Modern.az

Biliyimizin günü...

Biliyimizin günü...

Ülke

16 Sentyabr 2012, 21:08

12 MİN TİRAJLA ÇAP EDİLMİŞ 8 VƏRƏQLİ RƏSMİ HÜQUQİ BİR SƏNƏDDƏ 20-DƏN ÇOX SƏHV ÇIXIRSA, BİZ HƏLƏ SAVADSIZLIQLA MÜBARİZƏ KOMİTƏLƏRİ YARATMALIYIQ...

Hər il 15 sentyabrı Bilik Günü kimi qeyd edirik... Hər işdə hay-küyü təm-tərağı xoşlayır əksər dünya əhli...  Fasiqlər ciddi nöqsan və paxırları populist şüarlarla, kosmetik bəzək-düzəklə örtür... Mahiyyət, məzmun formanın, zahiri görüntünün altında gizlənir... Sövet dönəmindəki kimi statistik rəqəmlər, öhdəliklər, planlar-filanlar həqiqəti kölgədə qoyur... Azərbaycanda savadlılığın, təhsilin səviyyəsini yalnız ali məktəblərə qəbulla, xaricdə təhsil alanların sayı ilə ölçmək düzgün deyil. Ətrafımıza yüngülvari göz gəzdirsək, görərik ki, biz çoxumuz formaca 21-ci əsrin əvvəlində olsaq da, məzmunca 20-ci əsrin əvvəlindən az fərqlənirik. Yəni həmin bir əsrlik zaman kəsiyində geyimimiz, bir də miniyimiz  dəyişib... Şüurumuz, savadımız elə rəhmətlik Sabir, Cəlil deyən səviyyədədir... Doğrudur, son illər müasir, yaraşıqlı  məktəblər tikilir,  ali məktəblərin maddi-texniki bazası müasirləşdirilir, gənc  müəllimlər işə yalnız imtahan edilməklə qəbul olunur. Ancaq bu il mümkün qədər asanlaşdırılmış buraxılış və qəbul imtahanları təhsilin səviyyəsini tam gerçək olmasa da, xeyli göstərdi...

 Bilik günündə  direktorlar, icra hakimiyyətlərinin və təhsil şöbələrinin işçiləri məktəblərdə şagird və valideynlər qarşısında təntənəli çıxışlar edərək təhsilimizin uğurlarından danışırlar, hamı da əl çalır, alqışlayır. Bəs həmin toplantıdan çıxıb elə məktəbin yanındakı küçəyə dönəndə gördüyümüz əndrəbadi yazılar: ”sasisqa”, “marojna”,  “silesar”, “ehtiyyat hissələri”(1-ci sözdə bir “y” yazılmalıdır”), “peraşqi” və s.  bizimki deyilmi? Hələ market, kafe, restoran və s. adlarının ana dilimizdə deyil, rus və ya ingiliscə yazılmasını demirəm. Deyək ki, küçələrdəki  səhv yazıların müəllifləri savadsızdı. Bəs rəsmi dövlət sənədlərində, dərsliklərdə,  dövlətin ayırdığı pul hesabına latın qrafikası ilə yenidən  çap edilmiş kitablardakı səhvləri kimlər edir?..  
Bu yaxınlarda bəyənmədiyimiz sovet dövründə bir qəzeti, jurnalı, kitabı oxuyanda sözlərin yazılışına, cümlələrdə durğu işarələrinə diqqət edirdim ki, orfoqrafiya qaydalarını unutmayım. Yəni o yazılardan öyrənirdik. Çünki tam arxayın idik ki, sovet mətbəələrində çox nadir hallarda səhv edilə bilər: bir kitabda uzaqbaşı bir-iki hərf səhvi buraxıla bilərdi, o  da  çapdan sonra çox vaxt nəşrin arxasına əlavə edilmiş düzəliş vərəqində göstərilərdi.  İndi isə bir sıra qəzet, jurnal və  kitablardakı səhvlərə rast gələrkən düşünürsən ki, bəlkə bu günədək əxz etdiyimiz qaydalar səhvdi...

Bu günlərdə əlimə içərisində rəsmi sənəd yazılmış bir kitabça keçdi. Adı belədir:”Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və mübahisələrə baxılması qaydaları”.  Üz qabığında başda  yazılıb:Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi... Uzun müddət redaktor, eyni zamanda müəllim işlədiyimdən haradasa bir yazı görən kimi qeyri-iradi onda səhv axtarıram... Kitabçanın yalnız 4-cü səhifəsində  5 kobud orfoqrafik səhvə rast gəldim. Məsələn, “təəssüf” əvəzinə “təəsüf”, “buna görə də” yerinə “buna görədə” və s.  Bu minvalla 16 səhifəlik, yaxud  8 vərəqlik bir rəsmi sənəddə düz 28 səhv tapdım.  Üstəlik hörmətli müəlliflər kitabçanın 7-8-ci səhifələrində əlifba sırasını da pozublar. Görəsən, bu nəşri hazırlayan və yoxlayanlar bilmirlər ki, “g” hərfindən sonra “ğ”, sonra “x” gəlir. Yaxud “x”dən sonra “l” yox, “ı” gəlir. Bu, əsl mənada biabırçılıqdır.  Təhsil işçiləri ilə bağlı ciddi bir qurumun – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, iqtisad elmləri doktoru, professor, millət vəkili Səttar Mehbalıyevin və onun I müavini, tarix elmləri namizədi, dosent, əməkdar müəllim Hümbət Nağıyevin rəhbərliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının hüquq şöbəsinin müdiri Leyla Acalovanın və ATİAHİ-nin Respublika Komitəsinin hüquqşünası Zəfər Məmmədovun  buraxılışa məsulluğu və “Təhsil işçisi” qəzetinin baş redaktoru Nəsimi Cəfərlinin redaktorluğu ilə nəşr edilərək təhsil müəssisələrinə, ali və orta məktəblərə göndərilmiş  12 min tirajlıq bir rəsmi sənəddə bu qədər səhvə yol verilməsi həmin insanların  bilik və savadının, eləcə də  dilimizə, yazımıza münasibətlərinin göstəricisi olmaqla ciddi rüsvayçılıqdır... Daha bunu gizlətmək, malalamaq mümkün deyil. Həmin səhvlərin çoxunu orta məktəbi həqiqi “3”lə bitirmiş bir uşaq da görə bilər...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı