Modern.az

Könlü pul istəyən treninqə getməlidir-PARTİYALAR 2013-Ə HAZIRLAŞIR

Könlü pul istəyən treninqə getməlidir-PARTİYALAR 2013-Ə HAZIRLAŞIR

Ülke

15 Dekabr 2012, 10:36

“Siyasi partiyalar üçün treninqlər növbəti ilin əvvəlində keçiriləcək”. Bunu Modern.az-a açıqlamasında Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib. “Məlum olduğu kimi, “Mühasibat uçotu haqqında” Qanuna uyğun olaraq, siyasi partiyalar illik hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim olunmalıdır. Treninqlərdə siyasi partiyaların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları iştirak edəcək. Bu treninqlər Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində təşkil olunacaq. Təlimlərdə siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə qaydası barədə lazımi təlimatlar və şərhlər veriləcək”.

Qeyd edək ki, treninqlər 2013-cü ildən dövlət büdcəsindən maliyyə yardımı alacaq partiyalar üçün nəzərdə tutulub. Maraqlıdır, bəs indinin özündə partiyalarda maliyyə hesabatlarını kim hazırlayır?

Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirdi ki, maliyyə hesabatlarını təqdim etmək üçün maliyyə üzrə müavin və mühasibatlıq fəaliyyət göstərir. “Treninqə gəlincə, bu iki şəxsdən birinin orda iştirakı gözlənilir”.

Ümid Partiyası sədrinin mətbuat məsələləri üzrə müavini Şəbnəm Karslı bildirib ki, treninqdə partiyanın baş mühasibi iştirak edəcək. Eyni zamanda maliyyə hesabatını da həmin şəxs təqdim edəcək.

Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli qeyd etdi ki, hesabatı partiyanın baş mühasibi Tağı Yusubov verəcək və treninqdə onun iştirakı gözlənilir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə hələlik belə bir təklif almadıqlarını deyir. O, təklif alacaqları təqdirdə treninqdə partiyanın maliyyə işləri üzrə məsul şəxsinin iştirak edəcəyini vurğulayıb.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı