Qəribə zaman tunelinin içindəyik. Seçki gərginliyi cəmiyyətin alt qatlarına qədər yayılmasa da, seçki şousu hamını əhatə edə bildi. Öz taleyinə kənardan tamaşaya baxırmış kimi yanaşan əksəriyyətin bayağılıqdan necə zövq aldığını adicə təmaslardan hiss edə bilərsən. Çoxluq daha çox bəyəndiyi təlxəklik və gülüş yaradan hərəkətlərin içində siyasətin ciddiliyinin necə itdiyinin fərqində deyil.
Müşahidələr onu göstərir ki, Azərbaycan qadınlarının xeyli hissəsi hansısa ulduz sayılan qadın müğənninin yarıçılpaq geyimi, tam çılpaq ifadəsi və ya davranışını açıq şəkildə qınamağı cəmiyyət içində xoşlasalar da, fürsət düşdükcə eyni müğənninin mətbəxindən tutmuş geyiminə, hətta gecə həyatına qədər mənasız epizodları həvəslə izləməyə üstünlük verirlər. Demək ki, efirdən çoxlarının əxlaqsızlıq kimi anlaşılan davranışları cəmiyyət içində mühakimə etməyinə rəğmən, mövzunu gündəlik söhbət menyusunda başa çıxaranlar, hər halda, bu bayağılığa hansısa ölçüdə özlərini uyğunlaşdırmış olurlar. Bayağılığı, amorallığı tirajlayanların özlərinin də içində bu elementlərin yatdığını hiss etməyə bilmirsən. Fikrimi kəsə olaraq söyləməliyəm - bir prezidentliyə namizədin müsahibə verərkən, debatda iştirak edərkən siyasi opponent hesab etdiyi şəxslərdən birinin ailəsi haqqında amoral üslubda böhtan xarakterli sözləri və əxlaqsız ifadələri sözün bütün mənasında namussuzluqdursa, bunun bir televiziya kanalında yayınlayıb hamıya tirajlanandan sonra ortadan qaldırılması da ən azı tərbiyəsizlikdir.
Peşəni, siyasi statusu bir tərəfə buraxın, siyasətdə rəqib hesab etdiyiniz hər kəsə qarşı yalnız onun ictimai-siyasi fəaliyyəti hədəf seçilə bilər, onun ailə həyatına, övladlarına qarşı əxlaqsız davranışlara kimsənin rəvac verməyə haqqı yoxdur. Seçkilər bitəcək, siyasi gərginliklər azalacaq, ancaq bu namussuzluqlar, tərbiyəsizliklər cəmiyyətin şüuraltında təmizlənməsi mümkün olmayan çirkab yığını qoyub gedəcək. Məhz bu anormal mühitin içində yer aldığımızı düşünərək bizə ara-sıra müraciət edənlərin məntiqini anlamaqda çətinlik çəkmirsən.
Prezident seçkiləri ilə əlaqədar keçirilən debatların təsiri altında deyirlər ki, yaxşı ki, siz bu kampaniyanın içində deyilsiniz. Adamlar hələ də hansı məkanda olmaqla, kiminlə yanaşı durmaqla, iqtidar və ya müxalifət arasında məsafə ölçüsünü müəyyənləşdirməklə insana dəyər vermə alışqanlığındadırlar. Şəxsiyyət faktorunun cinah faktorunun içində çözülməsinin fəsadıdır ki, kimin cəmiyyət üçün faydalı olduğunu illərdir çözə bilməyən bir canlı yığın var. Hətta hansısa televiziya proqramında çıxanda ən çox eşitdiyim irada da artıq heyrətlənmirəm: “Problemi yaxşı izah etdin, ancaq gərək filankəslə yanaşı çıxmayaydın”.
Anlaşılan sadə yolla izah edirsən ki, televiziyanın sahibi mən deyiləm, sözün sahibi mənəm, kimi çağırmaq və ya çağırmamaq işinə mən qarışa bilmərəm ki... Sabah əyni məntiqlə filankəslə bir binada nahaq yaşayırsan, filankəslə məsciddə çiyin-çiyinə nahaq namaz qılırsan, filankəslə nahaq futbol oynayırsan və s. gəlir. Yeri gəlmişkən, bir dəfə guya özünü dürüstlük simvolu hesab edən tanıdıqlarımın biri hansısa yazımı tərifləyəndən sonra ənənəvi ittihamını irəli sürdü: "Ancaq siz də saxta parlamentdə təmsil olunursunuz". Çox soyuqqanlı şəkildə sual etdim: "Mən Azərbaycanda yaşayıram. Hansı mümkün müstəvi varsa, oradan öz görüşlərimi, siyasi baxışlarımı insanlara çatdırmaq, doğru bildiklərimi iqtidarın, müxalifətin, qaragüruhçunun, dindarın, dinsizin necə qarşılayacağına əhəmiyyət vermədən doğru gələcəyimiz naminə insanlara çatdırmağı əsas borcum hesab edirəm. O saxta hesab etdiyiniz parlamentdə hansısa saxta, obyektivlikdən uzaq bir ifadəmi tapıb göstərə bilərsinizmi? Ancaq siz əlillik təqaüdü alırsınız və mən dəqiq bilirəm ki, onu saxta yolla düzəltmisiniz".
Budur əsl səmimiyyətsizlik! Elə bir duruma gəlmişik ki, həyatı, sənədləri saxtakarlıq içində olanların səsi bizim cəmiyyətdə təəssüf ki, hamıdan uca çıxır. Nə var ki, özlərini əzilən, yazıq, dürüst göstərən cinahın içində təsəvvür edərək, başqalarına ittiham irəli sürmək haqqını mənimsəyirlər.
Günün epizodlarında çox vaxt haqlı olmaq, Haqq yolunda olmaq anlamına gəlməz. Əlbəttə, günün narazılıq simptomlarını çılpaq şəkildə dilə gətirib cəmiyyətin keçici duyğularını ovsunlayan müxalifətçilikdən imtina etdiyimə görə hər gün Allahıma şükürlər edirəm. Baxmayaraq ki, o zaman Qorxuya qarşı mübarizə apardığım kimi, bu gün də həm Qorxunun, həm də Küyün içindən insanımızın qurtulması üçün bütün mümkün imkanlardan eyni səmimiyyətlə istifadə edirəm. Və əminəm ki, Azərbaycanın gələcəyi üçün keçici emosiyaların müxalifətçiliyi deyil, qalıcı ağlın müxalifətçiliyi fayda verəcək. Haqlı görünənlərin deyil, Haqq yolunda olanların müxalifətçiliyi cəmiyyətimizin mahiyyətini, düşüncə sistemini dəyişəcək.
İllərdir Azərbaycanda seçkilərin gedişində əslində çoxluğun yuvarlandığı iki cinah var: Qorxu cinahı və Küy cinahı. Birincilərin səsinin yönəldiyi ünvan güc sahibi olan iqtidar, ikincilərin səsinin yönəldiyi ünvan əsasən narazıların razı qaldığı müxalifətdir. Boş qalan bir cinah var: Ağıl cinahı, İman cinahı. Bu cinahı hələlik boş görüb ümidsizləşməyin. Səbirlə dolduracağıq. Düşünən insanlarla birlikdə...