Modern.az

Son siyasi qalanın çöküşü

Son siyasi qalanın çöküşü

Ülke

21 Noyabr 2014, 10:55

Əslində bu gün Müsavat Partiyasının daxilində kritik həddə çatan proseslərə bir qədər emosional tonda əhəmiyyət verməmək də olardı. Ona görə ki, hakimiyyət mübarizəsində,  səbəbi  nə olur-olsun, müzəffər yürüşlər əldə etməyən, özünün kadr potensialına güvən yarada bilməyən müxalifətin ictimai nüfuzu artıq əski vaxtlardakı kimi olmadığından, bu düşərgədə baş verənlər o qədər də maraqlı görünmür.     

Başqa tərəfdən də, müxalif spektrin əsas təmsilçisi olan Müsavatın  içərisində kök atan problemlər ictimai ilgini çəkməyə bilmir, çünki bu partiya Azərbaycanda demokratik  təsisatın ən vacib qanadlarından biri, qutsal irsin  əsas davamçısı kimi çıxış edir.  Hələ üstəlik,  bu da var ki, cəmiyyətin ehtiyac duyduğu yeni siyasi institutların təvəllüd vaxtı, cəmiyyətə fayda gətirməli ideyalar vakumunun aradan qalxması qeyri-müəyyənliyə qədər gecikir, toplumu təsəlli edən fərasətli, uğurlara qabil siyasi simalar, mərkəzlər üfüqdə də görünmür,  bu cəhətdən demokratiyanın inkişafı üçün zəif olsa da belə, mövcud siyasi institutların ayaq üstə dayanması vacib şərtdir və Müsavatı çokdürən ziddiyyətləri kənardan məhz bu baxımdan da maraqla izləməmək mümkün deyil.

Başqa bir səbəb: 20 ildən artıq müddətdə başlayan istiqlal və demokratiya hərəkatının meydana çıxardığı üç siyasi mübarizə qalasından (AXCP, Müsavat, AMİP)  bölünməyən, çökməyən  sonuncu  siyasi qala Müsavatdır. Onun ən ciddi çöküşü prosesi məhz indi başlayıb; istəsən də bu siyasi dramın  tamaşaçısına çevrilməyə bilmirsən.    

Müsavatdakı mübarizənin adı ideoloji dava olsaydı, partiya bu şəkildə paramparça edilməzdi. Çünki 1990-cı  illərin ortalarında ideoloyi müstəvidə Niyazi Mehdi, Hikmət Hacızadə, Nəsib Nəsibli və qeyrilərinin simasında yaranan ziddiyyətlər Müsavatın monolitliyini şübhə altına salmadı, əksinə,  dartışmalar partiyanın inkişafına xidmət etdi.  

Fikir toqquşmaları o zamanlarda niyə istefa, daxili qiyam, fraksiyaçılıq, başqana qarşı müxalifətçilik meyllərini təzahür etdirmədi? Çünki bu mübahisələr şəxsi dünyagörüş, subyektiv  düşüncələrdən doğsa da, fərdi maraqlara, primitiv bəhanələrə, hansısa gizli planlara bağlanmırdı. Bu ziddiyyətlərdən cəmiyyətə mesaj verilmirdi. Ortaq məxrəc üçün kompromis tapılırdı; tək maraq Müsavat partiyasının gələcəyini düzgün rels üzərində qurmaqdan ibarət  idi.

Bəs çağdaş problemlər? Ortaya siyasi tapmacalar qoyulsa da, burada, heç də göründüyü kimi, daxili demokratiya davası getmir; proseslərin alt qatında, həm siyasi kurs davası, həm mühafizəkarlıqla islahatçılığın toqquşması, həm də şəxsi dava- yəni,  münasibətlərdə bir-birini qəbuletməzlik kimi  kifayət qədər məsələlər   var.  

İsa Qəmbər olmayan yerdə siyasi kurs davasının, ayrı-ayrı baxışlar sisteminin toqquşması, eləcə də bir-birinə olan anti-patiyanın təzahürü rahat baş verdi. İsa Qəmbər olan yerdə isə bu əhval-ruhiyyə boğulur, opponentə çevrilmək planları təxirə düşürdü.  Elçibəylə müqayisədə onun şansı bir şeydə gətirdi ki,  partiyaiçi qiyam ssenarisini başqanlığı müddətində yaşamadı. Yoxsa bu, İsa Qəmbərin siyasi səriştəsizliyi, bir komandanı idarə edə bilməməsi, birləşdirici lider keyfiyyətlərini itirməsi  kimi yozumlar qazanacaq idi.


Sabiq başqan baş verən proseslərdə kənardan  senzorluğunu saxlasa da, münaqişəni yatızdıracaq, səsini yüksəldənləri razı salacaq  heç bir imkana sahib deyil; onun distansiyanı qoruması başadüşüləndir və ondan müdaxilə umanlar bunun mənasızlığına niyəsə varmaq istəmirlər. Axı söhbət Qubad İbadoğlunun düşüncələrinin öz məcrasından çıxaraq Müsavat daxilində artıq ciddi fövqəladə hadisə yaratmasından və bu hadisələrin idarəolunmaz bir səviyyəyə gəlib çatmasından gedir! Hadisələrə  qarşı  Arif Hacılının əl atdığı metodlar İsa Qəmbərin üstünlük verəcəyi metodlardan heç də kəskini deyil. Çünki  qarmaqarışıqlıq yaratmış sitiuasiyada ən təmkinli, ən dözümlü rəhbərin belə, liberal olması asan deyil. Amiranə qərarlara təkan verən, sərtliyi artıran Müsavat partiyasının qeyri-müəyyənliyə sarı dartılması, ixtilafın yaranmasını stimullaşdıran qaranlıq məsələlərdir.  

Partiyada bölünmüş tərəflər bir-birinin qarşısında sanki müsəlləh bir əsgər kimi dayanıb. Qurultayın nəticələrindəki çox cüzi fərqdən elə bir giley yaradıldı ki, əslində demokratiyanın azacıq axsaması (çünki Qubad İbadoğlu qurultayın nəticələrini tam qeyri-demokratik adlandırmır-müəl.)  bu qədər böyük bir həngaməyə gətirib çıxarmamalıydı. Nəzakətli bir üsyan gözlənilirdi, çünki Qubad İbadoğluya da yaraşan bu olardı. Narazılar kəsimi, öz dəlillərində səmimi idisə, tənqidlərlə nə baş verdiyinə diqqət yaradıb, haqlı obrazlarını möhkəmlətməklə, Müsavat adına bədxahlıq olmadan  siyasi  fəaliyyətə davam edə bilərdi.  Ya da söhbət demokratik prinsiplərə qəsd kimi böyük suçdan gedirsə, yaxud yeni başqanın fizionomiyası xoşa gəlmirsə, hər gün qarşılaşmamaq, siyasi ab-havasında boğulduğu təşkilatın içindən qopmaq daha məqbul yol olardı.  Bu yolu köhnə qvardiyanın təmsilçiləri seçir. Qurultayın nəticələrinə tolerant olmayanlarsa, prosesi Müsavatı iki yerə böləcək növbədənkənar qurultay mərhələsinə qədər aparıb çıxarmağa  maraqlı görünürlər.  

Sırf partiyanın mənafeyinə xidmət edən bütün məsələlərin çözüm formulu var, əgər doğrudan da söhbət Müsavatçılıq prinsiplərindən, təşkilatın maraqlarından gedirsə. Və bu formul daxili masalarda daha operativ, daha rasional şəkildə tapılıb həll edildiyi halda, heç bir tərəf yaranmış ziddiyyətləri bağlı qapılar arxasına, masalar üzərinə çəkib gətirməyə təşəbbüs göstərmir. Hansı səbəbdən? O səbəbdən ki, ortada sırf partiyanın mənafeyi sarıdan aparılan mübarizə yoxdur; tərəflərdən biri xudbincəsinə Müsavat üzərində hakimiyyətin qazanılması, onun yeni təmayülünün cızılması davasını, digər tərəfsə, Müsavatdakı hakimiyyətini itirməmək, onu başqa əllərə verməmək  mübarizəsini yürüdür. 

Qubad İbadoğlu cinahı partiyanın radikal imicini dəyişib, Müsavatı hakimiyyətlə barışığa gətirən, bununla da müsavatçıların çətin müxalifətçilik missiyasını yüngülləşdirən  bir təşkilata çevirmək planları istiqamətində partiyadaxili qiyamını davam etdirir. Arif Hacılı cinahı ənənəvi konservatorluğunda qalaraq, Müsavatı yad strategiyanın, yeni idarəçilik metodologiyasının öhdəsinə buraxmamaq üçün demokratiyanı, fikir plüralizmini tapdalamış görünən addımlar atır.

Əslində bəsirət gözü ilə baxanda, hər iki tərəfə haqq vermək də olur. Müxalifətçilik susuz səhralarda, qumsallıq üzərində uzun bir yolçuluğa bənzəyir və bu yolçuluq partiyanın köhnə qvardiyasını tam taqətdən salıb, yolun davamından uzaqlaşdırır. Vaxtilə tanınmış simalarla dolmuş Müsavat partiyası, illərdir boşalır və bu boşalmanın tək səbəbi müxalifətin qarşısında açılmayan perspektivlər, paralel olaraq, hədər gedən insan enerjisi, insan ömrüdür. Müsavatçılar hakimiyyətdən çox şey deyil, ali məktəb auditoriyasında müəllimlik etmək qədər kiçik bir istəyə kimi sınmış, boş müxalifətçiliyə dözüm limitini itirmiş bir hala düşüblər.  Qubad İbadoğlunun davası, baxmayaraq ki, partiyanın nüfuzu zərbə alacaq, çəkisi aşağı düşəcək, Müsavatı hakimiyyətin  liberal opponentinə çevirməklə, içi özüqarışıq  siyasi mübarizədə beli bükülmüş insanların qarşısına yaşıl işığın zərrələrini qoya bilməkdən keçir. Arif Hacılı cinahının mübarizəsi -bu cinahda İsa Qəmbər də var- bir yaşıl işığa partiyanın iyirmi iki illik  kursunu güdaza verməmək dirənişi aparır.

Beləcə, mənafelər müxtəlifliyi Müsavat partiyasındakı ixtilafların çözüm formulunun tapılmasını çətinləşdirir. Odur ki, məsələ bu proseslərin finalında partiyada sonuncu mogikanın kim olacağı deyil. Məsələ odur ki, proseslər istiqlal və demokratiya mübarizəsinin qalası kimi qurulmuş AMİP, AXCP-nin ardınca, Müsavat qalasının da büsbütün çöküşünə doğru gedir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı