AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə doktoru
Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə ən çox diqqət yetirdiyi məsələlərdən biri də Sovet Rusiyasının işğalçılıq siyasətinin, o cümlədən bolşevizm «demokratiyası»nın tənqidi və buna, yəni kommunist və faşist rejimlərinə qarşı qoyduğu milli təsanüd-milli həmrəylik ideyası olmuşdur.
1920-ci illərin ortalarında qələmə aldığı «Rusiyada siyasi vəziyyət», «Bolşeviklərin Şərq siyasəti» və b. əsərlərində M.Ə.Rəsulzadə Sovet Rusiyasında baş verən prosesləri diqqətlə izləyir, imperiyadakı «demokratiya» və «sosializm»in iç üzünü açıb göstərməkdə davam edirdi. Eyni zamanda əsil sosial-demokrat ideyası ilə, sovetlərin «sosial-demokrat»iyası arasındakı fərqləri ortaya qoyurdu. M.Ə.Rəsulzadə qeyd edirdi ki, sovetlərin qondarma «demokratiya» və «sosializm» təbliğatı artıq qeyri-rus millətləri arasında özünə yer tapmır. Buna səbəb isə bolşeviklərin sözləri ilə əməllərinin üst-üstə düşməməsidir. Belə ki, Vilson prinsiplərində xüsusi mövqe tutan «millətlərin öz müqəddəratlarını həlli səlahiyyətdar olduqları» şüarını bolşeviklər öz məqsədləri üçün istifadə etmişdir. Rəsulzadə yazır: «Onların nəzərində bu şüar təqib etdikləri məqsəd uğrunda istifadə etdikləri silahlardan biridir. Digər təbirlə, bu məsələ onlar üçün heç bir zaman bir məqsəd deyil, sadə bir vasitə və alət rolunu oynamışdır».
M.Ə.Rəsulzadə yazırdı ki, halbuki bolşeviklərin lideri Lenin 1917-ci il oktyabr inqilabına qədər və inqilabın ilk dövrlərində özü də, hər bir millətin ayrı yaşamaq hüququnun olduğunu irəli sürmüşdü. Ancaq bolşeviklər Leninin bu formulunu «mərama müvafiq olarsa» qeydi ilə qəbul etmişlər: «Yəni demək istəmişlər ki, «bəli bir millət dövlətdən ayrılmaya belə haqlıdır. Yalnız bir şərtlə ki, bu ayrılma mərama müvafiq olsun». Mərama müvafiq olan ayrılmanın təqdiri isə bolşevik firqəsinə aiddir. Sonralar «bu təqdir»in miqyası da təyin olundu. «Təyini-müqəddərat» haqqı bir millətin ümumi heyətinə deyil, ancaq o millətin «proletariat» sinfinə məxsus olundu».

M.Ə.Rəsulzadə yazır ki, bolşeviklərin milliyyət məsələsində fəaliyyət proqramı kimi qəbul etdiyi bu tezisə görə, guya sovet federalizmi isə müvvəqətidir, ittifaqı təşkil edən üzvlərin hansı istərsə ittifaqı tərk etmək haqqına malikdir: «Ancaq bu xəyali bir istiqlal idi. «Sovetlər ittifaqı» təşkilati-əsasiyyəsi - ölkə ruslar tərəfindən birmənalı şəkildə idarə olunur. MİK «ittifaq şurası» və «millətlər şurası» rusların əlindədir. O birisi cümhuriyyətlərin heç bir səlahiyyəti yoxdur. Sovet federasiyonunu təşkil edən cümhuriyyətlərin yalnız adı cümhuriyyətdir». Sözdə müstəqilliyin bolşeviklər üçün bəhanə olduğunu göstərən Rəsulzadə yazır ki, «rəsmən «sovet hökuməti» ünvanını daşıyan bir hökumət adı ilə idarə olunur ki, hüquqən «zəhmətkeşlər» tərəfindən seçilən əsaslara istinad edər. Halbuki, həqiqətdə tamamilə kommunist firqəsinə və bu firqənin başında duran məhdud diktatorlar zümrəsinə məhkum və tabedir».
Bütövlükdə, bolşeviklərin Şərq siyasətini Rəsulzadə, belə dəyərləndirirdi: «Rus «Lafonten»i məşhur Krılovun «istifadə edə bilmədiyimizi hədiyyə edirik»- deyə bir misrası vardır. Bolşeviklərin Şərq məmləkətləri haqqındakı comərdlikləri də bu yöndəndir. Əlləri çatmadıqlarını hədiyyə edirlər… Bu, parlaq manevr idi. Manevrə idi-deyirik, çünki manevrə olmayıb da Sovet hökumətinin Şərqdəki qonşuları ilə dostluğu həqiqi və hər cürə istismar iştihasından ari həqiqətpərvaranə bir əsasə istinad etmiş olsaydı o zaman biz aradakı siyasi razılıq və uyğunluğa baxmayaraq, Şərq millətləri ilə Sovet arasında sənələrcə davam edən və hələ də bir cürə zəll edilməyən iqtsadi ixtilaflarla ticarət mübarizələrinə şahid olmazdıq».
M.Ə.Rəsulzadə qeyd edirdi ki, sovet istilası milli mədəniyyətin irəliləməsi üçün də əngəllər törətmişdi. Belə ki, milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbrlə yanaşsa da, sonra ona beynəlmiləl proletar məzmunu verməyə çalışmışdı: «Lakin Sovet işğal hökuməti Milli Azərbaycan ruhunu çürütmək və burada «proletkult» deyilən bir mədəniyyət yaratmaq sahəsində sərf etdiyi əməklərinə müvəffəq ola bilmir, bu iş üçün özünə lazım olan vasitələrə malik deyildi. Ədəbiyyat əski ustaların əlində idi. Görünüşdə mövcud vəziyyətə uyğun olaraq, yeni hökumətin bəzən sərtliyini, bəzən də diplomatca yumşaqlığını dadan bu yazıçılar öz çətin və ağır işləri ilə məşğul idilər».
Onun fikrincə, bütün bunlara baxmayaraq, milli ruha söykənən Azərbaycan-türk mədəniyyəti uzun müddət beynəlmiləl sovet ədəbiyyatına qarşı uğurla mübarizə aparmışdır. M.Ə.Rəsulzadə buna nümunə kimi, milli mədəniyyəti təmsil edən H.Cavid, Ə.Cavad, Ə.Abid və başqalarını göstərmişdi.M.Ə.Rəsulzadə kommunizmə və faşizmə qarşı qoyduğu milli təsanüd ideyasını isə 1930-1940-cı illərdə irəli sürmüşdü. Rəsulzadə mümkün qədər çalışırdı ki, dini və milli dəyərləri, sosial-demokrat və liberal dəyərlərlə uzlaşdırsın. Rəsulzadə 1937-ci ildə «Müsavat» bülletenində nəşr olunan «Milli mücadilədə sosial şüarlar» məqaləsində «milli dava və sosial məsələ» ilə bağlı yazır: «Bir kərə «millət»in özü ictimai, yəni sosial bir anlamdır. Milli dava dəxi, əhatəli və ötkün bir baxışla, sosial bir davadır. Bir millət nə zaman müstəqil olur və bu istiqlalı nə üçün istəyir? Bu suallara cavab aradığımız zaman milli istiqlal davası ilə sosial məsələlər arasında ayrılıq deyil, dərin bir bağlılıq olduğunu görürük. Bir millətin dışarıya qarşı həqiqi istiqlalı, içəridəki milli hakimiyyətinin həqiqiliyi ilə mütənasibdir. Dövlətlər arasındakı «milli istiqlal» anlamının bir dövlət içindəki qarşılığı, «milli hakimiyyət» sözündəki mənadır».
Onun fikrincə, hürriyyət, milliyyət və istiqlal kimi mücərrəd siyasi şüarlar, münəvvər kütləyə xitab edən və onları inqilablaşdıran anlamlardır. Çünki geniş xalq təbəqələrini ayaqlandırmaq üçün, sadə şüarlar kafi deyildir. Onlar hərəkətə keçmək üçün, daha maddi və daha aydın şüarlar istər. Rəsulzadə yazır: «Sosial şüarların xalq kütlələrini ayaqlandırmaqda siyasi şüarlardan daha mühüm rol oynadığı hərb sonu hadisələrində bilxassə görülmüşdür. Kütlənin sadə sosial şüarlar və ancaq maddi mənfəətlər sövqi ilə hərəkətə gətirilərək inqilablaşdırıla biləcəyini xeylicə hesaba alan inqilabçı marksizm taktikasına əsas olaraq, sinif mücadiləsini və internasyonal sosializm almışdır. Eyni məktəbin məhsulu və məmləkətimizin bugünkü müstəvisi bulunan bolşevizm dəxi-məlum olduğu üzrə-eyni məktəbin şagirdi və eyni taktikanın sahibidir. Onunca əsas, siniflər və onlar arasındakı mücadilədir. Bu isə milli deyil, beynəlmiləl bir işdir».
M.Ə.Rəsulzadə qeyd edirdi ki, bolşeviklərdən fərqli olaraq İtaliyada Mussolin, Almaniyada isə Hitler sosial şüarlardan milli mənfəətlər üçün istifadə edir. Bolşeviklər sosial şüarlarını beynəlmiləl proletar sinfi uğrunda mübarizə adı ilə təqdim etdikləri halda, Mussolin və Hitler isə, bütün bunları milli şüarlar kimi qələmə verirlər. M.Ə.Rəsulzadənin fikrincə, bolşevizm olmasaydı İtaliya və Almaniyada faşizm bu dərəcədə uğur qazanmazdı. Yəni rus bolşevizmi təhlükəsi İtaliya və Almaniyada millətçiliyn radikal şəkildə ortaya çıxmasına səbəb olmuşdur. Rəsulzadə rus bolşevizmi kimi, bu formada özünü göstərən millətçiliyi-faşizmi də qəbul etmirdi.
«Milli dava və sosial məsələ» problemindən çıxış yolu kimi milli təsanüdü qəbul edən Rəsulzadə yazırdı ki, Cümhuriyyət dövründə bu məsələlər arasında uzlaşmanın yaranmamasının bir sıra səbəbləri olmuşdur: «O zaman bir tərəfdən liberalizm, digər tərəfdən də internasyonal sosializm cərəyanlarının zamana hakim təsirlərinə rəğmən, milliyyətçi qalmağı bacaran «Müsavat» üçün indiki ümumi ruhdan mülhəm olaraq, daha milli bir siyasət də daha təsanüdçü sosial bir sistem təsbit etmək qeyri mümkün idi!…». Bu baxımdan 1930-cu illərdə «Müsavat»ın proqramına sosial məsələlərlə bağlı bir sıra dəyişikliklərin edildiyini önə çəkən Rəsulzadə yazırdı ki, bu milli həmrəylik anlayışıdır. Onun fikrincə, yalnız milli təsanüdçülük demokratik dövlətin əsas ideologiyası ola bilər. Bu zaman nə liberalizmə, nə də bolşevizmə ehtiyac qalacaq. Burada əsas məsələ milli çərçivə daxilində sosial məsələləri həll etmək cəhdidir. Şübhəsiz ki, bu zaman kommunizmin doğurduğu bolşevizm və s. kimi bəlaları özündən uzaq tutmaqla yanaşı, milli təsanüdçülük kapitalizmin də mənfi tərəflərini rədd edirdi: «Milli istiqlal mücadiləsinin müvəffəqiyyəti və onun bir kütlə hərəkəti olaraq, şumulluluğu üçün milliyyətçilərə sosial məsələlərlə məşğul olmaq zərurət və bu məsələləri milli davanın faydası namına həll etmək isə borcdur! Sadə istiqlal şüarı məmləkətin geniş xalq kütlələrini toplayaraq mücadiləyə çəkmək üçün kafi deyildir. Uğrunda mücadilə edilən «istiqlalın» daşıdığı sosial mənanı da açmalıdır ki, milli hərəkat düşmənlərinə kütləyi şaşırtmaq üçün demaqogiyasına imkan qalmasın!…».
M.Ə.Rəsulzadə hesab edirdi ki, sosial məsələni milli məsələnin bir hissəsinə çevirməklə bolşevikləri sıradan çıxarmaq mümkündür. Bu baxımdan onun əsas məqsədi sosial məsələnin millətçiliyə zidd olmadığını sübut etmək idi: «Doğrudur- milliyyət şüarı toplar. Fəqət, sosial şüarların da toplayıcıları yox deyildir. Ayırıcı sosial şüarlar sinif mücadiləsini tərvic edən kosmopolit, internasyonal marksist sistemindən doğan şüarlardır. Yoxsa, sinifləri vuruşdurmağa deyil, barışdırmağa baxan təsanüdçü (solidarist) sosial sistemindən gələn şüarlar ayırmaz, toplar və bu surətlə də milli istiqlal anlamı ilə təzad deyil, tam bir ahəng təşkil edərlər!… Düşmənimiz bolşevizm üçün milliyyət, keçici bir taktika məsələsi isə, bizim üçün sosial islahat heç də öylə deyildir. Bu, öz başına təsanüdlü və məsud bir varlıq təsəvvür etdiyimiz ahəngdar milli cəmiyyətin həm davamı, həm də istiqlalının təmini üçün zəruri və daimi bir qayədir!…».
M.Ə.Rəsulzadənin milli təsanüd ideyası, milli məsələ ilə sosial məsələnin kəsişdiyi bir nöqtə idi. O, bu ideyanı irəli sürməklə sübut etmək istəyirdi ki, sosial məsələləri milli məsələlərə qarşı qoymağın heç bir mənası yoxdur. Rəsulzadə sosial məsələlərin milli məsələlərə zidd olmadığını, əksinə, onunla bağlı olduğuna inanırdı. Beləliklə, milli ideoloq əsas fikirlərini milli məsələ ilə sosial məsələnin təsanüdünə, yəni onların həmrəyliyinə yönəltmişdir. Mühacirət dövründə Rəsulzadənin milli ideyaya, o cümlədən milli həmrəylik fəlsəfəsinə sonsuz dərəcədə inaması bir daha göstərir ki, o bir milli ideoloq kimi Azərbaycan Cümhuriyyətinin memarıdır. Elə bir memar ki, Rəsulzadənin ideyaları ilə yaranmış Azərbaycan Cümhuriyyətinin rəhbərləri və xalqı, onun irəli sürdüyü prinsipləri, amalları əldə əsas tutarlarsa, bu dövlət əbədiyyən yaşamaq gücünə malikdir. Biz Azərbaycan türkləri, Azərbaycan xalqı bütün bunlara, o cümlədən müstəqil Azərbaycan Cümhuriyyəti və üç rəngli bayrağın varlığına görə M.Ə.Rəsulzadə dühasına borcluyuq.