətində qaldıq. Xeyli uzaqlaşandan sonra mən birdən fikrimi dəyişdim, geri qayıdıb ayaqqabıları götürmək qərarına gəldim. Atı çapıb gecələdiyimiz evin həyətinə gəldim. Əşyalarımız burdaydı. Atdan düşmədən ayaqqabılarımı götürdüm, iplərini bir-birinə bağlayıb çiynimə atdım. Fikirləşdim ki, Murovu aşanda ayağımdakı rezin çəkmələri çıxarıb bunları geyinərəm.

Bizi Hacıkəndə aparası maşına minəndə qaloşlarımı çıxardım və ancaq onda gördüm ki,  ayaqqabının bir tayı yoxdur, o biri tayı isə paltomun çiyin hissəsində olan düymədən asılı qalıb.

Bir tay ayaqqabını mən Hacıkəndə, ordan da Tərtər rayonunun Hüsənli kəndinə gətirdim. Müharibənin, erməni işğalının acısını özündə daşıyan bir xatirə kimi saxlamaq üçün.

1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində ermənilər torpaqlarımızı işğal edə-edə gəlib Tərtərə də çatdılar. Biz Hüsənlidən də qaçmağa məcbur olduq. Qatara oturub Bakıya üz tutduq. Mən o acı xatirəni - Oğuldərədən Hüsənliyədək daşıdığım o tək ayaqqabını götürə bilmədim...

(Ardı var)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı