
25 oktyabr 2011-ci il tarixdə Heydər Əliyev adına Respublika Sarayında 2000-ə yaxın gənc bir araya gələcək. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Gənclərinin VI Forumunda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak edəcəklər. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İlk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünəlayiq yer tutaraq dövlətin gənc nəslinin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib. Forumların keçirilmə tarixləri 1999, 2003, 2005 və 2008-ci illərə təsadüf edir.
VI Forumun proqramına əsasən 25 oktyabr səhər saat 9.00-da gənclər ilk olaraq Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Saat 11.00-da isə VI Forumun rəsmi açılış mərasimi keçiriləcək.
Saat 16.00-da Forumun yekunu ilə bağlı olaraq konsert proqramı təqdim ediləcək.
Forum çərçivəsində qeyri hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin prespektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi , beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunacaq.
Modern.az