Modern.az

Yerin altında reklam “azarı”

Yerin altında reklam “azarı”

Ülke

7 Sentyabr 2010, 11:47

Bəli, bəli səhv oxumadınız məhz reklam “azarı”, mən istəyirdim “bazarı” yazam, ancaq neə oldusa, “azarı” yazdım. Dedim eybi yox, yazını başa çatdırım, sonra düzəldərəm. Yazının sonunda isə gördüm elə “azarı” daha düz gəlir. Yəqin ki, oxucular oxuyanda özləri də bu qənaətə gələcəklər...

Keçək mətləbə, məlumdur ki, hər gün milyonlarla insan metrodan istifadə etdiyi üçün yerin altında reklamlar çox effektli olur. Bu səbəbdən metroların içi al-əlvan reklam plakatları ilə doludur. Lakin, görünür plakatlar reklamçıların iştahasını tam ödəyə bilmədiyi üçün, son vaxtlar  metro qatarlarının bəzilərində səsli reklam monitorları da bütün gücü ilə işə salınıb. Mənası latıncadan “qışqırmaq” olan reklamı, sözün həqiqi mənasında vaqonların içində həm sağda, həm də solda asılmış monitorlardan elə çığırdırlar ki, az qalır adamın qulağı deşilsin. İsti bir tərəfdən, basabas bir tərəfdən, bar-bağıran reklamlar da digər tərəfdən, demək olar ki, insanların əsəbləri tarıma çəkilir. Xüsusən səhərlər işə gedən adamlar özlərini ruhən ağır iş gününə hazırladığı halda, bu reklamların çığır-bağırtısı onları lap hövsələdən çıxarır. Xırdaca qığılcım lazımdır ki, vaqonun içində sərnişinlər arasında bir qırğın başlasın ki, gəl-görəsən.

Hələ şükür etməli haldır ki, “reklam” qatarlarının sayı bu gün elə də çox deyil. Yenə hərdən adam işinə-gücünə başı sakit gedə bilir. Maraqlıdır ki, hazırda vaqonlarda qoyulmuş monitorlardan sağdakında bir reklam verilir, soldakında tamam başqa. Biri deyir həmdən-həmə, o biri  deyir dəmdən-dəmə. Monitora yaxın olan sərnişinlər bir istiqamətdən, ortada dayananlar isə hər iki tərəfdən emosional-psixiki səs hücumuna məruz qalırlar. Eşidirsən ki, sağ ekranda uşaq çığırır “Bura bizim  evimiz olsun!...”, sol ekrandan qışqırıq gəlir ki, “Pall süd! Pall süd!...”, sonra sağda deyilir  “Lider kolbasaları...”, soldan isə nərilti gəlir ki, “Lotereya alın! Lotereya alın! ...”. Daha sonra reklamlar monitorlar arasında yerlərini dəyişirlər. İndi soldan uşaq qışqırır, “Bura bizim  evimiz olsun!...”  sağdan çığırırlar “Pall süd! Pall süd!...” .  

Əvvəllər belə təsəvvür yaranırdı ki, metrolarda təzəcə başlayan bu səsli reklam kampaniyaları müvəqqəti olacaq, görərlər ki, camaata pis təsir edir, reklam çarxların dayandırarlar, ya da normal bir həddə qədər azaldarlar. Fəqət, düşündüyümüzün əksi olaraq səs-külü reklamların verilməsi gündən-günə daha da intensivləşir. Televizorlu qatarlarda reklam klipləri bir saniyə olsa da belə ara vermir. Üç-dörd reklam çarxını gah o yana fırladırlar, gah da bu yana. Düzü, yeniyetmə və cavanlar belə şeylərə çox da məhəl qoymurlar, bu səbəbdən ki, qatara minəndə onsuz da onların çoxunun qulağında  “nauşniklər” olur və özləri üçün musiqiyə qulaq asırlar. Lakin, nisbətən yaşlı adamlar və ahıl insanlar isə gileylənirlər ki, iradələrindən asılı olmayaraq onların dövlət ictimai nəqliyyatında fasiləsiz şəkildə kimlər tərəfindənsə belə reklamlara tamaşa etməyə və qulaq asmağa məcbur edilməsi vətəndaş hüquqlarına və reklam qanunlarına tamamilə ziddir. Təsəvvür edin bir dəfə metronun bu başından girib o başından çıxana adam ən aşağısı 20-30 dəfə eyni reklamları eşidir. İndi görün metronun daimi istifadəçiləri hər gün nə zülmlər çəkir? Buna yalnız “psixoloji zorakılıq” adı vermək olar. Belə çıxır ki, yerin altında gurultulu elanlar vermək reklamçılar üçün gəlirli bazara döndüyü halda, həmin reklamlar yüz minlərlə sərnişinin əsəblərini korlayan əsl azara çevrilir. Sərnişinlər deyirlər ki, əgər Metropoliten rəhbərliyi tezliklə reklamçıların yeraltı fəaliyyətində qayda-qanun yaratmasa, onda vətəndaşlar metroya girəndə özləri ilə qulaqlarına tıxamaq üçün bir bağlama pambıq da götürməli olacaqlar.   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı