Modern.az

““Coca-cola”nın məhsullarından uzaq durun!” (Ekspert rəyləri)

““Coca-cola”nın məhsullarından uzaq durun!” (Ekspert rəyləri)

Ülke

24 Oktyabr 2011, 15:16


Ölkəmizdə müxtəlif sahələr üzrə bir sıra iri şirkətlər fəaliyyət göstərir. Bu sırada yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də var. Onların xidmətlərindən, istehsal etdikləri məhsullardan Azərbaycan əhalisi bu və ya digər dərəcədə yararlanır. Ümumiyyətlə, onların istehsal etdiyi məhsullar, xidmətlər necədir, keyfiyyət hansı səviyyədədir?  

Modern.az bir müddət öncə “Azersun Holdinq”, Qəbələ Konserv Zavodu və “Palsüd” şirkətinin istehsal etdiyi məhsulların keyfiyyəti barədə ekspertlərin rəyini təqdim etmişdi. Həmin vaxt ekspertlər bu şirkələrtin malları barədə birmənalı rəy söyləməmişdilər, “Azersun”un yağları və çaylarının, eləcə də “Jalə” içkilərinin insan orqanizmi üçün zərərli maddələrlə zəngin olduğu qeyd edilmişdi. Buna bənzər fikirlər “Palsüd” məhsullarından da yan keçməmişdi.

Modern.az-ın əməkdaşı bu dəfə dünyada, eləcə də Azərbaycanda içki sektorunda liderliyini qoruyan “Coca-Cola” şirkətinin istehsal etdiyi məhsulların keyfiyyəti barədə ekspertlərdən rəy öyrənib.

Qeyd edək ki, yarandığı gündən tərkibini sirr kimi saxlayan “Coca-Cola”nın məhsulları Azərbaycanda 1996-ci ildə satışa çıxarılıb. Sərinləşdirici içkinin ölkəmizdəki tək istehsalçısı “Azərbaycan Coca-Cola Bottlers” (ACCB) şirkətidir. Şirkət “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua” içkilərinin, , “Cappy” meyvə şirələrinin istehsalı və satışı ilə məşğuldur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, “Coca-cola” kimi içkilər birmənalı olaraq uşaq qidası kimi tövsiyyə olunmur. Onun sözlərinə görə, bu cür məhsulların bufetlərdə və ya digər uşaq müsəssisələrində satılmasına qadağalar qoyulmalıdır.

“İstehlakçı hüquqlarını qoruyan beynəlxalq təşkilatlar bizə bu barədə məktublar göndərib. Lakin buna baxmayaraq, bu məhsulun satışı ümumtəhsil müəsissələrində davam edir”.

“Coca-cola”nın tərkibinin açıqlanmadığını əsas gətirən E.Hüseynov onun tərkibi barədə heç nə deyə bilməyəcəyini vurğulayıb.
“Çünki onun tərkibi dünyada məlum deyil. Dövlət orqanları bu şirkətin məhsullarına standartlar verir, üzərinə nişanlar vururlar və s. Əslində bu dünyada ciddi problemlərdən biridir. Dörd il əvvəl mən beynəlxalq istehlakçı təşkilatına təzyiq elədim ki, “Coca-cola”nın tərkibi açmaq üçün kampaniya aparaq. Lakin bu məhsul dünyada elə bir güclü mövqe tutubdur ki, artıq o hansı ölkədə yerləşirsə, oranın iqtisadi siyasətinə təsir edir. Elə buna görə də bizim təklifimiz dəstəklənmədi”.

“Coca-cola”nın tərkibi barədə bir şey deyə bilməyəcəyini bir daha vurğulayan Eyyuib Hüseynovn kiçik yaşlı uşaqların həmin məhsuldan içməməsini məsləhət görür.

Müsahibimiz eyni zamanda “Coca-Cola” şirkəti barədə 7 il bundan əvvəl şikaqyətin olduğunu qeyd edib.
“Onda malların üzərində buraxılma tarixi ilə son yararlıq tarixi vurulmurdu. Biz indi o vəziyyəti yaxşılaşdırmışıq. Dövlət orqanlarında iddia qaldırdıq, aksiyalar keçirdik və ən nəhayət ona nail olduq ki, onlar bütün malları markaladılar”.

Eyyub Hüseynov özü də bu şirkətin məhsullarından istifadə etmir. Eyni zamanda o, ailəsində də süfrəyə bu cür içkilərin qoyulmadığını bildirib.

Həkim-professor Adil Qeybulla öncə Azərbaycana daxil olan məhsulların əksəriyyətinin mənşəyi məlum olmayan məhsullar olduğunu qeyd edib. Onun sözlərinə, sivil ölkələrdə, Avropa istehsalı olan məhsulların üzərində “E” indeksi və həmin ərzaq məhsulunun tərkibinə daxil olan qida əlavəsinin kodu göstərilir. Yəni həmin indeks və kod olduqda məhsul o parametrlərə uyğun hazırlanır.

“Amma təəssüflər olsun ki, biz əksər qidalarda bunu görmürük. Halbuki, məhsulların içərisində qidaya dad, rəng, forma, struktur, stabillik verən müəyyən konservantlar, qida əlavələri  var. Bu qida əlavələrinin kodunun olması onu göstərir ki, onun reyestri var və ya Ümumdünya Səhiyyə Təşkilatının strukturunda bu qida əlavələrinin kodu göstərilib. Orada qida əlavələri olan məhsulu  nə dərəcədə qəbul etmək, hansı orqana nə dərəcədə ziyan olduğu və s. göstərilib. Yəni bu istehlakçı üçündür ki, o bununla tanış olsun və həmin qidanın qəbulu zamanı məhduddiyyətləri gözləyə bilsin”.

Ancaq Adil Qeybulla təəssüflə bildirir ki, bu məsələ Azərbaycanda həyata keçirilmir. Çünki istehlakçılar öz hüquqlarını bilmirlər.

Meyvə şirələrinə gəlincə, həkim onların böyük əksəriyyətinin konsentrantlardan hazırlandığını və onların Azərbaycana xaricdən boçkalarla gətirildiyini vurğulayıb.

“Həmin konsentrantlar qazlaşdırılır və meyvə şirəsi halında satılır. İstər Rusiya, istər digər ölkə istehsalı olan meyvə şirələrinin 90 faizi bu cür hazırlanır. Təbii meyvədən hazırlanan meyvə şirələri isə çox az miqdardadır”.

“Coca-cola” şirkətinin məhsullarının müəyyən dövrlərdə tənqidə məruz qaldığını deyən Adil Qeybulla onların müvafiq laboratoriyalarda yoxlanmasını məsləhət bilir.

“Deyək ki, “Pepsi”, “Cola-cola”nın hazırlanma resepti xeyli gizlidir. Bu məhsulların da lazım olan parametrlərə cavab verib-verməməsi barədə bir şey demək çətindir. Təəssüflər olsun ki, bizdə ekspert rəyi yoxdur. Azərbaycanda nə qədər ki, müstəqil ekspert labaratoriyaları yoxdur, biz hər hansı ərzaq maddəsi haqqında ortaya rəy qoya bilmirik. Düzdür, bəzən Azad İstehlakçılar Cəmiyyəti və digər cəmiyyət strukturları naməlim mənşəli bu cür qidalar haqqında məlumat verirlər, amma bunlar hamısı konkret rəyə hesablanmalıdır ki, biz də öz sözümüzü bildirə bilək” deyə müsahibimiz əlavə edib.

A.Qeybulla da hesab edir ki, bu cür məhsulların uşaqların istifadə etməsini azaltmaq lazımdır. Çünki uşaqlar, bu cür konsentrantlardan ibarət meyvə şirələrinə və ya “Coca-cola” işkisinə çox meyillidirlər.

“Uşaqların orqanizmi, immun sistemi hələ formalaşmadığından onların bu cür qidaların qəbulundan mümkün qədər çəkindirmək lazımdır. Təəssüflər olsun ki, bu cür qidaları Azərbaycanda uşaqlar, böyüməkdə olan orqanizm qəbul edir və bu da genefonda böyük bir təhlükə törədə bilər”.

Sonda özünün bu şirkətin məhsullarından istifadə etməyini bildirən həkim imkan daxilində onlardan uzaq durmağa çalışdığını da vurğulayıb.

Aytən ƏLİYEVA 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı