Modern.az

Nazirliklərin "ayı ovu": iki ayda 20 əyripəncə müsadirə olunub

Nazirliklərin "ayı ovu": iki ayda 20 əyripəncə müsadirə olunub

Ölkə

21 Dekabr 2010, 10:05

Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə respublika ərazisində növbəti reydlər keçiriblər.
Bu dəfə Binəqədi rayonu ərazisində yerləşən istirahət mərkəzindən 1 ayı müsadirə olunub və həmin obyekt cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2010-cu ilin noyabr-dekabr aylarında ictimai iaşə obyektlərində qeyri-qanuni şəraitdə saxlanılan vəhşi heyvanların götürülməsi ilə əlaqədar keçirilən reydlər zamanı 20-dən artıq qonur ayı, onlarla məməli və quş növləri müsadirə olunub.

Heyvanlar baytar həkimlərinin nəzarəti altında tam müayinə olunaraq, reabilitasiya dövrü keçdikdən sonra yaşayış məntəqələrindən uzaqda yerləşən meşə ərazilərinə buraxılıb.
Hazırda 3 qonur ayı və 2 qartalkimilər fəsiləsinə aid quş Klinikada reabilitasiya keçir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi humanizm və vətəndaşlıq mövqeyini rəhbər tutaraq Klinikanın inzibati binasının tikintisini, onun ən müasir baytar avadanlıqları, eləcə də məməli heyvanların və quşların müvəqqəti saxlanılması üçün qəfəs və volyerlə təchiz edilməsini, həmçinin kadrlarla komplektləşdirilməsini öz məhdud büdcəsi hesabına həyata keçirib.
Nazirlik götürülən heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur. Nazirliyin büdcəsində isə belə məqsədlər üçün vəsait nəzərdə tutulmadığından Klinikada saxlanılan heyvanların qida ilə təmin olunması Nazirliyin daxili imkanları və əməkdaşlarının entuziazmı hesabına həyata keçirilir.

”Lakin təəssüflə qeyd etmək istərdik ki, ölkədə fəaliyyət göstərən QHT-lər başlanğıcda işçi heyətinin və ümumilikdə Klinikanın maliyyələşdirilməsinin beynəlxalq təşkilatların vəsaitləri hesabına həyata keçiriləcəyi barədə vədlər vermələrinə baxmayaraq, sonradan öz sözlərinə əməl etməyərək geri çəkilmişlər.
Böyük maliyyə çətinliklərinə və kadr çatışmazlığına baxmayaraq Klinika bu gün də öz humanist fəaliyyətini davam etdirir.
Bir sıra inkişaf etmiş ölkələrdə isə bu kimi klinikalar bir qayda olaraq dövlət tərəfindən deyil, qeyri-hökumət təşkilatları və bələdiyyə orqanları tərəfindən yaradılır. Bu baxımdan heyvanların reabilitasiyası ideyasına rəğbətlə yanaşan Azərbaycanda fəaliyyət göstərən xarici və yerli təşkilatların Kilinikaya istər texniki, istərsə də maddi yardım göstərməsi səmərəli nəticələrin əldə olunmasına imkan yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanları qəfəsdə saxlayan obyekt sahiblərinə cərimə tətbiq etməklə yanaşı, bundan sonra götürülmüş heyvanların reabilitasiya xərclərinin onlar tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görür, eyni zamanda mövcud qanunlarda müvafiq dəyişikliklər edilməsi üzərində iş aparır”-deyə nazirlikdən bildirlib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı